İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qız uşaqları daha çox selektiv abortlara məruz qalır”

Üzeyir Şəfiyev: “Azərbaycan bu məsələdə hətta Çini də üstələyir”

Azərbaycanda əhali strukturu və cins nisbətindəki dəyişikliklər son illərdə demoqrafik mənzərədə diqqət çəkən tendensiyaları ortaya qoyur. Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-may aylarına dair hesabatına görə, bu il doğulan uşaqların 53,2 faizi oğlan, 46,8 faizi isə qızdır. Əhalinin ümumi cins nisbətinə baxdıqda isə iyunun 1-nə ölkədə kişilərin payı 49,8 faiz, qadınların payı isə 50,2 faiz təşkil edir.

Bu göstəricilərdən görünür ki, 2025-ci ildə doğulan uşaqların 53,2 faizinin oğlan olması təbii cins nisbətindən bir qədər yüksəkdir (təbiətdə hər 105 oğlana 100 qız düşür). Bununla belə, ümumilikdə qadınların sayı kişilərdən çox olduğundan əhali balansı hələ tam pozulmayıb. Lakin uzunmüddətli perspektivdə cins nisbətindəki bu dəyişikliklər müəyyən risklər daşıyır.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əhali strukturu diqqətlə izlənməyə başlanıldı. Həmin ildə hər 1000 kişiyə 1048,3 qadın düşürdü. Sonrakı illərdə qadınların sayı tədricən azalmağa başladı. Statistik göstəricilər bunu aydın şəkildə göstərir: 1992-ci ildə 1046,3, 1993-də 1043,3, 1994-də 1039,1, 1995-də isə 1035,8 qadın hər 1000 kişiyə düşüb. 1999-cu ildə hər 1000 kişiyə 1048,2 qadın düşməsi əvvəlki illərin səviyyəsinə qayıdış kimi qəbul edilsə də, 2009-cu ildə bu göstərici 1021,2-yə qədər azaldı və bu tarixdən sonra qadınların nisbəti hələ də əvvəlki səviyyələrə çatmayıb.

Beləliklə, statistik tendensiyadan görünür ki, ölkədə ümumilikdə qadınlar kişilərdən çox olsa da, bu fərq illər keçdikcə azalır. 1991-ci ildən 2025-ci ilə qədərki məlumatları təhlil etdikdə, qadınların sayının azalma meyli, xüsusilə reproduktiv yaşda qadınların sayının tədricən azalması, gələcəkdə doğum göstəricilərinə və əhali artımına təsir edə bilər.

Sosioloqlar qeyd edir ki, qadın-kisi nisbətinin tarazlığı pozulduqda yalnız statistik problem yaranmır. Bu, həm də sosial və iqtisadi proseslərə təsir edir. Məsələn, qadınların sayı azalarsa, bəzi bölgələrdə kişi əhalinin çoxluğu evlilik yaşının artmasına səbəb ola bilər, bu isə demoqrafik dinamikanı ləngidir. Bildirilir ki, xüsusilə kənd və kiçik şəhərlərdə qadınların azalması yerli əhalinin artımını yavaşıdır və gələcəkdə demoqrafik boşluqlara gətirib çıxara bilər.

Reproduktiv yaşda qadınların sayının azalması isə doğum səviyyəsini aşağı sala bilər ki, bu da əhali artımını məhdudlaşdırır. Bunlar yalnız demoqrafik problemlər deyil, eyni zamanda sosial-iqtisadi və mədəni məsələlərə də təsir göstərir. Əgər bu balans pozularsa, ailə qurmaq, uşaqlı olmaq və icmal həyat ritmi kimi sosial proseslərdə ciddi çətinliklər yarana bilər.

Boşanmalarda təşəbbüskar qadınlardır! - Sosioloq ÜSYAN ETDİ | Modern.az

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edir ki, selektiv abort və digər problemlərə baxmayaraq, ölkədə qadın kişi nisbəti, əhali tarazlığı qorunur:

“Əslində, Azərbaycanda qız uşaqları doğularkən oğlan uşaqlarına nisbətən daha çox selektiv abortlara məruz qalır. Bu, tarixi olaraq kişi mərkəzli cəmiyyətimizin nəticəsidir. Belə cəmiyyətlərdə oğlan uşaqlarına üstünlük verilməsi tendensiyası olub. Lakin indi cəmiyyətin sosial strukturu dəyişməkdədir və orta perspektivdə bu problem əhəmiyyətini itirəcək.

Hazırkı statistikaya baxsaq, Azərbaycanda selektiv abortların sayı hətta əhalisi çox olan Çini də üstələyir. Orta normativ hesablamalara görə 100 qız uşağına 102-106 oğlan uşağı düşürsə, bəzən bu rəqəm 115-ə çatır. Bu göstərici selektiv abortların mövcudluğunu açıq şəkildə göstərir.

Doğularkən oğlan uşaqları qız uşaqlarına nisbətən daha çox olur, lakin qız uşaqlarının immuniteti daha güclü olduğu üçün sonradan onların həyatda qalma ehtimalı daha yüksəkdir. Digər tərəfdən, yol qəzaları, müharibələr və müxtəlif hadisələr nəticəsində oğlan uşaqlarının tələf olması daha çox olduğundan, əhali içində 30 yaşa qədər oğlanlar üstünlük təşkil etsələr də, 30 yaşdan sonra qadınlar sayca üstün gəlir.

Statistikaya baxdıqda, ahıl insanlar arasında qadınların sayı kişilərdən daha çoxdur. Məsələn, vəfat edən kişilərin 48 faizi pensiya yaşına çatmadan dünyasını dəyişir. Yaxınlarda açıqlanan statistika göstərir ki, 100 yaşdan yuxarı olan pensiyaçılar arasında yalnız 28 nəfər kişi, qalanı qadındır. Ümumilikdə 276 nəfərdən yalnız 38 nəfəri kişi idi. Bu baxımdan 30 yaşdan sonra qadınlar əhali içində daha çoxdur.

Beləliklə, indiki vəziyyətdə Azərbaycanda qadın-kişi nisbəti ilə bağlı ciddi problem yoxdur. Hər nə qədər selektiv abortlar olsa da, 20-30 yaşdan sonra əhali nisbətində təxminən tarazlıq yaranır. Daha böyük fərq isə ahıl yaş qrupunda qadınların üstünlüyü ilə müşahidə olunur".

Yazını hazırladı: Xalidə GƏRAY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR