İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən Niderlanda kəskin etiraz: Biz bunun qəti əleyhinəyik!

Çin hökuməti Niderlandın iyunun 30-da yarımkeçiricilər istehsalı üçün zəruri olan müasir avadanlıq ixracına tətbiq olunan yeni qaydaları pisləyən bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Çin Kommersiya Nazirliyinin bununla bağlı yaydığı bəyanatda qeyd olunur ki, Niderland tərəfi beynəlxalq iqtisadi qaydaları müdafiə etməli, iki ölkə arasındakı ticarət-iqtisadi əlaqələrə həssas yanaşmalıdır: “İxrac nəzərəti tədbirlərindən sui-istifadə olunmamalı, Çin və Niderland müəssisələrinin birgə maraqları qorunmalıdır”.

Çin nazirliyi bildirir ki, aparıcı yarımkeçirici avadanlıqlarının ixracındakı yeni qaydaların müvafiq sahədə müntəzəm əməkdaşlığa mane olmasına imkan vermək olmaz.

Bəyanatda o da qeyd olunur ki, Çin tərəfi son bir neçə ay ərzində Niderlandın aidiyyəti dövlət qurumları ilə çoxsəviyyəli məsləhətləşmələr aparıb. Lakin yekunda həmin qurumlar yeni qaydaların tətbiqini üstün tutub: “Çin bu məsələ ilə bağlı öz narazılığını bildirir”.

Çin tərəfi hesab edir ki, Niderlandın 30 iyundan yarımkeçiricilər avadanlıqlarının ixracına tətbiq etdiyi yeni qaydalar ABŞ-ın təzyiqi ilə qəbul edilib: “Birləşmiş Ştatlar qlobal hegemonluğu tömin etmək üçün hətta öz müttəfiqlərini də qurban verməyə hazırdır. Onlar təhdid və təzyiqlə digər ölkələri yarımkeçiricilər sahəsində Çini dayandırmaq üçün sıxıcı tədbirlərə məcbur edirlər. Nəticədə çatdırılma zəncirində süni pozuntu yaranır ki, bu da yarımkeçiricilər istehsalına böyük zərbə vurur. Çin buna qəti etirazını bildirir”.

Qeyd edək ki, Niderland və Yaponiya yarımkeçiricilər istehsalında istifadə olunan ən müasir avadanlıqların istehsalında dominant mövqeyə sahibdirlər. Niderlandın bu avadanlıqların ixracına tətbiq etdiyi yeni qaydalar ixrac üçün hökumətdən icazə alınmasını nəzərdə tutur. Niderland qaydanın hansısa konkret ölkəyə qarşı yönəlmədiyini elan etsə də, ən böyük idxalçı olaraq zərərçəkənin Çin olacağı hamıya bəllidir.

2022-ci ilin oktyabrında ABŞ yarımkeçiricilər istehsalında istifadə olunan avadanlıqların, yarımkeçiricilərin özlərinin Çinə ixracına məhdudiyyət tətbiq edib. ABŞ hökuməti belə avadanlıqların ən böyük istehsalçıları olan Niderland və Yaponiyaya ixraca nəzarətin gücləndirilməsini tövsiyə edib. Ötən müddət ərzində Niderlandda bu məsələ ətrafında ciddi müzakirələr aparılıb, yekunda yeni qaydalar qəbul edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR