Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Bayden məktubunda Bakı ilə İrəvan arasında sülh sazişinə dair çağırış edib.
"Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək.
Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm", - deyə Bayden qeyd edib.
"ABŞ-nin Azərbaycan-Ermənistan gündəmi üzrə fəallaşması Vaşinqtonun Cənubi Qafqaz üzrə perspektiv strategiyasında açar proseslər əldə etməsinə hədəflənib".
Musavat.com xəbər verir ki, bu sözləri siyasi təhlilçi Aqşin Kərimov öz sosial media hesabında mövzunu şərh edərkən bildirib.
A. Kərimovun fikrincə, ABŞ bununla Cənubi Qafqazdakı Zəngəzur dəhlizi layihəsi oxunu Ağ Evin Mərkəzi Asiya siyasəti ilə vahid geosiyasi məkan kontekstində inkişaf etdirmək planını açıqlayır:
"ABŞ "3+3" formatında keçirilən axırıncı görüş kontekstinin məntiqi davamında nəticə əldə etmək üçün "Bakı proqramını" qabardır. Vaşinqton bunun üçün Rusiya təsirlərini zəiflətməyi düşünsə də, nəticədə Azərbaycan-Ermənistan sülh danışıqları üzrə Vaşinqton-Moskva trafikində canlanmanın olmasının tərəfdarıdır.
Moskvanın da bir gözü Ağ Evlə əməkdaşlıq və müzakirələrin davam etməsinə zillənib, Kreml bundan ən çox Ukraynadan güzəşt qoparmaq üçün istifadəyə çalışır. ABŞ Gürcüstandakı seçki nəticələrinə uyğun şəkildə regionda strategiya izləməyi üstün tutur və bu məsələdə Azərbaycanla maraqların tutuşdurulmasını məqsədəuyğun variant hesab edir".
Siyasi təhlilçi hesab edir ki, Co Baydenin İlham Əliyevə məktubunda Bakı-İrəvan razılaşmalarının sülh sazişi şəklində imzalanmasına çağırış edilməsi böyük ehtimalla Azərbaycanı müqayisəli dərəcədə əmin etmək mənasını ehtiva edir:
"ABŞ proseslərə həm də onun Yaxın Şərqdə, Ukraynada ipin üstündə ola biləcəyi ehtimalları fonunda yanaşaraq geniş xarici siyasət yürüdür.
İndi ABŞ üçün müharibələri, münaqişələri öz istədiyi formada həll etmək və ya dondurmaq həyati əhəmiyyət daşıyır. Çünki ABŞ-nin əsasən də Yaxın Şərqdə əvvəlki tək tələb qoymaq və ona nail olmaq qabiliyyətləri kəskin şəkildə azalma təhlükəsi ilə üzləşib. Buna görə də ABŞ kompensasiyaedici bir manevr qazanmaq üçün Cənubi Qafqaz teatrında Azərbaycan-Ermənistan münasibətləri üzrə "rəsmi atəşkəs" əldə etmək üçün təsvirlər yaradır. Bu, nəticədə Ağ Evin İran üzrə siyasətinin yeni elementlərlə yenilənməsi prinsiplərinin nəzərdən keçirilməsidir".
Aqşin Kərimov qeyd edib ki, COP29-a qarşı ABŞ-dəki məlum dairələr kampaniya aparsalar da, nəticə etibarı ilə Vaşinqton bu mötəbər tədbirin keçirilməsinin əleyhinə deyil:
"ABŞ COP29 tədbirini Cənubi Qafqazda təhlükəsizlik və sülh üçün tədbirlərin açarı kimi təqdim edir. ABŞ əslində bununla əsl niyyət və məqsədlərini fərqli bir şəkildə ifadə edir, yəni Azərbaycana qarşı fəallaşmış qüvvələrin səsini almaq üçün prosesi sülh, təhlükəsizliyin açarı kimi təsvir verir. ABŞ Azərbaycanla əlaqələrin gələcəyini özünün regional maraqları üçün vacib sayır, eyni zamanda Vaşinqton prezident seçkiləri ərəfəsində ABŞ-dəki erməni maraqlarının təmsilçiliyini rahatlaşdırmağı planlaşdırır. Çünki ABŞ paralel xətlərlə həm COP29, həm də erməni icmasının maraqlarını güdən oxu təmsil etməyə çalışır.
Azərbaycanın ABŞ-nin istəkləri çərçivəsində Ermənistanla sülh sazişinə tələsməyəcəyi aydındır. ABŞ İlham Əliyevlə keçirdiyi görüşün nəticələrini Ermənistanla müzakirə edəcək və yüksək ehtimalla İrəvan Bakının tələbləri qarşısında Vaşinqtonun təlimatları əsasında geri çəkilməyə məcbur qalacaq. Bu, sülh sazişinin imzalanması ilə yekunlaşmasa da, sülh üçün lazım olan alternativ bir sənədin ortaya çıxmasını şərtləndirə bilər. Bu məsələ Azərbaycanın Zəngəzur dəhlizi layihəsində strateji nəticələr əldə etmək uğrunda manevrlərini gücləndirən faktor kimi diqqət çəkmək potensialına malik olacaq".
Xalidə Gəray
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ