İnsanlara hürriyət, millətlərə istiqlal!

Canilər “Göytəpə” tərəfdə, İran Zəngəzurda terrorçu axtarır-yaxud ağa, məscid qənimi ilə təlim haram deyil?

İki gün öncə yazmışdıq ki, İran terrorçulara qarşı mübarizə aparmaq istəyirsə, o halda Azərbaycanla razılaşıb, iki dövlətin sərhədləri boyunca bunu reallaşdıra bilər, çünki buna ciddi əsaslar var. Çünki vaxtaşırı İrandan ölkəmizə narkotika qaçaqmalçılarının, digər bədxahların keçməsi ilə bağlı insidentlər baş verir və Dövlət Sərhəd Xidmətinin əmkdaşları bəzən canları bahasına fədakarcasına mübarizə aparırlar, İran tərəfi isə bütün bunları görməzdən gəlir, sanki nə sərhədçi var, nə hərbçi...

Demə, yazdıqlarımızı təsdiqləyən növbəti hadisə baş veribmiş, özü də İran-Ermənistan birgə hərbi təlimlərinin keçirilməsindən bir gün əvvəl. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin yaydığı məlumata görə, dövlət sərhədini pozan mütəşəkkil cinayətkar dəstənin qarşısı alınıb. Rəsmi məlumata görə, aprelin 8-də DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar. Bildirilir ki, sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” qanunun tələblərinə uyğun silah tətbiq edilərək cavab atəşi ilə atəş açan sərhəd pozucusu hadisə yerində zərərsizləşdirilib, biri saxlanılıb, digər qaçaqmalçı isə havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçmağa nail olub. Əraziyə baxış keçirilərkən “Vinçester” tipli tüfəng, gecə görmə cihazı, patron gilizləri və 3 ədəd böyük bağlamada ümumi çəkisi 32 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Baş vermiş hadisə barədə İran tərəfi sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb. Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Diqqət edin, İran tərəfdən 3 narkotika qaçaqmalçısı, sərhəd pozucusu Azərbaycanın dövlət sərhədini pozur, silahlı müqavimət göstərir, əmrə tabe olmur. Sərhədçilərimizin qəhrəmanlığı nəticəsində canilərə qarşı tədbirlər görülüb, amma İran tərəfdən reaksiya “0”. Heç olmasa geriyə qaçan qaçaqmalçının zərərsizləşdirilməsi ilə bağlı hərəkətə keçilməyib. Azərbaycan tərəfin qarşı tərəfə müraciətindən sonra də Tehrandan rəsmi reaksiyaya rast gəlinmir. Niyə?

Belə çıxır ki, İranın başı Ermənistanla birgə təlimlər keçirməyə qarışıb, ona görə. Xatırlatmaqda fayda var: aprelin 9-10-da Ermənistan Respublikası Silahlı Qüvvələri və İran İslam Respublikası Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri birgə hərbi təlimlər keçirib. Təlimləri Ermənistan ərazisində Ermənistan Silahlı Qüvvələri bölməsi, İran ərazisində isə İran Silahlı Qüvvələri bölməsi keçirib. Yəni Zəngəzur dəhlizi boyunca, Araz çayının həm o tayında, həm də bu tayında təlimlər keçirilib. Rəsmi açıqlamada deyilir ki, “Təlim Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə şərti terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi üzrə tədbirləri əhatə edib”.

Error loading media: File could not be played
00:00
00:00
 

İndi diqqət edin, narkotika alverçiləri, əslində narkotika terrorçuluğu ilə məşğul olan şəxslər, “Vinçester”lə silahlanmış canilər Azərbaycan sərhədini yarıb, ölkəmizə keçir, “kadastr sənədi olmaya” (ifadə Nikol Paşinyana məxsusdur-E.P.) Ermənistanın sərhəd bütövlüyünü özünün “qırmızı xətt”i elan edən yaşıl bayraqlı cənub qonşumuz haylarla virtual terrorçunu “zərərsizləşdirir”. Hazır terrorçunu Azərbaycan sərhədlərinə yollayır, yaxud onun sərhəd pozuculuğuna göz yumur, amma Ermənistanla olmayan terrorçuya qarşı “mübarizə aparır”. Ermənistanla mövcud olan cəmi 35-43 km-lik sərhədi elə Araz çayı da qoruyur, hansısa terrorçunun çayı üzüb keçməsi də nadir hadisələrdən sayıla bilər. Ancaq yüz km-lərlə İran-Azərbaycan sərhədini pozub, ölkəmizə narkotika daşıyanlara “yaşıl işıq” yandırmaq müsəlman qonşumuzun dostyana münasibəti sayıla bilməz təbii ki...Silahlı canilərin+narkotika qaçaqmalçılarının Azərbaycan sərhədçiləri ilə atışmasına tamaşa etmək ən azı ayıbdır və dövlət adına yaraşmayan hərəkətdir. Vaxtaşırı belə cinayət hadisələri baş verir, hər dəfə Azərbaycan sərhədçiləri təkbaşına mübarizə aparır narkotika terrorçuları ilə. Ölkəmizə dəniz və quru sərhədlərin pozulması hesabına keçirilən narkotikanın gətirdiyi fəlakətin miqyası da təsəvvürolunmaz həddədir, bu da düşmənçilikdir, nə İslam adına, nə qonşuluq adına yaraşmır. Amma İran Azərbaycan gənclərini ölümə aparan narkoticarətə sərhədlər boyunca “yaşıl işıq” yandırmaqla səssiz müharibə aparır ölkəmizlə. Həm də çox hallarda narkotikanın daşıyıcısı qismində güneyli azərbaycanlılar olur, nə ölən də, həbs edilən də, öldürən də azərbaycanlı, bu tayda narkotika bəlasına düçar olun, ailəsi məhz olan, özü həbsə düşən, ömrü yarıda kəsilən də. İkibaşlı düşmənçilik aparılır. Və Ermənistanla virtual düşmənə, terrorçuya qarşı birgə təlimlər keçirilir. “Göytəpə” zonasındakı son hadisə nədənsə mənə İrandakı səfirliyimizə qarşı “Kalaşnikov”lu hücumu xatırlatdı. Necə ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunmuşdu və həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini bildirmişdi. Bəli, Prezidentin dediyi kimi, həmin hadisədən iki il keçir, ancaq hadisəni törədən hələ də cəzalandırılmayıb. İran isə terrorçunu Zəngəzur dəhlizində axtarır.

İran komandirləri “birgə təlimlər” haqda açıqlamalar verir, İran TV-ləri təlimləri əks etdirən kadrları yayımlayır. Kimə qarşıdır bu tamaşa? Özü də Azərbaycanın şərti sərhədlərdəki postlarının son 3 həftə ərzində Ermənistandan intensiv şəkildə atəşə tutulması fonunda bu şounun məqsəd-məramı nədir? İran bir müddət əvvəl vasitəçi olmaq istəyini izhar etmişdi.

Sülhü beləmi təmin edirlər, birgə hərbi təlimlərlə? Avropa İttifaqının, ABŞ-nin Ermənistandakı hərbi varlığına “xox” gələ bilməyən “əyalət mollaları”ndan da səs-səmir yoxdur, kimsə demir ki, “ağa, bu hərbi təlimlər nəmənədir, kimə qarşıdır?” Özü də Azərbaycana təhdid xarakterli bu təlimlər o zaman keçirildi ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb, əməkdaşlığı müzakirə edirdi, Araz çayı üzərindən atılan körpünün fotoları da bu arada yayımlandı. Bu, nə davranışdır? Bir yandan Araz üzərindən əməkdaşlıq körpüsü atılır, digər tərəfdən də Arazın o tayından Ermənistanla həmrəylik nümyiş etdirilməklə ölkəmizə hərbə-zorba gəlinir. Deməli, bütün bu planların başında Zəngəzur dəhlizi ilə bağlı xəpis siyasət dayanır, başqa ad tapmaq çətindir. Beynəlxalq hüquq, qonşuluq haqq-sayı, ikitərəfli münasibələri bir yana qoyaq, Qarabağda, Şərqi Zəngəzurda, İrəvanda yüzlərlə məscidi dağıdanlarla birgə keçirilən hərbi təlimlər yəni haram da deyil?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR