İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Qənizadə: “Prezident Türk dünyasında və Avropada böyük nüfuza malikdir”

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 gün ərzində işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın etməsi və 30 illik işğala son qoyması ölkəmizin dünya birliyindəki, eləcə də Türk dünyasındakı nüfuzunu getdikcə artırır. Postmüharibə dövründə dövlətimizin başçısının xarici səfərlərdə qalib ölkənin Prezidenti kimi qəbul edilməsi və respublikamızla əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artması da bundan xəbər verir. Xatırladaq ki, ötən il Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qərarı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması dövlətimizin başçısının nüfuzunun artmasının göstəricisidir. Bu ali mükafat Prezident İlham Əliyevə onun rəhbərliyi ilə Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə və ərazi bütövlüyünün bərpasını təmin edərək, türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülhə və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə verildi. Bu faktı bir daha xatırlatmaqda məqsəd Prezident İlham Əliyevin, eləcə də Azərbaycanın Türk dünyasındakı nüfuzunun xeyli artdığını göstərməkdir”.

Musavat.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Komitə sədri postmüharibə dövründə, xüsusilə, bu ilin dekabrında dövlətimizin başçısının xarici ölkələrə səfərlərini və bu zaman imzalanan sənədləri xatırladıb. Deyib ki, dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalandı. Bu görüş tarixdə Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşü kimi qaldı. Dövlətimizin başçısı Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında keçirilən görüşün önəmini vurğulayaraq dedi ki, belə görüşlər bundan sonra müntəzəm olaraq təşkil ediləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişafına böyük töhfə verəcək. Zirvə görüşü çərçivəsində mühüm əhəmiyyətli sənədlərin imzalanması ölkəmizin Türk dünyasındakı nüfuzunun artmasından xəbər verir.

Hüquq müdafiəçisi bir neçə gün əvvəl dövlətimizin başçısının Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərindən də söhbət açıb. Prezident İlham Əliyev səfər çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasda iştirakından söhbət açan Ç.Qənizadə deyib: “Belə sənədlər ölkəmizin beynəlxalq aləmdə reytinqinin getdikcə artmasından xəbər verir. Azərbaycan, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkələrdəndir. Təsadüfi deyil ki, bu gün dövlətimizin başçısı Avropada ən çox arzulanan şəxs hesab olunur. Bu, hər bir soydaşımızı qürurlandırır. Xatırladım ki, bu il oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasiminə qatılan Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı çıxışlarda bu fikirlər səsləndirildi. Avropa dövlətlərinin başçıları açılışda Prezident İlham Əliyevi ali qonaq kimi dəyərləndirib və Avropada yüksək nüfuza malik olduğunu deyiblər. Fakt üçün Serbiya Prezidenti Aleksandar Vuçiçin dediklərini xatırlatmaq istərdim: “Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb”. Şimali Makedoniya Prezidenti Stevo Pendarovski isə Azərbaycan Prezidentini “Avropada ən çox arzuolunan şəxs” adlandırıb”.

Komitə sədri Buxarestdə keçirilən dördtərəfli sazişin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Deyib ki, Azərbaycan Prezidenti, həm də çoxtərəfli görüşlərin keçirilməsinin təşəbbüskarı kimi tanınır. Bu görüşlərdə imzalanan sənədlər iştirakçı ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır. Dövlətimizin başçısı da bu görüşü yüksək qiymətləndirərək deyib ki, yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz ümumi töhfə olacaqdır. Bu Saziş yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır.

Ç.Qənizadə dördtərəfli görüşdə Azərbaycanın Avropanın enerji təminatındakı rolunun xüsusilə vurğulandığını deyib və Macarıstanın Baş naziri Viktor Orbanın çıxışından bəzi məqamları xatırladıb: “Baş nazir deyib: “Avropa Komissiyasının müdrikliyinə görə biz Azərbaycana çox diqqət yetirdik, onunla əməkdaşlığımızı inkişaf etdirdik. Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olması təqdirəlayiqdir. Mən özüm də bir il ərzində Avropa İttifaqının həmişə Azərbaycana etibarlı tərəfdaş kimi etibar edə biləcəyinin şahidi olmuşam”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR