İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyms Kleverli: “Əgər sülh danışıqları Putinin təşəbbüsü ilə başlayırsa, ehtiyatlı olmaq lazımdır”

“Sülh barədə müzakirələr məsələsi Rusiya prezidenti Vladimir Putin üçün ancaq yeni hücumlara başlamaq üçün istifadə edilə bilər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “The Telegraph” qəzetinə müsahibəsində deyib.

Xarici işlər nazirinə görə, atəşkəs faktiki olaraq Putin tərəfindən daha çox ordu yetişdirmək, sursat tədarükünü həyata keçirmək, ağır zərbə almış hərbi qüvvələrini yenidən təchiz etmək üçün istifadə olunacaq. 

Britaniya diplomatının bu sözləri ABŞ prezidenti Co Baydenin, “həqiqətən də müharibəyə son qoymaq istəsə, cənab Putinlə danışmağa hazıram” fikrindən sonra söyləməsi diqqət çəkib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron da Rusiya lideri ilə gərginliyin qarşısının alınması və nüvə stansiyalarının təhlükəsizliyinin təmin edilməsi kimi çox konkret nəticələr naminə danışıqlar apara biləcəyini demişdi.

Lakin bu həftə Buxarestdə NATO xarici işlər nazirlərinin görüşündə iştirak edən Kleverli tərəfdaşlarına, Putinin niyyəti ilə bağlı əmin olub-olmadıqları barədə bir sıra suallar ünvanlayıb.

“Məsələ ondadır ki, əgər sülh danışıqları –  mən “sülh” sözünü dırnaq içərisində istifadə edirəm – Vladimir Putinin təşəbbüsü ilə başlayırsa, biz çox, çox diqqətli olmalıyıq”, - deyə o,mövqeyini ifadə edib.
Onun sözlərinə görə, əgər ruslar döyüşlərdə hər hansı fasilədən sadəcə olaraq yenidən silahlanma üçün istifadə etsələr, o zaman gələcəkdə daha böyük problemlər yarana bilər.

"Sonra baş verəcək yeganə şey eyni səhnələri yenidən görəcəyimizdir. Gürcüstanı yadınıza salım. Eləcə də Krım, Şərqi Ukrayna məsələsini də xatırlayaq. Biz bütün bunların Ukraynaya tamhəcmli hücum üçün hazırlıq məqsədini daşıdığını gördük”, - deyə nazir bildirib.

Xatırladaq ki, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də bu həftənin cümə günü keçirdiyi brifinqdə Rusiyanın Ukraynada başlatdığı müharibəni danışıqlar yolu ilə dayandırmağa hazır olduğuna dair heç bir əlamət göstərmədiklərini söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR