Onlayn ictimai-siyasi qəzet
34 yaşlı Cennifer Hulsun həyatında hər şey bir anda dəyişdi. Əvvəlcə sadəcə sözləri xatırlamaqda çətinlik çəkdi. Ancaq dörd aydır birlikdə olduğu sevgilisinin adını belə xatırlaya bilməyəndə, vəziyyətin ciddi olduğunu anladı.
Baş ağrıları, bulanıq görmə və gecələr onu yuxudan oyadıb qusduran şiddətli sancılar, gənc qadını təcili yardım şöbəsinə getməyə məcbur etdi. Lakin orada aldığı xəbər onun bütün həyatını alt-üst etdi: Beynində portağal böyüklüyündə bir şiş aşkarlanmışdı. Həkimlər ona dördüncü mərhələdə olan glioblastoma, yəni ən aqressiv beyin xərçəngi diaqnozu qoydular.
“Hər şey bir həftəyə baş verdi”
Musavat.com xəbər verir ki, Cennifer yaşadığı dəhşətli prosesi Daily Mail qəzetinə danışıb: “Hər şey çox sürətlə inkişaf etdi. Bazar ertəsi həkimə getdim, cümə günü artıq əməliyyat olundum. Mənə yaddaş itkisi yaşaya biləcəyim və yenidən danışmağı öyrənməli olacağım deyildi. Halbuki simptomlar sadəcə bir həftə içində ortaya çıxmışdı.”
Hulsun beynindəki şiş, yaddaş və hisslərlə bağlı olan temporal payda yerləşmişdi və bu da onun unutqanlığının səbəbi idi. Maraqlıdır ki, bənzər bir hadisə də məşhur “The Real Housewives of Beverly Hills” serialının ulduzu Teddie Mellenkampa aid olub – onun beyin şişi də gec aşkar olunmuşdu. Hər iki qadının ailəsində xərçəngə dair heç bir keçmiş olmayıb.
Çətin müalicə dövrü
Cenniferin əməliyyatı 2017-ci ilin fevralında keçirilib. Beynindəki şiş bir dəfəlik çıxarıldı. Təəccüblü şəkildə, Hulse əməliyyatdan sonra yaddaş itkisi yaşamadı. Hətta əvvəllər öyrəndiyi alman və ispan dillərində sərbəst danışmağa davam etdi.
Əməliyyatdan sonra onu aylarla davam edən radioterapiya və kimyaterapiya müalicəsi gözləyirdi. Bu müalicələrin qaçılmaz yan təsirləri ilə mübarizə aparmalı oldu. Başının sol tərəfində qalıcı saç tökülməsi baş verdi. Radioterapiya isə qulaq kanalında nadir, ağrılı bir fəsad olan osteoradyonekroza səbəb oldu. Bu problemi isə antibiotiklərlə nəzarətdə saxlayır.
Sevgi və ümid birlikdə gəldi
Cenniferə xərçəng diaqnozu qoyulduğunda sevgilisi Lloyd ilə yalnızca dörd aydır tanış idi. O, Lloyd-a onu tərk edə biləcəyini söylədi. Lakin sevgilisi tam əksinə davrandı – evini satdı və ona tam dəstək oldu. Dörd il sonra evlənən cütlük bu gün də həyata ümidlə baxır.
Hulsun dediyinə görə, hələ də hər dörd ayda bir MRT müayinəsinə girir. Hamiləlikdəki hormonal dəyişikliklərin xəstəliyi yenidən aktivləşdirə biləcəyindən qorxduğu üçün ana olmaqdan imtina edib.
“Həyatın dəyərini indi daha yaxşı anlayıram”
“Bu xəstəlik məni daha yaxşı bir insana çevirdi”, – deyən Cennifer, “Artıq həyatın hər anını dəyərləndirirəm. Burada olmağım təsadüf deyil”, – deyə əlavə edib.
Bəzi xərçəng xəstələri diaqnozdan sonra cəmiyyət və ailə çevrəsindən uzaqlaşdığını söyləsə də, Hulse özünü şanslı hiss etdiyini vurğulayır. Ailəsinin, dostlarının və Lloydun dəstəyi ilə bu çətin prosesi keçdiyini bildirir.
Sonda isə hər kəsə qısa, amma düşündürücü bir mesaj verir:
“İşlətdiyiniz sözlərə diqqət edin və hər gün üçün şükür edin. Çünki həyat bir saniyədə dəyişə bilər.”
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ