Onlayn ictimai-siyasi qəzet
Son günlər bəzi təxribatçı səhifələrdə Zəngəzur dəhlizi ilə Yaxın Şərq münaqişəsi arasında bağ qurmaq cəhdləri edilir.
Anti-Azərbaycan məzmunlu bu yazılarda Zəngəzur dəhlizi ilə Ərəb-İsrail barışığı və “İbrahim Razılaşmaları” arasında bağ olduğu, Zəngəzur dəhlizinin “İbrahim Razılaşmaları” çərçivəsində ABŞ tərəfindən irəli sürülmüş İMEC (The India-Middle East-Europe Economic Corridor) layihəsinə xidmət etdiyi iddia edilir.
Başdan-ayağa safsatadan ibarət, reallıqdan uzaq bir iddia və əslində, provokasiya olduğu üçün cavab verməyə dəyməzdi. Amma hazırda bütün dünyada, xüsusən də müsəlman aləmində bu mövzuya həssaslığın olduğunu və bu cür əsassız iddiaların əsl səbəbinin Azərbaycanı müsəlman aləmində gözdən salmaq, İsrailin maraqlarının xidmətçisi kimi təqdim etməyə çalışmaq cəhdi olduğu üçün ittihama cavab verməyə ehtiyac duyduq.
Bu iddia, əslində, ittihamda faktlar və proseslər qəsdən qarışdırılır. Əvvəlcə oradan başlayaq ki, “İbrahim razılaşmalarının” müəllifi ABŞ bu gün də Zəngəzur dəhlizinə qarşıdır, çünki bu dəhlizi Rusiya maraqlarına uyğun hesab edir. Yeri gəlmişkən, avqust ayında İran mediası Rusiya prezidenti Vladimir Putinin şəxsən İranın dini liderinə məktub göndərərək Zəngəzur dəhlizinə mane olmamağı xahiş etdiyini yazır, buna görə Rusiyaya etiraz edirdilər.
İkincisi, “İbrahim Razılaşması” planının işə düşdüyü və konkret olaraq 4 ərəb ölkəsi ilə sazişin imzalandığı 2020-ci ilin sentyabrında Azərbaycan Qarabağda müharibəyə belə başlamamışdı və ortada Zəngəzur dəhlizi mövzusu yox idi.
Bəli, Həmas 2023-cü ilin 7 oktyabrında İsrailə hücum etməklə sentyabrın 13-də Hindistanda G-20 ölkələrinin sammiti zamanı imzalanmış İMEC layihəsini pozmağı hədəfləmişdi və buna da nail oldu. Vaşinqtonun irəli sürdüyü bu layihə Hindistandan yüklərin dəniz yolu və avtomobil yolu vasitəsilə Dubaya, oradan isə dəmir yolu vasitəsilə Səudiyyə Ərəbistanı, İordaniya və İsraildən keçməklə Aralıq dənizinə - Avropaya çıxmağı nəzərdə tuturdu. Bu planın əsas hədəfi isə iqtisadi olmaqdan çox siyasi idi. Adları çəkilən və digər region ölkələri ilə İsrail arasında barışıq inkişaf edəcəkdi. Ancaq Həmas bu planı pozdu. Üstəlik bu hücumda İran yox idi. Hər halda rəsmi Tehran elan etdi ki, 7 oktyabr hücumunda iştirak etməyib. Ancaq məlum yazının müəllifləri İranın Qəzzadan hücum təşkil etməklə Amerika planını pozduğunu iddia edir. Bu da daha bir təzad.
İMEC layihəsinin özünə gəlincə, bu layihə regionun bir çox müsəlman ölkəsinin, o cümlədən, Türkiyə və Misirin maraqlarına ziddir. Çünki Misirin Süveyş kanalı əhəmiyyətini böyük ölçüdə itirəcək, Türkiyə isə yeni layihədən kənarda qalacaqdı. Məhz bu səbəbdən də illik 5 milyard dollar itkiyə məruz qalsa da, Misir Həmas və Qırmızı dənizi bağlayan husiləri ittiham etmir. Çünki iki zərərdən birini seçməli idi.
Türkiyəyə isə İMEC layihəsinə qarşı “İnkişaf Yolu” layihəsini irəli sürdü. İraqın Bəsrə Fav limanı ilə Türkiyəni birləşdirəcək dəmir yolu və avtomobil yolundan ibarət “İnkişaf Yolu” yüklərin Uzaq Şərqdən Avropaya ən yaxın marşrutu hesab olunur. 10 il əvvəl əsası qoyulan “İnkişaf Yolu” layihəsinin inşası məhz Qəzza müharibəsindən sonra bu ilin aprelində Ərdoğanın İraqa səfərindən sonra sürətləndirildi. Ehtimal olunur ki, 2028 və ya 29-cu ildə bu layihə işə düşəcək.
Azərbaycana gəlincə, Zəngəzur vilayətindən keçən və Azərbaycanın əsas ərazilərini Naxçıvanla birləşdirən dəhlizin olması həm iqtisadi, həm də siyasi baxımdan Bakı üçün xüsusi əhəmiyyət daşıyır. Birincisi, Naxçıvanla yaxın olacaq, ikincisi, Azərbaycan Çindən Avropaya yüklərin daşınması üçün mühüm bir alternativə çevriləcək. Bu dəhliz İranın iqtisadi maraqlarına zərər vura bilər. Amma hər bir ölkə ilk növbədə öz siyasi və iqtisadi maraqlarını düşünür, düşünməlidir.
Ancaq Zəngəzur dəhlizi məsələsi Yaxın Şərqdə davam edən qanlı müharibə və onun səbəbləri ilə heç bir bağa malik deyil. Çünki İMEC layihəsi ərəb-İsrail süni barışığını nəzərdə tuturdu və bu plan pozuldu. Zəngəzur isə Cənubi Qafqaz daxilində Azərbaycan və Ermənistan arasında həll olunacaq mövzudur, ərəb-İsrail münaqişəsi ilə heç bağı yoxdur.
...Son zamanlar erməni telegram kanalları da Azərbaycanı Yaxın Şərq münaqişəsi üzərindən “vurmağa” çalışır, Qarabağ və Qəzza üzərindən süni paralellər aparmağa çalışır. Amma buna kim inanar? Qarabağ, Zəngəzur və İrəvan tarixi Azərbaycan – müsəlman torpaqlarıdır. Uzun illər erməni işğalı altında qalan Qarabağ artıq azaddır. Əlbəttə, bir gün Qəzza və Fələstin də azad olacaq, müstəqil Fələstin dövləti qurulacaq, amma bunun səbəblərini Qafqazda – Zəngəzurda axtarmağa gərək yoxdur, bu münaqişənin açarı ərəb dövlətlərindədir, münaqişənin səbəbi və nəticələrini araşdırmaq istəyən Yaxın Şərqə baxmalıdır, Qafqaza deyil.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün
24 Dekabr 2024
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ