Onlayn ictimai-siyasi qəzet
Bu mövzunun ildə bir neçə dəfə qabarmasının müxtəlif səbəbləri olur. Biri isə mövsümi xarakter daşıyır. Hər dəfə tədris ili başlayan ərəfədə, azərbaycanlılar azyaşlı övladlarını rusdilli məktəblərə və ya orta məktəblərin rus dili bölmələrinə yerləşdirmək istəyəndə böyük müsabiqə yaranır və mübahisə düşür.
Bu, bir gerçəkdir: son 10 ildə xalqımızın, xüsusilə də paytaxt əhalisinin böyük bir qismi nədənsə övladlarına aşırı bir ehtirasla rusca təhsil vermək istəyirlər və bunu onların gələcəkdə elitar təbəqəyə daxil olması, özlərinə uğurlu karyera qurması üçün yaylı tramplin hesab edirlər.
Bu qənaətin yanlışlığını zamanında özləri də anlayacaq və illər əvvəlki seçimləri üçün peşman olacaqlar. Çünki gedişat onu göstərir ki, Rusiyanın neo-imperiya ambisiyaları müasir dövrdə ciddi müqavimətlə üzləşdiyi üçün rus dilinin yayılma arealı da getdikcə daralır. Gələcəkdə ana dilini lazımi səviyyədə bilməyənlər öz vətənlərində iş tapmaqda çətinlik çəkəcəklər.
Bu dilin ən işlək olduğu postsovet məkanında total şəkildə milli özünüdərk prosesi gedir, xalqlar öz milli dövlətlərini qurur, möhkəmləndirir, ana dillərini inkişaf etdirir, yenidən müstəmləkə olmaq istəmirlər.
Bu baxımdan artıq o xalqlar rus dilini ingilis, alman, ispan və fransız dilləri kimi adi xarici dil statusunda qəbul edirlər. Öyrənmək istəyən öyrənir, öyrənmək istəməyən üçün isə məcburi deyil.
O sovet dövründəydi, SSRİ-də təhsil verən bütün orta məktəblərdə rus dili öyrədilirdi – istisna söhbəti yox idi.
O vaxtlar kənd yerlərində rus dilinin öyrədilməsi çətin idi. Müvafiq mühit yox idi. Rayon mərkəzlərində isə məktəblərin rus dili bölməsində təhsil alanlar həm ana dilini, həm də rus dilini yaxşı öyrənirdilər və onlardan bir şey çıxırdı. Ancaq paytaxtda sırf rus məktəblərində oxuyanların da minusu o idi ki, ana dilini öyrənmirdilər. Xüsusilə də evdə, işdə, ictimai yerlərdə həmişə rus dilində danışanlar, elit zümrəyə məxsus olanlar üçün ana dilini öyrənmək çox çətin idi.
Ona görə də ötən əsrin 80-ci illərində Bakı Rusiyanın Rostov, Voronej, Samara şəhərlərindən seçilmirdi – adi santexnikdən tutmuş dəmiryol vağzalında biletsatanlara, xəstəxanaların qeydiyyat şöbəsində, univermaqlarda işləyənlərə qədər hamı rusca danışırdı. Nabələd adam ana dilində öz soydaşından ünvan soruşurdu, ona rusca cavab verirdilər.
İndi durum xeyli fərqlidir. Ancaq göründüyü kimi, rus dilinin qeyri-rəsmi dominant statusunu qorumaq üçün ciddi fəaliyyət göstərənlər var. Onlar rus dilinin arealının təbii şəkildə daralmasına müqavimət göstərir, genişlənməsi üçün çalışırlar. Nəticədə toqquşma baş verir. Məhz buna görə rusdilli məktəblər mövzusu vaxtaşırı aktuallaşır.
Rus dilinin Rusiya ilə qonşu ölkələrdə, eləcə də dünyanın bir çox yerində yayılması Kremlin xarici siyasətinin mühüm prioritetidir. Postsovet ölkələrində ayrı-ayrılıqda nə qədər rusdilli məktəblərin və rus bölmələrinin olduğu, onlarda nə qədər şagirdin və tələbənin rus dilində təhsil aldığı məsələsi RF-nin xarici siyasət idarəsinin xüsusi nəzarətindədir.
Bu üzdəndir ki, hansısa ölkədə müəllim rus bölməsində təhsil alan şagirdin qulağını çəkərsə, bu, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın bəyanat verməsinə səbəb ola bilər. Bir neçə ay öncə Daşkənddə elə bir hadisə olmuşdu. Şagird müəllimədən dərsdə rusca danışmağı tələb etmiş və buna görə fiziki təzyiqə məruz qalmışdı. Nəticədə söhbət gedib Kremlə çıxmışdı.
Qırğızıstanda yerli hakimiyyət orqanlarının rusdilli məktəbi şagird çatışmazlığı səbəbindən bağlaması və ya profilini dəyişdirməsi mümkün deyil. Moskva icazə vermir.
Ötən ilin fevral ayında Özbəkistanda jurnalistika universitetinin rektoru Şerzodxon Kudratxoca bu ölkədə yaşayanların özbək dilini öyrənməsinin vacibliyini bildirmiş, Marksdan belə bir sitat gətirmişdi: “Yaşadıqları ölkənin dilini bilməyənlər ya qonaqdır, ya dili assimilyasiya etmək istəyən işğalçıdır, ya da kütbeyindir”.
Buna görə Moskva Özbəkistan hökumətinə təzyiq edərək rektorun cəzalandırılmasını tələb edirdi. Ancaq prezident Mirziyoyev öz keçmiş mətbuat katibini lavrovlara “yedirtmədi”.
Yadınızdadırsa, RF prezidenti Putinin ölkəmizə son gəlişi zamanı üzərinə vurğu salınan məsələlərdən biri də ölkədə rusdilli məktəblərin sayının artması, rus dilində təhsilin genişlənməsi idi.
Yaxşı, Kreml nədən bu məsələyə bu qədər ciddi önəm verir?
Ona görə ki, bu, ona lazımdır. Bir ölkədə rusdilli kadr nə qədər çox olsa, həmin ölkədə Moskvapərəst rəğbət qrupları (eləcə də 5-ci kolon, xüsusi xidmət agentləri dəstəsi) formalaşdırmaq bir o qədər asandır. Rusiya rəhbərliyi xarici ölkələrdəki rusdilli məktəblərə özü üçün kadrlar hazırlayan baza kimi baxır.
Əslində istənilən ölkədə çoxlu xarici dillərin öyrənilməsi vacibdir. Xüsusilə də BMT-nin rəsmi dillərində danışmağı, yazmağı bacaran kadrların çox olması zəruridir. Ancaq xarici dillərin öyrənilməsi ana dilinin tədrisinin arxa plana keçirilməsi hesabına baş verirsə, bu, yolverilməzdir.
Bu ölkədə çox sayda ingilis dilini öyrənənlər də var. Təkcə Bakıda ingilis dilini bilən, ingilis bölməsində, eləcə də xaricdə ingilis dilində təhsil alan gənclərin sayı çoxdan yüz mini keçib. Ancaq imtahan üçün onları danışdırın, hamısı ana dilini də gözəl bilir.
“Elit rusdillilər”lə ingilisdillilərin əsas fərqi budur.
Uzun sözün kəsəsi, ölkəmizdə dövlət dii Azərbaycan türkcəsidir, qalan bütün dillər bizim üçün xarici dildir və heç birinin xüsusi statusu, dominantlığı yoxdur. Ola bilməz. Olmamalıdır.
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ