İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, Rusiya informasiya məkanından Azərbaycana mümkün təhdidləri bloklayır”-Ekspert  

 

24 iyun 2022-ci il tarixində Rusiya Federasiyanın xarici işlər naziri Serqey Lavrovun Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Ekspertlər bildirir ki, dünyada informasiyanın ən güclü və təsirli vasitə olduğu, Rusiyanın da dünyada geniş və önəmli informasiya məkanı kimi qəbul edildiyi bir vaxtda imzalanan sazişin Azərbaycan üçün çox ciddi əhəmiyyətli sənəd olmasına şübhə yeri qalmır.

Saziş informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınması məqsədi daşıyır.

Sazişdə informasiya təhlükəsizliyinin təmin olunmasına əsas təhdidlər sırasında aşağıdakı hallar qeyd edilir:

-dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar;

-mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları;

-terrorçuluğun təbliğatı və terror məqsədləri;

-dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması;

-millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması;

-vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar.

Tərəflərin bu Sazişə əsasən üzərinə götürdüyü öhdəlik xarakterli məsələlər isə təhlükəsizlik və sabitliyin qorunub saxlanılması, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət, mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmət, həmçinin ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyətin təmin edilməsi.

Rusiya və Azərbaycan arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq Sazişi bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan, başlıca təhdidlərə qarşı, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və s. hallarda informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi ilə mübarizəni nəzərdə tutan, informasiya-kommunikasiya texnologiyalarından sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadə məqsədini güdən əməkdaşlıq çərçivəsidir.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli Musavat.com-a şərhində bildirib ki, sözügedən sazişlə əslində Rusiya informasiya məkanından Azərbaycana mümkün təhdidləri bloklayır. Eləcə də Saziş erməni lobbisinin və Ermənistanın  Rusiyanın informasiya məkanında Azərbaycana qarşı fəaliyyətinə zərbə kimi də effektli olacaq. Bu sazişlə Ermənistanın Rusiya mediasında anti-Azərbaycan fəaliyyətinə əsaslı problem yaradılmış olur. Təsadüfi deyil ki, Azərbaycanla Rusiya arasında belə bir sənədin imzalanmasından artıq Rusiyadakı erməni diasporu, ermənilərin nəzarətində olan media orqanları, Ermənistan və Qarabağdakı erməni separatçıları narahatlıqlarını büruzə verməkdədirlər, təşvişə düşüblər.

Bu sazişə imza atmaqla Azərbaycan həmçinin terrorçuluğa qarşı mübarizəni gücləndirdiyini ortaya qoymuş oldu: “Son iki il müddətində  Azərbaycanın qonşu dövlətlərlə apardığı müzakirələrə, imzaladığı müqavilələrə diqqət yetirsək görərik, əməkdaşlıq üçün nəzərdə tutulan məsələlər sırasında informasiya işi ön sıralarda dayanır. Məsələn, başa vurduğumuz həftə içində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistana səfər etdi, təqribən 20 sənədə imza atıldı.  Bu çərçivədə Azərbaycan Respublikası  Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu imzalandı. İki ölkə arasında informasiya işi müstəvisində ən müxtəlif kontekstlərdə əməkdaşlıq edilməsi razılaşdırıldı.  Bundan bir ay öncə-mayın 14-də isə İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısı keçirilmişdi. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi üzv Macarıstan və Türkmənistanın dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını  möhkəmləndirmək idi. Paralel olaraq, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Platforması da fəaliyyət göstərir. Bənzər nümunələrin sayını çoxaltmaq olar, amma çıxan nəticə birdir. Bu kontekstdə cərəyan edən  proseslərə diqqət yetirsək görərik ki, ortada vahid bir məqsəd, konkret hədəfə yönəlmiş  proqram var. İnformasiya işi, informasiya təhlükəsizliyi yaşadığımız əsrin bir nömrəli problemidir və Azərbaycan öz ətrafında informasiya təhlükəsiliyinə təminat verən, sağlam informasiya dövriyyəsinə şərait yaradan  bir mühit formalaşdırır. Düzdür, hər bir ölkə ilə imzalanmış müqavilənin özünün spesifikası var, informasiya mübadiləsinə ən müxtəlif  kontekstlərdə yanaşılır. Amma sənədlərdə əks olunan  müxtəliflik içərisində birinin digərinə informasiya yardımı göstərməsi,  informasiya təhlükəsizliyinin təmin edilməsində qarşılıqlı əməkdaşlıq da qırmızı xətt kimi keçir. Fikrimcə,  Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında imzalanmış Saziş  də bu kontekstdə şərh edilməlidir”.

Ekspertin sözlərinə görə, Sazişə diqqət yetirəndə görürük ki, orada informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınmasını ehtiva edən müddəalar çoxluq təşkil edir. Dövlətlərin suverenliyinə, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktların qarşısının alınması, terrorçuluğun təbliğatına qarşı olmaq, dövlətlərin  daxili işlərinə qarışmamaq kimi  digər məsələlər bu sazişdə  yer tutur: “Bu məsələlər çox əhəmiyyətlidir. Onlar Rusiya informasiya məkanından Azərbaycana mümkün təhdidlərin  bloklanmasını təmin edəcək, Ermənistanın  Rusiyanın informasiya məkanından Azərbaycana qarşı fəaliyyətinə zərbə olacaq. Hansı ki, Azərbaycanın buna çox ehtiyacı var. Erməni şəbəkəsi Azərbaycana qarşı informasiya savaşını müxtəlif ölkələr üzərindən həyata keçirir ki, bu sırada Rusiya da vardır. İndi Rusiya üzərindən qurulan hücumların zərərsizləşdirilməsi üçün addımlar atılır ki, imzalanmış saziş bu addımlara hüquqi platforma yaradacaq”.

 

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR