Onlayn ictimai-siyasi qəzet
Son günlərdə Avropada fəaliyyət göstərən bir sıra media orqanları Azərbaycana qarşı qərəzli kampaniyaya start veriblər. Bunun üçün də ölkə daxilindən AXCP sədri Əli Kərimlidən tez-tez müsahibələr alınır, onun ölkəmizin daxili və xarici siyasəti ilə bağlı fikirlərinə geniş yer ayrılır. Burada da daha çox “siyasi məhbus oyunu”ndan istifadə olunur.
Bütün bunlarla əlaqədar Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Musavat.com-a açıqlama verib:
“Azərbaycan cəmiyyətinin sabitlik və inkişaf naminə səfərbər olduğu dövrdə bəzi destruktiv qüvvələrin yenidən qarışıqlıq yaratmaq cəhdləri qəbuledilməzdir. Xalqın etimadını qazana bilməyən, siyasi meydanı tərk etmiş, lakin ifrat ritorikası ilə gündəmdə qalmağa çalışan Əli Kərimlinin “siyasi məhbus” adı altında səsləndirdiyi cəfəng və qərəzli çağırışlar ictimai şüuru zəhərləmək, hüquqi sabitliyi pozmaq və ölkədə hərc-mərclik mühiti formalaşdırmaq məqsədi daşıyır.
Əslində bu, yalnız dövlətin əsaslarına deyil, həm də xalqın iradəsinə qarşı yönəlmiş çirkin bir kampaniyadır. Əli Kərimli yaxşı bilir ki, Azərbaycanda qanunun aliliyi təmin olunur, istənilən hüquqi məsələ yalnız hüquqi müstəvidə həll edilir. Heç kim törətdiyi əmələ görə məsuliyyətdən kənarda qala bilməz və kiminsə siyasi iddiaları onu qanun qarşısında toxunulmaz etmir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi islahatlar, məhkəmə sisteminin təkmilləşdirilməsi və insan haqlarının müdafiəsi istiqamətində atılan addımlar beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Bunu kölgələməyə çalışanlar isə yalnız xarici anti-Azərbaycan mərkəzlərin sifarişini yerinə yetirən vasitəçilərdir”.
Deputatın sözlərinə görə, Azərbaycan xalqı belə manipulyativ və təxribatçı çağırışlara aldanmayacaq qədər ayıqdır: “Ölkəmizdə sabitliyin pozulmasına xidmət edən istənilən fəaliyyət hüquqi cavabını alacaq. Kimsə bu cür məsuliyyətsiz davranışlarla cəmiyyətdə qarşıdurma yaratmağa cəhd edirsə, bilməlidir ki, Azərbaycan xalqının iradəsi bu cəhdləri qətiyyətlə və layiqincə cavablandıracaq”.
Cavanşir ABBASLI
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ