İnsanlara hürriyət, millətlərə istiqlal!

Cinayətlərin artmasına səbəb bu imiş - “İntiharlarda, qətllərdə və kütləvi davalarda...”

Son vaxtlar cəmiyyətdə cinayətlərin sayı artmağa davam edir. Sosial zorakılıq halları artıq əhali arasında həyəcan yaradır. Qadınlar, uşaqlar və heyvanlar amansız qətllərin qurbanı olur, həmçinin, kişilər arasında da kütləvi davalar ölüm hallarına səbəb olur.

Bəs cəmiyyəti bu vəziyyətə gətirib çıxaran nədir? Məsələnin kökündə hansı amillər dayanır?

Psixoloq Elnarə Kərimova məsələni “Yeni Sabah”a belə şərh edib:

“Cəmiyyətdə gərginliyin olması barədə deyilənlər həqiqətdir. Bunu adi müşahidə ilə də görmək mümkündür. İctimai nəqliyyatdan tutmuş sosial həyatın müxtəlif sahələrinədək insanların bir-birinə dözümsüz davranışı buna sübutdur. İnsanlar bir-birinə qarşı dözümsüz və aqressiv olublar. Artıq əvvəllərdən fərqli olaraq bunu açıq nümayiş etdirməkdən çəkinmirlər. Cəmiyyətlərdəki gərginlik onu yaradan səbəblərdən asılı olaraq özünü müxtəlif cür biruzə verir. Məsələn, müharibənin baş verdiyi ölkələrdə bu, özünü daha çox intiharlarda, qətllərdə və kütləvi davalarda göstərir. Sosial-iqtisadi böhranın baş verdiyi ölkələrdə isə etirazlar, nümayişlər zamanı dinc yolla yox, daha çox aqressiv davranışlarla, qarətlə özünü biruzə verir.

Vyetnam müharibəsi, eləcə də İraqdakı müharibədən sonra ABŞ-də xüsusilə hərbçilər arasında intihar hallarının artması barədə məlumatlar var. Yaxud İkinci Dünya müharibəsindən sonra SSRİ-də kriminal vəziyyətin xeyli gərginləşdiyinə dair məlumatlar indi bəzi sənədlərlə təsdiqlənir. Ona görə də belə halların kütləviləşməsinin qarşısını almaq üçün müxtəlif tədbirlər görülməlidir. Cəmiyyətlə iş aparılmalı, gərginlik yaradan səbəblər araşdırılmalı, aradan qaldırılmalıdır. Bəzən evdə kiçik bir problemdən böyük zorakılıq doğa bilir və həmin zorakılıq təkcə şəxsin yaxın ətrafına yox, hətta tanımadığı şəxslərə qarşı da yönəlir”.

Psixoloq qeyd edib ki, qətllərin bəziləri affekt vəziyyətindən doğan, yaxud özünümüdafiə xarakterli deyil:

"Bəzi qətl hadisələrinin dəhşətli təfərrüatları insan psixologiyasının dərindən sarsıldığını söyləməyə əsas verir. Məsələn, övladın öz anasını 95 bıçaqla öldürməsinə dair məhkəmə işinin təfərrüatı yayılmışdı. Bu, artıq cəmiyyətdəki aqressivliyin pik həddə çatması ehtimalını gücləndirir və əgər ciddi tədbirlər görülməsə, kriminal xəbərlərin artmasına şahid ola bilərik. Xəbərlərin təqdimatı, bəzən qətli törədən şəxsin az qala qəhrəman kimi təqdim edilməsi cəhdi sanki cəzasızlıq mühitinin formalaşdırılması kimi yanlış dəyərləndirmə kriminal olayların artmasına səbəblərdən bəziləridir. Bütün bu hallar öyrənilməli, diqqətlə araşdırılmalı və qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR