İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbrayıla ilk köç: sakinlər harada yerləşdi? - təsirli anlar

Rayon sakini: “Gedib orada möhkəm səslə qışqırmaq istəyirəm, bəlkə səsim oradakı ruhları oyada...”

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə- 117 nəfər köçürülüb.

Keçmiş məcburi köçkünlər doğma yurda qayıdış yolunda duyğularını jurnalistlərlə bölüşüblər. Tünzalə Bəhramova deyib ki, ən böyük arzusu Cəbrayıla getmək, doğmalarının məzarını ziyarət etməkdir: “Cəbrayıla köçəcəyimiz deyildiyi gündən gözümüzə yuxu getmir. 30 illik məcburi köçkün həyatımızı Xırdalanda yaşamışıq. Çox çətinliklərimiz olsa da, şükürlər olsun ki, o günlərimiz geridə qaldı. Çox həyəcanlıyıq, bilmirik ağlayaq, yoxsa gülək... Cəbrayıl işğaldan azad edildikdən sonra oraya getməmişik, orada olmamışıq. Həyəcanla oraya çatacağımız anı gözləyirik. Gedib orada möhkəm səslə qışqırmaq istəyirəm, bəlkə səsim oradakı ruhları oyada. Ən böyük arzum da məhz Cəbrayılda qalan doğmalarımızın, atamın məzarını ziyarət etməkdir. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Fuad Hüseynov: “20 ilə yaxın əməkdaşı olduğum təşkilatın Nobel mükafatı  alması mənim üçün çox qürurvericidir” - XƏBƏRLƏR-www.idp.gov.az

Fuad Hüseynov 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov köç karvanı yola düşmədən əvvəl mətbuata açıqlama verib: “Bu gün "Böyük Qayıdış" layihəsinin sevincini yaşamaq Cəbrayıl sakinlərinə nəsib olub. Tezliklə bütün keçmiş məcburi köçkünlərimizə bu layihənin, proqramın sevincini yaşamağı arzulayırıq. Bildiyiniz kimi, ilk köç də Cəbrayılın Cocuq Mərcanlı kəndinə həyata keçirilib. 2016-cı ildə aprel döyüşlərindən sonra Lələtəpə yüksəkliyi ordumuzun nəzarətinə keçdikdən sonra ölkə başçısının müvafiq sərəncamı ilə ilk inşa olunan kənd Cəbrayılın Cocuq Mərcanlı kəndi oldu və oraya ilk köç həyata keçirildi. Bu gün isə daha 36 ailə (117 nəfər) Cəbrayıl şəhərinin özünə köçürülür. Bizə, eləcə də keçmiş məcburi köçkünlərimizə bu günləri yaşatdığı üçün müzəffər Ali Baş Komandanımıza, şəhidlərimizə və qazilərimizə borcluyuq". 

Qeyd edək ki, Cəbrayıl şəhəri artıq köç prosesi reallaşan 9-cu təyinat ünvanıdır. Şəhərin mərkəzində yaşayış kompleksi salınıb. Kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilib. Bu binalarda 712 mənzil var. Mənzillərdən səkkizi birotaqlı, 136-sı ikiotaqlı, 8-i iki-üç otaqdan ibarət studiya tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır. Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra edilib. İnşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkünün məskunlaşdırılması planlaşdırılır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (IITKM) “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı bu ilin I yarısı üzrə monitorinq və qiymətləndirmə prosesini yekunlaşdırıb. İİTKM-dən mətbuata verilən məlumata görə, Dövlət Proqramının tədbirlər planı çərçivəsində “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 28 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Laçın dövlət sərhədinin buraxılış məntəqəsində “Laçın” gömrük postu qurulub. Mərkəzin icraçı direktorunun müşaviri Təranə Salıfova bildirib ki, hesabat dövründə əhalinin geri qayıdışının təmin edilməsi məqsədilə 767 ailə olmaqla, 2 904 nəfər Şuşa, Füzuli və Laçın şəhərləri, Laçın rayonunun Zabux və Sus kəndlərinə köçürülüb. İşğaldan azad edilmiş ərazilər üzrə ümumilikdə 612 nəfər işlə təmin edilib.

Ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün 72,2 kilometr 110 kVt-lıq, 262 kilometr 330 kVt-lıq uzunluqda elektrik verilişi xətləri çəkilib. Telekommunikasiya və poçt xidmətləri infrastrukturunun qurulması məqsədilə 2 yaşayış məntəqəsində, inzibati binada poçt xidmətləri yenidən təşkil edilib. 1 ədəd radio-televiziya yayımı stansiyasının fəaliyyəti təmin edilib. Mobil telekommunikasiya xidmətlərinin təşkili üzrə 11 yeni baza stansiyası quraşdırılıb. 5 km uzunluğunda dəmir yolu xəttinin çəkilişi başa çatdırılıb.

Respublika və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Ağdam şəhərinin daxili yollarının, Xudafərin-Qubadlı-Laçın,Əhmədbəyli-Füzuli-Şuşa,Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğanalı-Kəlbəcər-İstisu və Şuşa-Laçın avtomobil yollarının tikintisi davam etdirilib. Hesabat dövründə Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları üçün müvafiq kodlar əldə olunub. Füzuli və Zəngilan hava limanlarında uçuşların təşkili təmin edilib.

Geri qayıdacaq əhali üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndirmək məqsədilə regionda fəaliyyət göstərən bank filiallarının sayı ümumilikdə 2-yə çatdırılıb (Laçın şəhəri və Zəngilan rayonunda olmaqla). Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə azad edilmiş ərazilərdə banklar və Azərpoçt tərəfindən quraşdırılmış POS-terminalların sayı 611 ədəd təşkil edib.

Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması istiqamətində regionlarda fəaliyyət göstərən sənaye parklarında 11 müəssisə rezident, 1 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Emal sənayesi və xidmət infrastrukturunun inkişaf etdirilməsi istiqamətində ümumilikdə 170 layihə üzrə rezidentlərin fəaliyyəti təmin edilib. 3 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit verilib. Azad edilmiş ərazilərdə fəaliyyət göstərən 12 növ kənd təsərrüfatı məhsulunun istehsalçısına dövlət büdcəsinin vəsaiti hesabına əkin subsidiyası ödənilib.

Dövlət Proqramının hesabat dövrü üzrə monitorinqi ölkə Prezidentinin 2021-ci il 6 mart tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” tələblərinə uyğun olaraq, icraçı orqanlar (qurumlar) ilə yaxından müzakirələr aparılmaqla elektron portal vasitəsilə (https://boyukqayidish.gov.az) şəffaflıq, hesabatlılıq və səmərəlilik prinsipləri əsasında həyata keçirilib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR