Onlayn ictimai-siyasi qəzet
ABŞ-la başlanan tarif müharibəsi fonunda Çin hakimiyyəti fond bazarını dəstəkləmək üçün xüsusi qrup formalaşdıraraq koordinasiyalı tədbirlər həyata keçirib.
Musavat.com Financial Times qəzetinə istinadən xəbər verir ki, Çinin suveren sərvət fondu China Investment Corp-un törəmə şirkəti olan Central Huijin investisiya firması, özünü "milli komandanın" üzvü adlandıraraq, səhmlərə investisiyalarını artıracağını vəd edən bəyanat yayıb.
Bundan sonra dövlətə məxsus China Chengtong Holdings fond bazarına 100 milyard yuan (13,6 milyard dollar) sərmayə qoymağı öhdəsinə götürüb.
“China Reform Holdings” daha 80 milyard yuan sərmayə vəd edib, Çin Maliyyə Nazirliyinin nəzarətində olan Milli Sosial Təminat Fondu Şurası isə bazara investisiyaları artırmaq niyyətini açıqlayıb.
Bundan əlavə, Milli Maliyyə Tənzimləmə Orqanları (NFRA) sığortaçılar tərəfindən səhm alışları ilə bağlı qaydaları yumşaldıb, hansı ki, onların əksəriyyəti dövlətə məxsusdur.
Aprelin 8-də Sinopec, China Mobile və Moutai daxil olmaqla 100-dən çox böyük Çin şirkəti səhmlərin geri alınması proqramlarına başlamaq planlarını açıqlayıblar.
Ekspertlər yaxın həftələrdə Çin Xalq Bankının dəstəyi ilə “stabilləşdirmə fondları” və ya “milli komandalar” tərəfindən ölkənin fond bazarına böyük müdaxilələr gözləyir.
Həyata keçirilən tədbirlər Çinin fond bazarlarında sabitliyə və qismən də olsa indekslərin artmasına səbəb olub. Belə ki, dünən ABŞ prezidenti Donald Trampın Çin mallarına rüsumları 125 faizə qaldırdığını açıqlamasına baxmayaraq, Shanghai Composite fond indeksi bu gün 1,2 faiz artıb.
KİV-in məlumatına görə, Çin rəsmiləri ABŞ-ın tariflərinə cavab olaraq iqtisadi təşviqləri müzakirə etmək üçün bu gün görüş keçirməyi planlaşdırır.
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ