İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cavana gedən yumruq, qocaya gedən quyruq yeyər”? - yaşlılarla evlənənlər artır

Sosioloq: “Cütlüklər arasında yaş fərqi 3-5 ildən artıq olmamalıdır, amma...”

Azərbaycanda evlənmə yaşı ilə bağlı narahatedici statistika getdikcə artmağa başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, son üç ildə 18-29 yaş arasında olan 6 qadın 60 və yuxarı yaşda kişilərlə rəsmi nikaha daxil olub.

Sosioloqlara görə, son zamanlar xanımların özlərindən yaşca xeyli böyük bəylərlə münasibət qurmaq istəyi artıb. Onlar bildirirlər ki, hər kəsin öz yaş kateqoriyasına uyğun biri ilə ailə həyatı qurması daha məqsədəuyğundur.

Bəs səbəb nədir: yaşlı şəxsin maddi imkanları, yoxsa emosional ehtiyaclar? Böyük yaş fərqi ailənin möhkəmliyinə necə təsir edir? Optimal evlilik yaşı neçə olmalıdır?

qaynarinfo.az

 Üzeyir Şəfiyev 

Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a qeyd edib ki, belə hadisələr Azərbaycan cəmiyyətində həmişə olub: “Təsadüfi deyil ki, böyük mütəfəkkirimiz Üzeyir bəy Hacıbəyov "O olmasın, bu olsun" və “Arşın mal alan” operettalarında da bu mövzuya toxunub. Demək ki, cəmiyyətimizin arxetipində çox təəssüf ki, belə faktlar uzun illərdir mövcuddur. Bunun səbəblərindən biri odur ki, bəzi dırnaqarası valideynlər qızlarını imkanlı şəxslərə, yaşlarının çox olmasına baxmayaraq, ərə verməyə çalışırlar. Və ya bəzən qızların özləri də belə seçim edir, mal-mülk məqsədilə belə addım atırlar. Lakin bu, səmimi və dayanıqlı ailə modeli deyil. Çünki belə ailələr adətən uzunömürlü olmur. Bəlli bir müddətdən sonra xəyal qırıqlığı yaşanır, ailə böhranla qarşılaşır və bu, çox vaxt boşanma ilə nəticələnir".

Onun fikrincə, təcrübə və müşahidələr göstərir ki, bu həm də adekvat yanaşma deyil: “Həm mütəxəssislər, həm də həyat təcrübəsi göstərir ki, evlənən cütlüklər arasında yaş fərqi ideal olaraq 3-5 ildən artıq olmamalıdır. Çünki bunun həm psixoloji, həm də fizioloji aspektləri var - cütlüklər bu baxımdan bir-birinə uyğun olmalıdır. Əks təqdirdə, ailədə böhranlar yaranır, psixoloji, cinsi və digər ehtiyacların uyğunsuzluğu baş verir. Belə hallarda tərəflərdən biri və ya hər ikisi emosional ehtiyaclarını ailədən kənarda axtarmağa başlayır. Bu baxımdan hesab edirəm ki, ideal yaş fərqi 3-5 il arasıdır”.

Sosioloq bununla belə, insanların şəxsi seçimi sayır: “Bəzi hallarda psixoloji problemlər də rol oynayır. Məsələn, elə insanlar var ki, daha çox yaşlı insana inanır, özünü onunla xoşbəxt hiss edir. Bu da çox zaman uşaqlıq travmalarından irəli gəlir. Uşaq vaxtı ata obrazına bağlılıq, güvən axtarışı və ya natamamlıq kompleksi insanı yaşlılara meyilli edir. Belə insanlara elə gəlir ki, yaşlı biri daha etibarlı, daha müdrik, problemləri həll edə bilən və çətinliklərə dözə bilən biridir. Bu da həmin şəxsin psixoloji səbəbləri ilə izah oluna bilər”.

Sosioloq təəssüflə bildirir ki, bu kimi hallara daha çox kənd yerlərində rast gəlinir: “Müşahidə edirik ki, 18-20 yaşlı qızlara 35-40 yaşlı kişilər elçi düşür, sadəcə, ona görə ki, həmin kişinin biznesi, maddi imkanı var. Qızın valideynləri isə bunu "yaxşı fürsət" kimi görüb deyirlər: “Mütləq ona ərə getməlisən”. Belə yanaşma var. Lakin onlar unudurlar ki, zaman keçdikcə bu münasibətlərdə uyğunsuzluq yaranacaq və ailə böhranı qaçılmaz olacaq. Valideynlər sonrasını düşünmədən, kor-koranə qərar verirlər və nəticəsi də çox acı olur. Doğrudur, Azərbaycanda hələ ki bu statistika çox yüksək deyil. Çünki son vaxtlar maarifləndirmə tədbirləri görülür, insanlar getdikcə ənənəvi cəmiyyət çərçivəsindən çıxmağa başlayır və bu da statistik göstəricilərin azalmasına səbəb olur. Əlbəttə ki, üç il ərzində 6 belə hal qeydə alınması böyük rəqəm sayılmaya bilər. Ancaq bu hallar ümumiyyətlə olmasa daha yaxşıdır".

Ü.Şəfiyevin sözlərinə görə, ailə münasibətləri daha uyğun yaş fərqində qurulmalıdır: “Çünki ailə yalnız maddi yox, həm də psixoloji, fizioloji və cinsi baxımdan harmonik olmalıdır ki, dayanıqlılıq və ahəngdarlıq təmin olunsun. Pul çox şeyi həll edə bilər, amma hər şeyi yox. Xoşbəxtliyin açarı yalnız pulla ölçülmür - burada həm də ailə dəyərləri, cütlüklər arasında emosional və fiziki uyğunluq önəmlidir. 60 yaşlı kişi ilə 18 yaşlı qız arasında hansı uyğunluqdan danışmaq olar? Ən yaxşı halda, 3-5 il sonra bu ailədə böhran və boşanmalar müşahidə olunacaq”.

Ü.Şəfiyev hesab edir ki, bu cür halların qarşısını almaq üçün qızların təhsilinə xüsusi diqqət yetirilməlidir: “Qızlar təhsil almalı, əmək bazarında özlərinə yer tutmalıdırlar. Təhsil almış və iqtisadi müstəqillik qazanmış qızlar belə evliliklərə nadir hallarda razılıq verirlər. Amma təhsilsiz qızlar daha çox bu cür münasibətlərə sürüklənirlər - xüsusən də rayonlarda və kəndlərdə. Eyni zamanda şəhərlərdə də bəzi dırnaqarası valideynlər övladlarını bu cür evliliyə təhrik edirlər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR