İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqazda “ayırıcı xətlər” çəkmək istəyənlərə sərt reaksiya

Politoloq: “Azərbaycan Prezidentinin xəbərdarlığından sonra həmin güclər bölgəmizlə bağlı çirkin fəaliyyətlərinə müəyyən çəki-düzən vermək məcburiyyətində qalacaqlar”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik”.

Bunu Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda söyləyib.

Dövlətimizin başçısı əlavə edib ki, bu təsisatın tarixində heç zaman keçmiş SSRİ respublikası ilə bu cür görüş olmayıb. Hətta Ukrayna, Gürcüstan və Moldova ilə bu cür görüş keçirilməyib.

Dövlət başçısı əlavə edib ki, Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.

Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini vurğulayan dövlət başçısı qeyd edib: “Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.

Faktiki olaraq Prezident Cənubi Qafqazda ayırıcı xətlər çəkmək istəyənlərə sərt xəbərdarlıq edib və bunun perspektivsizliyinə diqqət çəkib. Həmçinin İrəvanı silahlandıranların yanlış yolda olduqlarını duyurub. Aidiyyəti tərəflər doğru nəticə çıxaracaqmı?

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az

 Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin ADA-da keçirilən beynəlxalq tədbirdə səsləndirdiyi fikirlərdən də göründüyü kimi, Azərbaycan və onun liderinin baxışları stratejidir, qlobaldır və bəşəri dəyərlərə söykənir. Prezident İlham Əliyev Ermənistan daxilindəki qrupların və Ermənistanın havadarlarının atdığı destruktiv addımlara, sərgilədiyi mövqeyə də diqqət yetirdi. Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, biz oturub Ermənistanın silahlandırılmasına, Ermənistanın revanşist əhval-ruhiyyəsinin alovlandırılmasına tamaşa etməyəcəyik, buna seyrçi qalmayacağıq: “Bu, hesab edirəm Ermənistan cəmiyyətində Azərbaycanla münasibətlərin normallaşmasına qarşı çıxan, eyni zamanda Ermənistanı alət etməklə bölgədə münaqişə mühiti formalaşdırmağa çalışan güclərə sərt mesaj idi. Son dövrlər Ermənistanla Azərbaycan arasında bir sıra istiqamətlərdə irəliyə doğru real addımların atılması, xüsusilə də sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı proseslərin başlanması, anklav olmayan 4 kəndin geri qaytarılması ilə bağlı razılığın əldə olunması bir sıra qüvvələri ciddi şəkildə narahat eləyir. Onlar Ermənistanla Azərbaycan arasındakı münasibətlərin indiki şərtlər daxilində normallaşmasını özlərinin Qafqaz maraqları üçün təhdid kimi qiymətləndirirlər və bütün mümkün imkanlardan, çirkin variantlardan istifadə edərək bu prosesin qarşısını almağa, ən pis halda bu prosesin sürətini azaltmağa çalışırlar”.

Politoloqun sözlərinə görə, məhz bunları nəzərə alaraq Azərbaycan lideri Cənubi Qafqazdakı proseslərə müdaxilə etməyə çalışan, onun axarını bölgə dövlətlərinin, bölgə xalqlarının maraqlarına deyil, özlərinin çirkin maraqlarına xidmət yönünə dəyişməyə çalışan güclərə mövqeyini ifadə etdi: “Hesab edirəm ki, həm də Ermənistana mesaj çatdırmış oldu ki, biz Cənubi Qafqazda mövcud olan imkanlardan səmərəli və ağılla istifadə etməyi bacarsaq bölgəmiz daha sürətlə inkişaf edəcək, barış regionuna çevriləcək. Burada yeganə şərt bölgəmizdən kənar güclərin, neoimperialist qüvvələrin əlaltısı olmamaq, onların maraqlarına oynamamaq və müstəqil düşüncə ortaya qoymağı bacarmaqdır. Bu mənada hesab edirəm ki, Azərbaycanın ortaya qoyduğu mövqe bölgəni yenidən qarışdırmağa çalışan qüvvələr və onların Ermənistandakı əlaltıları tərəfindən izlənilir. Azərbaycan Prezidenti artıq çoxdandır dünya səviyyəsində dediyi bütün sözləri, verdiyi bütün vədləri yerinə yetirməyi bacaran qətiyyətli, iradəli lider kimi qəbul olunur. Hesab edirəm ki, həmin güclər Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışında səsləndirdiyi fikirləri də ciddi qəbul edərək bölgəmizlə bağlı çirkin fəaliyyətlərinə müəyyən çəki-düzən vermək məcburiyyətində qalacaqlar. Əks halda, bölgədə maraqlarına zərbə vurulan həmin qüvvələr, məsələn, Fransa və bu proseslərdən  zərər çəkən tərəf isə həmin güclərin əlaltısı olmağa razılıq verən tərəf olacaq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR