İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cavaxetiya bizimdir...” - ermənilərdən Tiflis-Bakı müttəfiqliyinə hücum

Prezident İlham Əliyevin Gürcüstana səfərində strateji müttəfiqlik münasibətləri barədə verilən mesajlar Ermənistanda təşvişə səbəb olub, ictimai rəy dərhal Cavaxetiya məsələsinə yönləndirilib

Prezident İlham Əliyevin Gürcüstana səfərində strateji müttəfiqlik münasibətləri barədə verilən mesajlar Ermənistanda təşvişə səbəb olub. “Yeni Müsavat” bildirir ki, dərhal erməni ictimai rəyi Gürcüstanın ərazi bütövlüyünə təhdid olan Cavaxetiya məsələsinə yönləndirilib. Məsələn, “armenianreport” portalı yazır: “Gürcülər düşünməsinlər ki, antierməni siyasəti onlara asan başa gələcək. Ermənistanın Gürcüstana təzyiq rıçaqları var. 1918-ci ildə gürcülər Ermənistana "hücum edərək" ermənilərin məskunlaşdığı Axalkalakini işğal ediblər. SSRİ dağılandan sonra gürcülər tez bir zamanda öz mövqelərini bildirib Azərbaycan və Türkiyənin tərəfini tutdular.

Bu gün Gürcüstan iqtisadiyyatının bir çox sahələri azərbaycanlıların əlindədir. Gürcüstanın regionda Bakı və Ankaranın peykinə çevrildiyini söyləmək olar. Tiflis sözdə mehriban qonşuluqdan danışsa da, antierməni siyasət yeridir. 44 günlük müharibə zamanı gürcülər Rusiyadan gələn hərbi yüklərin Ermənistana keçməsinə icazə vermədilər. Gürcüstanın Ermənistana qarşı qeyri-dost münasibəti kontekstində Azərbaycan Prezidentinin Tiflisə işgüzar səfəri də nəzərə alınmalıdır. Etiraf etmək lazımdır ki, gürcülər Əliyevi çox səmimi qarşıladılar. Bu, başadüşüləndir - o, Gürcüstan iqtisadiyyatına böyük sərmayə qoyur (təxminən 3 milyard dollar), iqtisadiyyatın bir çox sahələri azərbaycanlıların əlindədir.

Gürcüstanın baş naziri Əliyevi sevindirmək üçün az qala hər şeyi etdi. Qaribaşvili bildirdi ki, Gürcüstan Azərbaycan üçün ən vacib ölkələrdən və dostlardan biridir. Azərbaycan isə Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır. Əliyev və Qaribaşvili “Qarabağ xanlığının irsi” sərgisində oldular. Bununla da tərəfini seçən gürcülər özlərini, sadəcə, donuz kimi apardılar. Erməni tərəfi gürcü qonşuların bu cür nalayiq davranışından müəyyən nəticələr çıxaracaq. Gürcülər düşünməsinlər ki, onlar antierməni siyasətinə görə belə asan qurtula bilərlər. Ermənistanın Gürcüstana təzyiq rıçaqları var, xüsusən də Cavaxetiya məsələsində. Bu bölgənin əhalisinin böyük əksəriyyətini Ermənistana meyl edən ermənilər təşkil edir. Onlar üçün gürcülərin boyunduruğu altında yaşamaq ildən-ilə çətinləşir. Üstəlik, Tiflis bölgə ilə heç maraqlanmır və hətta orada narazılıq yaradır. Ermənistanın Cavaxetiyanın bizə qaytarılması məsələsini gündəmə gətirməsinin vaxtı çatıb".

Qeyd edək ki, gürcü baş nazir və Prezident Əliyevlə görüşdə Gürcüstanın sülh prosesində vasitəçiliyi, eləcə də Qafqazda stabilliyi təmin edə biləcək Azərbaycan-Gürcüstan-Ermənistan formatının mümkünlüyü barədə müzakirələr aparılıb. Ermənistanda dərhal belə bir reaksiya verilməsi bütün bu proseslərə qarşı yönəlib. Ermənilərin “özününkü” saydığı Samtsxe-Cavaxetiya torpaqlarında qədimdən gürcü xalqının tərkib hissələrindən olan cavaxlar və mesxeti türkləri məskunlaşıb. Ermənilər bu diyarlara 1829-cu ildə rusların dəstəyi ilə köçüblər. Cavaxetiya həmişə Ermənistan tərəfindən Gürcüstana təsir etmək məqsədilə ağrılı nöqtələrdən biri olub və bu, Gürcüstanın sabitliyində maraqlı olmayan ölkələr tərəfindən də istifadə edilən kartdır. Aydın görünür ki, ermənilər yenidən separatizm kartını ortaya atmaqla Gürcüstanı öz ağıllarınca Azərbaycanla münasibətlərə görə “cəzalandırmaq istəyirlər”. Ancaq buna nə dərəcədə nail ola bilərlər? Azərbaycanlı mütəxəssislər ermənilərin Cavaxetiya amilindən istifadəsini mümkün görürlərmi?

Yeri gəlmişkən, Cənubi Qafqazda Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyadan sonra ən real milli problemin yaşana biləcəyi, daha doğrusu, yaşandığı bölgə Gürcüstanın Samtsxe-Cavaxetiya regionudur. Maraqlıdır ki, sadaladığımız bu 4 münaqişə ocağından Cənubi Osetiya istisna olmaqla, digər üçünün yaranmasında erməni terror qrupları milliyyətçilik maskası altında birbaşa iştirak ediblər.

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan  Əlizadə – Yenicag.Az

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, ermənilərin Gürcüstana qarşı torpaq iddiaları ilk dəfə səslənmir. Partiya liderinin sözlərinə görə, Ermənistanın Azərbaycana və Türkiyəyə olduğu kimi, Gürcüstana da həmişə ərazi iddiaları olub: “Sadəcə, bu illər ərzində Cavaxetiya bölgəsinə torpaq iddiası irəli sürülməsində Rusiya amili olub. Çünki ruslar ermənilərdən maşa kimi istifadə ediblər. İndi növbəti dəfə Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafından qıcıqlanan ermənilər Cavaxetiya kartını yada salırlar. Halbuki Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı bölgəyə faydalıdır, Qafqaz Evi yaradılması istəyi var, İrəvan da bu prosesə qoşulmalıdır. Sadəcə, bu cür reaksiyalar ermənilərin daha bir isterikasıdır. Onların Cavaxetiya ilə bağlı hər hansı proses başlatmaq gücü yoxdur. Çünki Rusiyanın dünyaya müharibə açdığı bir vaxtda Cavaxetiyada separatizmi diriltməsi mümkün deyil”.

Fuad Əliyev: Onlar müvəqqəti olan Laçın dəhlizi ilə yola salınacaqlar

Fuad Əliyev 

ALDP sədri Fuad Əliyev isə hesab edir ki, ermənilər Azərbaycanın uğurlarını görməkdədirlər: “Onların bütün imkanları tükənir. Erməni cəmiyyəti 30 il inandırılmışdı ki, Azərbaycan Ordusu zəifdir, Qarabağa girə bilməyəcək. İndi isə yuxudan oyanıblar, regionda hər şey dəyişib və bilmirlər ki, daha hansı təxribat xarakterli addımlar atsınlar, revanş götürsünlər. Ona görə Ermənistanın sülh müqaviləsini imzalayıb Cənubi Qafqazda normal yaşamaqdan başqa çarəsi yoxdur, Cavaxetiyaya təsir mexanizmi də reallaşa bilməz. İrəvan Tiflis-Bakı müttəfiqliyini qısqanmaq əvəzinə Cənubi Qafqazdakı proseslərin inkişafına dəstək verməlidir. Bölgədə yeganə ermənilərdir ki, sülhə qarşıdırlar, konflikt axtarırlar. Azərbaycanlılar və gürcülər əsrlərdir Qafqazda sülh içində yaşayır, amma aranı qarışdıran həmişə ermənilər olub, onlardan Gürcüstana, Azərbaycana qarşı istifadə olunub. "Dənizdən-dənizə Böyük Ermənistan" yaratmaq ideyası təkcə Azərbaycan və Türkiyə ərazisinin deyil, həm də digər qonşu dövlətlərin ərazilərinin ələ keçirilməsini də nəzərdə tutur. Ermənistanın milli ideoloqları Qarabağ və Naxçıvan da daxil olmaqla, bütün Azərbaycan Respublikası ərazisinin, Türkiyənin Şərqi Anadolu vilayətlərinin, Gürcüstanın Samtsxe-Cavaxetiya, Acarıstan, Kvemo-Kartli rayonlarının, İran İslam Respublikasının tərkibindəki Qərbi Azərbaycan və Şərqi Azərbaycan ostanlıqlarının Urmiya gölünə qədər olan hissəsinin, hətta Rusiyanın Şimali Qafqazın Rostov-Don xəttinə və Voronejə qədərki ərazilərinin ələ keçirilməsini özlərinə mərhələli “milli vəzifə” elan etmişdilər. Amma 44 gün ərzində hamısı sabun köpüyünə çevrildi". Partiya sədri bildirir ki, zaman-zaman Cavaxetiyada baş qaldıran separatizm dəfn olunub, həbslər həyata keçirilib: “İndi Gürcüstanı hədələyirlər ki, niyə Azərbaycanla müttəfiq olursan, yəni əgər belə davam etsəniz, Cavaxetiyanı ayağa qaldırarıq. Bütün bunlar cəfəng fikirlərdir, blefdir, ermənilərin təzyiq immuniteti qalmayıb”.

Qeyd edək ki, lap qədimdən iki hissədən ibarət olan Samtsxe-Cavaxetiya regionunun qərb hissəsini gürcülər Mesxetiya, türklər Ahıska, şərq hissəsini gürcülər Cavaxeti, ermənilər isə Cavaxk adlandırırlar. Gürcüstanın müasir inzibati ərazi bölgüsünə görə Samtsxe-Cavaxetiyanın tərkibinə altı inzibati rayon daxil edilib: Adiqen, Aspindza, Borjomi, Axalsıx, Axalkalaki və Ninotsminda. Samtsxe-Cavaxetiyanın Borjomi rayonu istisna olmaqla, qalan beş rayonunun hamısı Türkiyə ilə həmsərhəddir. Yalnız Ninotsminda rayonu Ermənistanla sərhədə malikdir. Bölgə xristianlığa qədərki dönəmdə birmənalı olaraq İveriyanın tərkib hissəsi olub.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR