Onlayn ictimai-siyasi qəzet
“Husilərin peyk şəkilləri ilə təmin edilməsi yeni qalmaqala səbəb olub”.
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Dövlət Departamentinin Çinin “Chang Guang Satellite Technology” şirkətinin husilərə Qırmızı dənizdəki ABŞ hədəflərinə hücum etməkdə kömək etməsi ittihamı Vaşinqtonla Pekin arasında yeni gərginlik mənbəyi yaradıb:
“Dövlət Departamentinin mətbuat katibi Temmi Bryusun Pekinin hərəkətlərini “qəbuledilməz” adlandırması xəbərdarlıq anlamı daşıyır. “Financial Times” dərgisinin məlumatına görə, Çin ordusuna bağlı şirkət ABŞ və beynəlxalq gəmiləri hədəf almaq üçün husiləri peyk şəkilləri ilə təmin edib.
Beləliklə, Vaşinqton husilərə dəstəyin yalnız İrandan deyil, Çindən də gəldiyini açıqlayıb. Vaşinqton husilərlə gizli əlaqələrinə görə Pekini əvvəllər də xəbərdar etmişdi. Pekin husilərlə gizli əlaqələr ittihamını hər dəfə rədd edib. Ancaq bu dəfə Dövlət Departamenti husilərə dəstək verən Çin şirkətinin adını çəkib. Maraqlıdır ki, “Chang Guang Satellite Technology” şirkətinin adı Rusiyanın muzdlu “Vaqner” silahlı qruplaşmasıyla da hallandırılıb. Çin şirkətinin “Vaqner”in müxtəlif ölkələrdəki hərbi əməliyyatlarına dəstək məqsədilə rusiyalı muzdlu döyüşçülərin komandanlığını peyk şəkilləri ilə təmin etdiyi bildirilib”.
Politoloq vurğulayıb ki, Çin şirkətinin husiləri peyk şəkilləri ilə təmin etdiyi xəbəri təsdiqlənərsə, Çin-İsrail münasibətləri də gərginləşə bilər:
“Halbuki, Pekinin Fələsitinin müstəqilliyini dəstəkləməsinə baxmayaraq, İsraillə də tərəfdaşlıq münasibətləri var. Ancaq Çin şirkətinin husilərə dəstəyi tərəfdaşlığın üstündən xətt çəkə bilər. Çünki Yəməndəki husilərin əsas hədəfi İsraildir. Husilər Fələstini və HƏMAS təşkilatını dəstəkləmək məqsədilə İsrail ərazisini raket atəşinə tutur və Qırmızı dənizdə müxtəlif ticarət gəmilərinə hücumlar təşkil edir”.
Xalidə Gəray
Musavat.com
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ