Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan tərəfi bunu Rusiyanı qıcıqlandıracaq səviyyədə etməyəyə çalışırdı. Gerçəkdən bu, Azərbaycanın böyük qələbəsidir. Bölgədən, Qarabağdan, dünyanın gözünün olduğu mübahisəli məkandan Rusiya qoşunlarının çıxarılması sadə bir proses deyil”.
Musavat.com xəbər verir ki, bu fikirləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu “TV Müsavat”ın efirind’ deyib.
O əlavə edib ki, bu, mərhələli bir prosesdir: “Bundan əvvəl xeyli müddət danışıqlar gedib, razılaşmalar əldə olunub. İndi isə onun görüntülü tərəfləri ortaya çıxmaqdadır. Bu da ondan ibarətdir ki, Rusiya kontingenti artıq Kəlbəcər kimi mühüm strateji və xristian dünyası üçün son dərəcə mənəvi olan Xudavəng postunu tərk edib. Burada artıq heç bir problem olmadan Azərbaycan polisləri xidmət həyata keçirirlər. O cümlədən, Xocalıda cəmlənmiş, Xocalı aeroportunu da tam olaraq öz istifadəsində saxlamış Rusiya kontingenti artıq oranı da tərk etməyə başlayıb. Proses artıq başlayıb. Narahatlığa heç bir əsas yoxdur. Biz bunu media qurumu olaraq ən mötəbər mənbələrdən dəqiqləşdirməsək yaymazdıq. İndi hansı mərhələdə Rusiya Müdafiə Nazirliyi və Azərbaycan Dövləti tərəfindən rəsmən elan olunacaq, bu, dövlətlərarası anlaşmanın və münasib zamanı gözləməyin nəticəsində baş verəcək. Amma media quruluşlarının işi prosesi, məlumatı zamanında, rəsmi xəbərlərdən daha öncə ictimaiyyətə çatdırmaqdır ki, biz də bunu həyata keçiririk. Burada önəmli tərəflərdən biri odur ki, Rusiya sülhməramlıları bölgədən çıxmaq istəmirdilər. Azərbaycandan özləri üçün xüsusi sülhməramlı qanunu belə tələb edirdilər və istəyirdilər ki, Azərbaycan parlamenti onların buradakı varlığını təsdiqləsin, qanuniləşdirsin. Bu, mümkün olmadı. Azərbaycan dövləti buna müqavimət göstərdi və danışıqlar nəticəsində biz bugünkü nəticəyə gəlmişik.
İkincisi, sülhməramlıların orada qalması erməni əhalisinin nə zamansa Rusiya dövləti vasitəsilə “rus sülhməramı” adı altında fəaliyyət göstərən rus əsgərinin süngüsü vasitəsilə qayıda bilərdi. Ehtimallar var idi, biz də bu barədə dəfələrlə danışmışdıq. Hətta Rusiya Xarici İşlər nazirinin birinci müavini Qalozinin, Rusiyanın Ermənistandakı səfiri Kopirkinin bu məsələlərlə bağlı iki dəfə açıqlamaları oldu ki, ancaq Rusiya erməniləri Qarabağ ərazisinə qaytara bilər. Ermənilərə rüşvət təklif edirdilər ki, Rusiya yönünüzü davam etdirin. Rusiya ilə münasibətləri normallaşdırın, öz başınızdakı qərbyönümlü hakimiyyəti kənara atın. Bu zaman Rusiya Qarabağdan köçmüş, qaçmış erməniləri geri qaytara bilər. Artıq bu mexanizm də yoxdur. Bu layihədən də Rusiya imtina etmiş durumdadır”.
Rauf Arifoğlu onu da qeyd etdi ki, Rusiyanın bu bölgədə qalmasının artıq mənası yoxdur: “Rusiya yükdən başqa bir nəsnə deyil. Hazırda Ukrayna cəbhəsində əsgərə ehtiyacı olan Rusiyanın Qarabağda heç bir əsas olmadan Azərbaycanın bir köşəsində böyük hərbi kontingent saxlaması da hərbi nöqteyi-nəzərdən ağılsızlıqdır. Bu proses ən yaxın günlərdə bitəcək. Azərbaycan növbəti parlament seçkilərinə ərazisində heç bir yabançı əsgər olmadan gedəcək. Azərbaycan öz suveren haqlarını Qarabağ ərazisində tam və birmənalı şəkildə təmin etmiş olacaq”.
Afaq Mirayiq,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ