Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda 2023-cü ildə əldə olunan iqtisadi artım region ölkələri arasında ən aşağıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin 11 ayında ölkədə 110,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunub. Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb.
2023-cü ilin 11 ayında Gürcüstanda 6,1 faizlik, Ermənistanda 9,4 faizlik iqtisadi artım qeydə alınıb. Cənubi Qafqazın 3 ölkəsindən ikisindəki artımın əsas səbəbi olaraq Rusiya faktoru önə çəkilir. Həm erməni, həm də gürcü ekspertlər əldə olunan artımda Rusiya ilə iqtisadi, xüsusilə də ticari əlaqələrin 2022-ci ilin fevralından bəri görünməmiş sürətlə dərinləşməsinin böyük payı olduğunu bildirirlər. Bu zaman Ermənistan üzrə bu faktor artımın əhəmiyyətli hissəsini təmin edib, Gürcüstanda isə onun payı 30 faizə yaxın qiymətləndirilib. Ekspertlərə görə, Ermənistanda iqtisadi artımı tətikləyən sanksiyalı malların Rusiyaya reixracı, həmçinin Rusiyadan ölkəyə pul göndərişlərinin dəfələrlə çoxalması amilləridir. Gürcüstanda isə reixracdan daha çox Rusiyadan pul göndərişlərinin üstün rola malik olduğu qeyd edilir.
Maraqlıdır ki, bir sıra beynəlxalq qurumlar yaxın 3 ildə Ermənistan və Gürcüstanın iqtisadi böyüməsində Rusiya amilinin üstün rolunun qalacağını gözləyirlər. Buna görə də proqnozlarda hər iki ölkənin artım gözləntiləri Azərbaycandan xeyli yüksək görünür. Məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) “Dünyanın İqtisadi Mənzərəsi” adlı hesabatında qarşıdakı beş il ərzində dünya ölkələrinin iqtisadi göstəricilərinin proqnozunu verib. Hesabatda Cənubi Qafqazın üç ölkəsi barədə də iqtisadi göstəricilər yer alıb. Məlum olub ki, 2028-ci ildə ümumi daxili məhsulun (ÜDM) real artımının ən aşağı səviyyəsi Azərbaycanda olacaq - 2.5 faiz. Ən yüksək göstərici Gürcüstanda - 5.2 faiz gözlənilir. Ermənistanda isə artımın 4.5 faiz olacağı proqnozlaşdırılır.
BVF-nin IV Maddə üzrə Azərbaycan iqtisadiyyatının icmalının yekunlarına dair bəyanatında qeyd olunur ki, 2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 2,4 faiz, 2024-2028-ci illərdə - illik 2,3 faiz səviyyəsində gözlənilir.
Xatırladaq ki, BVF-nin missiyası 1-16 noyabr tarixlərində Azəraycanda səfərdə olub. Missiyanın gəldiyi qənaətə görə, Azərbaycanda inflyasiyanın azalması, neft və qazın yüksək qiymətləri ölkənin güclü xarici mövqeyini dəstəkləyib. Bank sektorunda vəziyyət yaxşılaşmaqda davam edir, lakin zəiflik üçün müəyyən risklər qalmaqdadır.
BVF-nin proqnozlarına görə, Azərbaycanın qeyri-neft ÜDM artımı 2023-cü ildə 4,2 faiz, 2024-cü ildə 3,6 faiz, 2025-2028-ci illərdə ildə orta hesabla 3,5 faiz təşkil edəcək. Neft sektorunda azalma 2023-cü ildə 1,5 faiz, 2024-2028-ci illərdə isə ildə orta hesabla 0,5 faiz olacaq.
BVF ekspertləri hesablayıblar ki, 2023-cü ildə Azərbaycanda ÜDM-in nominal həcmi 76,8 milyard dollar (2022-ci ildə - 78,7 milyard dollar), 2024-cü ildə - 79,7 milyard dollar, 2025-ci ildə - 82,8 milyard dollar, 2026-cı ildə - 86,2 milyard dollara yaxın, 2027-ci ildə - 89,7 milyard dollar, 2028-ci ildə - 93,8 milyard dollar təşkil edəcək.
BVF-nin qiymətləndirmələrinə görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 2022-ci ildəki 13,9 faizdən 9,4 faizədək enəcək, 2024-cü ildə 4,7 faizədək azalacaq, 2025-ci ildə 5 faizə artacaq, 2026-cı ildə - 4,5 faizədək enəcək, 2027-2028-ci illərdə illik 4 faiz ətrafında olacaq. Həmçinin 2023-cü il üçün Azərbaycanda cari əməliyyatlar hesabının profisiti ÜDM-in 12,4 faizi (2022-ci ildə ÜDM-in 29,8 faizi), 2024-cü il üçün - ÜDM-in 13,4 faizi, 2025-ci ildə ÜDM-in 10,5 faizi, 2026-cı ildə ÜDM-in 8,5 faizi, 2027-ci ildə ÜDM-in 7,7 faizi, 2028-cı ildə ÜDM-in 5,9 faizi səviyyəsində proqnozlaşdırılır.
Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in artımını 1,9 faiz, dünya bazarında neftin orta qiymətinin 60 dollar təşkil etməsi şəraitində 2024-cü ildə 2,4 faiz, 2025-ci ildə 2,9 faiz, 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 3,6 faiz səviyyəsində proqnozlaşdırır. Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz azalacağı, 2027-ci ildə ÜDM-nin tərkibində qeyri-neft/qaz sektorunun payının 78,7 faizə, neft-qaz sektorunun payının isə 21,3 faizə bərabər olacağı proqnozlaşdırılır.
Bəzi beynəlxalq agentliklər hökumətin bu optimizmini bölüşmürlər. Belə ki, Standard & Poors Beynəlxalq Reytinq agentliyi 2023-cü il üzrə Azərbaycanın real ümumdaxili məhsulunda (ÜDM) artım olmayacağını, 2024-2026-cı illərdə isə artımın 1,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb. Agentliyə görə, bu il nominal ifadədə Azərbaycanın ÜDM-nin 131 milyard manat (77 milyard ABŞ dolları) olacağı proqnozlaşdırılır. 2022-ci ildə 134 milyard manat (79 milyard ABŞ dolları) olan bu göstəricinin 2024-cü ildə 137 milyard manata (81 milyard ABŞ dolları), 2025-ci ildə 143 milyard manata (84 milyard ABŞ dolları), 2026-cı ildə isə 148 milyard manata (87 milyard ABŞ dolları) çatacağı gözlənilir: “Azərbaycan iqtisadiyyatı böyük ölçüdə karbohidrogen sektorundan asılıdır, neft və qaz ixracın 90 faizini və ÜDM-in təxminən 50 faizini təşkil edir. Hazırda ölkə əlverişli neft qiymətlərindən faydalanır, bu da öz növbəsində Azərbaycanın maliyyə vəziyyətini və tədiyə balansını dəstəkləyir. 2022-ci ildə ”Brent" markalı neftin təxminən 100 dollar/barel səviyyəsində təxmin edilən orta qiymətini nəzərə alaraq, orta neft qiymətlərinin 2023-cü ildə 86 dollar/barel, sonrakı illərdə isə 85 dollar/barel səviyyəsində yüksək olaraq qalacağını gözləyirik".
Vüqar Bayramov
BVF-nin Cənubi Qafqaz ölkələrində gözlənilən iqtisadi artımla bağlı proqnozu nə qədər realdır? İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, ölkələr üzrə iqtisadi artım göstəricilərini müqayisə edərkən iqtisadiyyatların həcmi mütləq nəzərə alınmalıdır: “Cənubi Qafqaz iqtisadiyyatının 60 faizindən çoxu Azərbaycana məxsusdur. Buna görə də iqtisadiyyatda artım faizini nəzərə alan zaman iqtisadi dəyərin hansı ölkədə daha böyük olduğunu da unutmaq olmaz. Azərbaycanın bu ilki və 2024-cü ildə gözlənilən iqtisadi artımın strukturuna baxdıqda görmək olur ki, artım əsasən qeyri-neft sektoru hesabına olacaq. Bu il də, gələn il də Azərbaycanda neft hasilatının azalması fonunda qeyri-neft sektorunda məhsul istehsalında yüksək artım qeydə alınacaq. Bunun nəticəsində ölkədə ümumi məhsul istehsalında artım olacaq. Yəni Azərbaycanda yaxın müddətdə iqtisadi artım əsasən qeyri-neft sektoru hesabına baş verməsi gözlənilir. Bu isə ciddi keyfiyyət dəyişikliyidir”.
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bugünkü şərtlər, həmçinin əvvəlki dövrlərdə mövcud olan indikatorlardan proqnozlaşdırma zamanı istifadə edilir: “Eyni zamanda paralel olaraq potensial iqtisadi inkişaf istiqamətləri, gözlənilən strateji yanaşmalar daxil edilməklə mümkün ssenarilər çıxarırıq. Bu ssenaridə doğru olan ondan ibarətdir ki, növbəti 5 ildə Azərbaycan iqtisadiyyatı region iqtisadiyyatlarından daha zəif iqtisadi inkişaf göstəriciləri nümayiş etdirəcək. Bu, artıq bir neçə ildir ki, belədir. 2023-cü ildə də eyni proses baş verir: baxmayaraq ki, işğaldan azad edilmiş ərazilərin bərpası kənd təsərrüfatı, tikinti və logistika sahəsində müəyyən təkan rolunu oynamalıydı, biz bu faktorun iqtisadi artıma ciddi təsirini görə bilmirik. Çünki Azərbaycan iqtisadiyyatı orta gəlir tələsinə düşmüş iqtisadiyyatdır. Yanaşmanın, fundamental oyun qaydalarının dəyişməməsi, yaxud yeni oyunda köhnə qaydalarla davam etmək cəhdləri fonunda atılan addımların Azərbaycan iqtisadiyyatını iri addımlarla irəli apara bilməyəcəyi məlum məsələdir. Bu, indiki halda ən ciddi çağırışlardan biridir”.
Ekspert qeyd edir ki, göstəricilərin, faizlərin dəyişməsi gözləniləndir: “Yəni iqtisadi artım faizi ilə bağlı müəyyən dəyişikliklərin edilməsi gözləniləndir. İndiyədək Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, Azərbaycan iqtisadiyyatına dair verilən proqnozların yeni reallıqlar nəzərə alınmaqla dəyişdirilməsi halları çox olub. Bu, adi bir haldır. Dəyişməyən bir məsələ var ki, o da Azərbaycan iqtisadiyyatının ən azı yaxın 5 ildə Gürcüstan və Ermənistan iqtisadiyyatından daha zəif sürətlə inkişaf edəcəyi reallığıdır. Ümid edək ki, bu çox ciddi çağırış Azərbaycan hökuməti tərəfindən layiqincə dəyərləndiriləcək və vəziyyəti ölkənin xeyrinə dəyişmək üçün zəruri olan qərarlar veriləcək, addımlar atılacaq”.
Dünya SAKİT,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ