Onlayn ictimai-siyasi qəzet
Bir neçə gün əvvəl Sumqayıtda ağır yol qəzası törətmiş 1996-cı il təvəllüdlü S.Cəbiyevə hökm oxunub.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Cəbiyev Cinayət Məcəlləsinin 263-1.3-cü (Sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilinib.
Məhkəmədə bildirilib ki, S.Cəbiyev daha əvvəl də ölümlə nəticələnən yol qəzası törədib. Bu əmələ görə o, sürücülük hüququndan məhrum edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkən gənc oğlan tez-tez icazə alaraq müəssisəni tərk edirmiş. Belə icazələrdən birini alaraq cəzaçəkmə müəssisəsindən çıxan şəxs qanunsuz olaraq idarə etdiyi “Ford” markalı avtomobillə nəvəsi ilə birgə yolu keçən Şabran rayon sakini Zülfiyyə Abışovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nəvə isə ciddi xəsarət almayıb.
Məhkəmə bu dəfə S.Cəbiyevə daha ağır cəza verilməsi qərarına gəlib. Qubadlı rayon sakini olan 27 yaşlı oğlanın 6 il 6 ay müddətinə həbsxanada saxlanmasına və bundan sonra 5 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılmasına hökm verib.
Daha əvvəl məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan gəncin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi də qeyd edilib.
Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. (Publika.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ