Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 12:45
İraq parlamenti qızlar üçün minimum nikah yaşını yarıya endirən mübahisəli qanun layihəsini nəzərdən keçirir. 1959-cu ildən bəri ölkədə qızların nikaha girməsi üçün minimum yaş həddi18 idi. Nəzərdə tutulan qanun dəyişikliyə uğramadan qəbul olunsa, yaş həddi 9-a enəcək.
Bu qanun layihəsini ölkənin Ədliyyə Nazirliyi hazırlayıb. Rəsmilərin fikrincə, qızlar ibtidai məktəbi bitirdikdən dərhal sonra, 9 yaşından ərə verilə bilər. Hesab olunur ki, bu, onlara “əxlaqsız münasibətlərdən” qaçmağa kömək edəcək. Oğlanlar üçün də “güzəşt” nəzərdə tutulur, ancaq yaş həddini çox aşağı salmaq istəmirlər. Oğlanlar 15 yaşına çatanda ailə qura biləcəklər.
Pedofiliyanın legitimləşdirilməsi demək olan bu qanuna görə insan haqları təşkilatları və iraqlı qadınlar həyəcan təbili çalır. Çünki 9 yaşlı qız yeniyetmə də deyil, məhz uşaqdır.
UNİCEF-in məlumatına görə, onsuz da İraqda qanunları pozaraq qızların 28%-ini 18 yaşına çatmamış ərə verirlər. Hüquq müdafiəçiləri hesab edir ki, iraqlı qadınların təhsili və sağlamlığı onsuz da çox yaxşı deyil, amma qanun qəbul olunarsa, vəziyyət daha da pisləşəcək.
Qanun layihəsində nikah yaşının aşağı salınması ilə yanaşı, ailələrə boşanma, uşaq və əmlak bölgüsü, vərəsəlik məsələlərinin dünyəvi hakimiyyət və ya dini nümayəndələr (şiə və ya sünni) arasından kimin həll edəcəyini seçmək hüququnun verilməsi təklif edilir. Ekspertlərin fikrincə, bu, qadınların hüquqlarının geniş şəkildə pozulmasına gətirib çıxaracaq, çünki bütün işlər kişilərin xeyrinə həll olunacaq.
Bu qanun layihəsi artıq iyulun əvvəlində müzakirəyə çıxarılıb, lakin qanunvericilərin əhəmiyyətli hissəsi onun əleyhinə səs verib. Kiçik düzəlişlərdən sonra parlamentdə hakim şiə partiyalarının dəstəyi ilə qanun yenidən müzakirəyə çıxarılıb. İndilikdə İraqda qızların 9 yaşında ərə verilməsinə qarşı çıxanlar çoxdur, lakin analitiklər qanun layihəsinin bu dəfə də rədd edilib-edilməyəcəyini proqnozlaşdıra bilmirlər. Çünki ölkədə 9 yaşlı qız uşaqlarını alıb arvad etmək istəyən pedofillər də çoxdur. Bu qanun qəbul olunarsa, İraq bu xüsusda dünya rekordu vuracaq. Hazırda Kambocada qızlar 13 yaşından ərə verilə bilərlər – uyğun qanun var.
Qeyd edək ki, Səddam Hüseynin rejimi ABŞ tərəfindən devrilənə qədər İraqda qızlar üçün evlilik yaşının aşağı salınması barədə heç bir söhbət getməyib. Onun ölümündən və dini partiyalar blokunun hakimiyyətə gəlməsindən sonra belə qanun layihələri daha tez-tez müzakirəyə çıxarılmağa başladı.
Onu da deyək ki, hələ sovet dövründə uzun illər İraqda işləmiş folklorşünas alim Qəzənfər Paşayevin “6 il Dəclə-Fərat sahillərində” kitabında bu məsələyə də toxunulub. Ancaq o zamanlar İraqda qızları qanundan yan keçərək 12-13 yaşında ərə verirmişlər. İraqlılar bu adəti onunla izah edirmişlər ki, İraq isti ölkədir, ona görə də burada qızlar tez yetişir.
Ancaq bu, havayı söhbətdir, Alyaska, Qrenlandiya, Norveç kimi şimal ölkələrində qızlar 9-12 yaşlarında hansı bioloji, fiziki göstəricilərə malikdirlərsə, hansı psixoloji durumda olurlarsa, cənubda yerləşən ölkələrdə - İraqda, Liviyada da həmin vəziyyətdə olurlar. Sadəcə, şimal ölkələrində sapıq adamların pedofiliya ehtirasları qanunlarla boğulursa, cənubda baş verən hakimiyyət dəyişikliklərindən sonra iqtidara yiyələnən şəriət rejimi tərəfdarları dərhal köhnə əsrlərin adət-ənənələrinə qayıtmaq istəyirlər.
Araz Altaylı, Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ