İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı 20 mini ötüb

Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı yenidən 20 mini ötüb.

AZƏRTAC Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən sutka Çinin materik hissəsində 20 min 59, o cümlədən 18 min 491simptomsuz yoluxma halı aşkarlanıb. Əsas yoluxma ocaqları Çinin xarici ticarət qapısı hesab olunan Quancou şəhəri, paytaxt Pekin, habelə Cencou, Çonçin şəhərləri, Daxili Monqolustan muxtar bölgəsidir.

Ümumiyyətlə, oktyabrın son günlərindən etibarən sutkalıq yoluxma sayı sürətlə artır. Artıq bəzi şəhərlərdə tam və ya mikrorayonlar üzrə qapanma rejimi tətbiq olunur. Yoluxmaların çoxalması səbəbindən 19 milyon əhalisi olan Quancounun 8 rayonunda, Çinin əhali sayına görə ən iri bələdiyyəsi olan Çonçinin 11 rayonunda qapanma elan edilib. Məktəblərdə dərslər distant formada keçirilir, universitetlərin kampusları qapalı rejimdə fəaliyyət göstərir. Yaşayış məntəqələrindəki riskli zonaların sakinlərinə evlərini tərk etməmək tövsiyə olunub.

Quancou şəhərində yoluxanların sayının çoxalması səbəbindən modul xəstəxanaların inşasına qərar verilib. Hazırda şəhərdə təxminən 20 min COVID-19 pasiyentinin yerləşdirildiyi 6 modul xəstəxana fəaliyyət göstərir. Yoluxmaların daha çox qeydə alındığı Haycou rayonunda 2400 tibb işçisi qapı-qapı gəzib əhalini test edir.

Çonçin şəhərində isə 12 min çarpayılıq modul xəstəxananın inşası davam edir.

Paytaxt Pekinin Çaoyan rayonunda bəzi məktəblərində dərslər onlayn rejimdə keçirilir. Rayon üzrə yoluxmaların çoxalması səbəbindən ödənişsiz qaydada fəaliyyət göstərən səyyar test məntəqələrinin sayı 1854 ədəd artırılaraq, 4 min 767-yə çatdırılıb. Səhər saat 06:30-da açılan test məntəqələrinin qarşısında uzun növbələr yaranıb. Buna səbəb bir çox məkana girişdə son 24 saatda verilmiş testin neqativ nəticəsinin təqdim olunmasıdır.

Qeyd edək ki, virusla mübarizə tədbirlərini maksimum dərəcədə yumşaldaraq, “Virusla birgə yaşayış” prinsipini tətbiq edən bir çox ölkədən fərqli olaraq, Çin iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq “Sıfır COVID” strategiyasında israrlıdır. Bu strategiya ölkəyə giriş-çıxışın xeyli məhdudlaşdırılmasını, yoluxma aşkarlanan yaşayış məntəqələrində sərt karantin rejiminin, o cümlədən qapanmaların, kütləvi test prosesinin tətbiqi, yoluxanların və yoluxanlarla təmasda olanların təcrid edilməsi ilə yoluxma zəncirini dayandırmağı əhatə edir. Çin sərt karantin qaydalarını hələ də qüvvədə saxlayan nadir ölkələrdəndir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR