Onlayn ictimai-siyasi qəzet
“Leyli və Məcnun” operası bu dəfə səhnədəki yaşlı ifaçılarla bağlı yaranan sosial media müzakirələri ilə gündəmdədir. Məcnun rolunu canlandıran Mənsum İbrahimov kimi, Leyli obrazını təqdim edən Xalq artisti Nəzakət Teymurova da tənqid hədəfinə tuş gəlib.
İddialara görə, yaşlı sənətkarlar gənc ifaçılara yol vermir. “Qoca Məcnun və dodağı silikonlu Leyli niyə gənclərə yol vermir” deyə narazlıqlar var.
Xalq artisti Nəzakət Teymurova Musavat.com-a müsahibəsində bu fikirlərə sərt cavab verib.
– “Leyli və Məcnun” operası ilə bağlı son günlər həm sizin, həm də Mənsum İbrahimovun səhnəyə çıxışınız ətrafında müzakirələr səngimir. Bu tənqidlərə necə yanaşırsınız?
– Düzünü desəm, bu barədə danışmaq istəmirəm. Hər gün opera ifaçıları yetişmir. Mənə maraqlı deyil. Gənc ifaçılarımız da var, gəlsinlər baxsınlar. Operaya getməyən adamlardır ki, hərəsi bir söz danışır. Heç yaxınlaşıb baxmayıblar ki, kimlər oxuyub.
Gündəmdə o qədər lazımsız adamları təbliğ edirlər ki... Sənət adamlarına da söz atırlar. Mən Azərbaycan musiqisinə xidmət edirəm. Getsinlər telekanallardakı biabırçılıqlardan danışsınlar. Sənətlə məşğul olan adamların beyinlərini doldurmasınlar.
– Sizcə, yaşlı sənətkarların səhnədə gənc rolları canlandırması tamaşaçını narahat edir, yoxsa tənqidçiləri?
– Tənqidçilər deyil, öz ətrafımızda sənətə qısqanclıqla yanaşan insanlardır. Öz ətrafımda olan həmkarlarımdır. Axı operada 4-5 Leyli, Məcnun var. Bunu bilib, sonra danışmaq lazımdır. Boş-boş danışmaqdansa, sussunlar. Biz Azərbaycan musiqisini təbliğ edirik, bayağı musiqiləri deyil. Üzeyir Hacıbəyovun əsərini oxuyuruq. Biz “Koroğlu”nu, “Aşıq Qərib”i oxuyuruq. Tarixi əsərləri ifa edən insanlara yanaşma fərqli olmalıdır.
– Bildiyim qədər, “Leyli və Məcnun” operası sizin və Mənsum İbrahimovun təqdimatında olanda biletlər qalmır, anşlaqla yola salınırsınız. Gənclərin ifası da belə maraqla qarşılanırmı?
– Onlar da bizim Azərbaycan musiqisinə xidmət edən gənc ifaçılardır. Tamaşa elan olunan kimi ətrafımızdakılar biletləri alırlar. Arxa yerlər üçün ancaq bilet qalır. Ona görə mən belə xırdaçılıqları qəbul etmirəm. Baxıb görsünlər kimlə danışırlar – 35 il milli musiqimizi təbliğ edən ifaçılarla. Hər il Azərbaycan operasında ifaçılar, xanəndələr yetişmir.
Görsünlər, kimin haqqında danışırlar. O qədər şou məlumatlarını yazmağa öyrəniblər ki, çaşırlar. İnsanları çaşdırırlar. Bayağı oxuyanlarla Azərbaycan musiqisinin sütunları olan ifaçıları bir tərəziyə qoyurlar.
– “Leyli və Məcnun” operasını neçə ildir ifa edirsiniz?
– 30 ilə yaxındır.
– Ümumiyyətlə, uzun illərdir deyilir ki, bu sahədə monopoliya var, gənclərə şərait yaradılmır...
– Üç Leylimiz var – Arzu, Gülzar, Nuranə. Məcnunu isə Elnur, İlkin, Xəyal ifa edirlər. Bəs bunlar kimdirlər? Bunu görmürlərsə, mən nə edə bilərəm? Biz ildə iki dəfə ustad dərsi kimi ifa edirik. O ifaçılar isə hər axşam səhnədə oynayırlar.
– Bu cür söhbətlər zaman-zaman təkrarlanır. Siz də sənətkar Arif Babayevin tələbəsisiniz. Elə onun haqqında da deyilirdi ki, yalnız qarabağlı xanəndələrə yol açıb, cənub bölgəsindən olanlara mane olub...
– Bu sənətdə qarabağlı, dağlı, şirvanlı, bakılı yoxdur. Səs varsa, sənətdə varsan. Arif Babayev sənəti olan ifaçıları sənətə gətirib. Bəziləri kimi bayağı ifaçılar yetişdirməyib ki...
Bunlar hamısı boş söhbətlərdir. Bu söz Arif Babayevin sənətinə, şəxsiyyətinə yaraşmır. Bu cür insanlara əhəmiyyət vermək lazım deyil.
Afaq MİRAYİQ,
Musavat.com
28 May 2025
27 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ