İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində COVID-19-a sutkalıq yoluxmada antirekord qeydə alınıb

Ötən sutka Çində COVID-19 virusuna 35 min 183 yoluxma, o cümlədən 31 min 709 asimptomatik hal qeydə alınıb. Bu, COVID-19 virusu yayılmağa başlayandan bəri Çində qeydə alınan sutkalıq ən yüksək rəqəmdir. Ümumiyyətlə, son bir neçə gündə Çində sutkalıq yoluxma sayında ard-arda antirekordlar qeydə alınır.

AZƏRTAC Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, simptomlu xəstələrdən başqa, hazırda 300 mindən çox asimptomatik pasiyent də modul xəstəxanalarda və xüsusi karantin mərkəzlərində tibbi nəzarət altındadır.

Çində yay aylarında başlayan hazırki dalğada oktyabrın son günlərindən etibarən epidemik vəziyyət daha da ağırlaşır. Yoluxmaların əsas ocaqları paytaxt Pekin, ölkənin xarici ticarət qapısı və əsas istehsal mərkəzlərindən hesab olunan Quancou şəhəridir. Bundan əlavə, Çinin əhali sayına görə ən iri bələdiyyəsi olan Çonçin (31 milyon sakini var), habelə Cencou şəhəridir. Bəzi şəhərlərdə tam və ya məhəllələr üzrə qapanmalar tətbiq olunur. Yaşayış məntəqələrindəki riskli zonaların sakinləri üçün “evdə qal” rejimi tətbiq olunur. On minlərlə simptomsuz pasiyentin təcrid olunması üçün modul tipli xəstəxana və müvəqqəti karantin mərkəzləri inşa olunur. İri şəhərlərdə kütləvi test prosesi icra olunur. Epidemik vəziyyətin ağırlaşması səbəbindən şəhərlərarası səyahətlər məhdudlaşdırılıb.

Paytaxt Pekin də pandemiya dövrünün ən ağır dövrünü yaşayır. Virusla mübarizə tədbirləri çərçivəsində bütün əyləncə və istirahət məkanları, xidmət obyektləri, o cümlədən parklar, muzeylər, kinoteatrlar, fitnes mərkəzləri, internet kafelər bağlanıb, gözəllik salonları fəaliyyətini dayandırıb. Orta məktəblərdə, ali təhsil ocaqlarında dərslər distant formada təşkil olunur. Apteklər, ərzaq və gündəlik tələbat malları mağazaları istisna olmaqla bütün ticarət obyektləri bağlanıb. Həmçinin ofis binalarında iş fəaliyyəti məhdudlaşdırılıb. Şirkət, idarə və təşkilatlara mümkün olduğu halda onlayn işləmək tövsiyə olunub. Son 48 saatda verilmiş koronavirus testinin neqativ nəticəsi olmadan heç bir məkana, o cümlədən dövlət qurumlarının binalarına, ofis mərkəzlərinə, mağazalara daxil olmaq, habelə ictimai nəqliyyatdan istifadə etmək mümkün olmayacaq. Bu səbəbdən sakinlər demək olar ki, hər gün test verirlər.

Qeyd edək ki, Çin hakimiyyəti iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, “Sıfır COVID” strategiyasında israrlıdır. Bu strategiya ölkəyə giriş-çıxışın xeyli məhdudlaşdırılmasını, yoluxma aşkarlanan yaşayış məntəqələrində sərt karantin rejiminin, o cümlədən qapanmaların, kütləvi test prosesinin tətbiqi, yoluxanların və yoluxanlarla təmasda olanların təcrid edilməsi ilə yoluxma zəncirini dayandırmağı nəzərdə tutur. Çin sərt karantin qaydalarını hələ də qüvvədə saxlayan azsaylı ölkələrdəndir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR