Onlayn ictimai-siyasi qəzet
8 avqustda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin birgə Bəyannaməsi, 9 noyabr 2020 -ci il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyannaməsinin üstündən xətt çəkdi.
Musavat.com-un məlumatına görə, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
Ekspert saytımıza açıqlamasında bu qənaətini aşağıdakı kimi əsaslandırıb: “Çünki, Rusiya 10 noyabr Birgə Bəyannaməni özünün yalnız maraqları çərçivəsindən baxırdı.
Azərbaycanın milli və təhlükəsizlik maraqlarını və regionda dəyişən yeni geosiyasi prosesləri görməzdən gəlirdi. Rusiya hesab edirdi ki, regionda əsas söz sahibi odur və sülh müqaviləsinin imzalanması tezdir. Regionda kommunikasiyaların açılmasına ehtiyac yoxdur. Prosesləri manipulyasiya etməklə məşğul idi. Məhz Azərbaycan 10 noyabr Birgə Bəyannamənin şərtlərini özü güc yolu ilə yerinə yetirdi. Rusiya hesab edirdi ki, lazımi vaxtda Zəngəzur dəhlizinə nəzarəti ələ alacaq, iki ölkəni vassal şəkildə idarə edəcək. Region siyasətini ənənəvi çar Rusiyasının siyasəti kimi davam etdirməyə çalışırdı. Amma, prezident İlham Əliyev baş verənlərə dözümlü yanaşa bilməzdi. Azərbaycanın milli maraqları və Ermənistanla sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması artıq regional çağırışlara cavab verirdi. Ona görə də cənab prezident İlham Əliyev Ermənistanla ikitərəfli danışıqlara üstünlük verdi. Ciddi irəliləyişlər əldə olundu”. M.Əsədullazadə əlavə etdi ki, dövlətimizin başçısı D.Trampla yüksək səviyyədə siyasi əlaqələrin qurulmasına və ABŞ kimi beynəlxalq gücün regiona diqqətinin artmasına nail oldu: “Nəticədə Vaşinqtonda Üçtərəfli Bəyannamə imzalandı, Zəngəzur dəhlizinin açılması təsdiq edildi. Nəticədə Zəngəzur dəhlizi ( Tramp marşrutu) kommersiya və iqtisadi layihə kimi təqdim olundu. Artıq ABŞ iştirakı ilə proseslər kuliminasiya nöqtəsinə gəldi”.
Ekspert Azərbaycan və Ermənistanın üçtərəfli Birgə Bəyannamədən çıxmaq barədə sənəd imzalamaq niyyətində olmadığını düşünür: “Amma, sonrakı proseslərdə bu, edilə bilər. Rusiya hələ də 10 noyabr Birgə Bəyannaməsinə istinad edir. Xüsusilə 9-cu bəndə. Artıq Rusiyanın iştirakı dayandırılıb. Onsuz Rusiya Azərbaycana ciddi təzyiqlər edir. Ukraynada Azərbaycanın iqtisadi və enerji maraqlarına qarşı hərbi vasitələrdən istifadə edir. Baş verənlər proseslərin tərkib hissəsidir. Əgər, Rusiya indiki anti-Azərbaycan siyasətini davam etdirsə, Azərbaycan və Ermənistan Rusiyanın iştirakı ilə Birgə Bəyannamədən çıxa bilər. Ümumi götürdükdə artıq 10 noyabr Birgə Bəyannaməsi öz hüquqi qüvvəsini itirib”.
ELŞAD,
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ