Onlayn ictimai-siyasi qəzet
“Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə dövlət sərhədində -Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Bu mərasim, həm də dünya birliyinə iki ölkə arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi mesajı idi. Əslində, bu layihənin əsası uzun illər əvvəl qoyulub. Ermənistanın Azərbaycan ərazisnin 20 faizini işğal etməsi nəticəsində bu mühüm əhəmiyyətli layihənin tikintisi dayandırılmışdı. 2020-ci ildə Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Araz çayı üzərində hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi qərara alındı və qısa müddətdə istismara verildi. Layihələr Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüqüqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Tanınmış hüquqşünas deyib ki, açılış mərasimində hər iki ölkənin dövlət başçısının iştirakı layihələrin mühüm əhəmiyyət kəsb etməsindən xəbər verir:
“Dövlətimizin başçısı da açılış mərasimində çıxışında bunu xüsusi vurğulayaraq dedi ki, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. İki ölkə arasında dostluğun dərin kökləri və tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”.
Çingiz Qənizadə İran və Azərbaycan prezidentlərinin sərhəddə ilk dəfə görüşdüklərini diqqətə çatdıraraq deyib ki, bu dostluğa heç bir kənar qüvvə müdaxilə edə bilməz. İki ölkənin sərhəddində reallaşan bu layihə həm də gələcəyə yönəlmiş əməkdaşlıqdır. İki ölkə arasında qədim tarixi olan qarşılıqlı hörmət, anlaşma bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü bir daha göstərdi. Bütün bunlar İran-Azərbaycan əlaqələrinin gələcək inkişafının daha yaxşı olacağının bariz nümunəsidir. Son illər ərzində ölkə rəhbərlərinin artıq beşinci görüşü təşkil olunur. Hadsisələrin xoşməramlı gedişi göstərir ki, bu görüşlər bundan sonra mütəmadi xarakter alacaq. Bu, eyni zamanda, hər iki ölkənin xalqlarına, bölgəyə və dünyaya ciddi mesajdır.
Hüquq müdafiəçisi İranla Azərbaycanın istər beynəlxalq, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı tədbirlərdə bir-birilərini müdafiə etmələrindən də söhbət açıb. Deyib ki, bölgənin sabitliyi və gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu çox vacibdir. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də hər iki ölkə bir-birinə dəstək verməklə öz siyasətlərini həyata keçirirlər. Bununla yanaşı, nəqliyyat layihələrinin həyata keçirilməsində də birgə səylər göstərirlər. İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi və qarşılıqlı təchizat məsələləri artıq həll edilib. Bu, İran və Azərbaycanla yanaşı, digər ölkələr üçün də fayda gətirəcək layihələrdir. İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir.
Ç.Qənizadə dövlətimizin başçısının çıxışına istinadən deyib ki, Azərbaycan bütün ölkələrlə əlaqələri bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qurur və bundan sonra da quracaq. Bölgənin inkişafı həmin ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir:
”Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Əgər bölgəmizdən minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, regionda yerləşən ölkələrin maraqlarını nəzərə almalıdırlar. Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır”.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ