Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində Yunanıstan Respublikasının xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə tərəflər Azərbaycan Yunanıstan arasında ikitərəfli və çoxtərəfli platformalarda mövcud əməkdaşlıq, o cümlədən gələcək perspektivlər, bölgədəki son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Nazir Ceyhun Bayramov təyinatı münasibətilə Yunanıstan nazirinə təbriklərini çatdırıb.
Ötən il Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi məmnunluqla vurğulanıb. Nazirlər ikitərəfli münasibətlərin daha da inkişafına önəm verdikləri, bundan sonra da bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə münasibətləri inkişaf etdirməyin və xalqlarımızın mənafelərinə uyğun əməkdaşlığı genişləndirməyin vacibliyi qeyd olunub.
Qarşılıqlı səfərlərin, müxtəlif platformalar çərçivəsində artan təmasların ölkələrimiz arasında siyasi dialoqun gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Tərəflər həmçinin Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı və strateji tərəfdaşı olduğunu bir saha təsdiqləyərək Cənub Qaz Dəhlizi, Trans-Adriatik boru kəməri, eləcə də Yunanıstan Bolqarıstan Qaz İnterkonnektoru müstəsna əhəmiyyətini vurğulayıblar.
Bu xüsusda, iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığın regionun inkişafına və sabitliyinə töhfə verəcəyi, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəyinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov həmkarını postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, antiterror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh müqaviləsi gündəliyi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri istiqamətində atılan addımlar barədə ətraflı məlumatlandırıb.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıb.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ