İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məhsulların qiymətlərində növbəti artım gözlənilir - İqtisadçıdan ŞOK proqnoz  

Dövlət Statistika Komitəsi sentyabr ayında ən çox bahalaşan məhsulların adını açıqlayıb.
Statistikaya əsasən cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, balıq və balıq məhsullarının, yumurtanın, xamanın, kəsmiyin, kərə yağının, armudun, şaftalının, qozun, fındığın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, qara və yaşıl çayın qiymətlərində müşahidə olunub. Ucuzlaşma isə limonun, bananın, almanın, üzümün, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qarşıdakı aylarda hansı məhsulların qiymətində bahalaşma, hansında ucuzlaşma gözlənilir?

Mövzu ilə bağlı iqtisadçı-alim Vüsalə Əhmədova Musavat.com-a danışıb.

İqtisadçı qeyd edib ki, məhsulların bahalaşmasına və ya ucuzlaşmasına təsir edən bir neçə faktor var:

"Bunlar əsas etibarilə, istehsal xərcləri, tələb və təklifin nisbəti həmçinin də, pul kütləsi və inflyasiya kimi iqtisadi faktorlar, iqlim dəyişiklikləri və hava şəraiti kimi mövsümi və təbii faktorlar, valyuta məzənnəsi və beynəlxalq bazar qiymətləri olmaqla xarici faktorlar, logistika xərcləri və qismən də sosial psixoloji faktorlardır. Mövsümü bitməkdə olan, ya da idxaldan asılı olan mallarda ehtimal olunur ki, növbəti aylarda da bahalaşma olsun.

Məsələn, soyuq mövsümə keçid və yem xərclərinin təsiri səbəbindən ət və ət məhsullarında 3-7%, kərə yağı, xama, pendir, kəsmik kimi süd və süd məhsullarında 3-10% bahalaşma ehtimal olunur. Açıq sahə məhsullarının mövsümünün başa çatması və istehsalın istixana rejiminə və ya idxala keçməsi səbəbilə pomidor, xiyar, badımcan və bibərin qiymətində 30-40%, soğan və sarımsaqda 8-10%, yerkökü və çuğundurda 3-4%, həmçinin də, qoz və fındığın qiymətində bahalaşma ola bilər. Dünya bazar qiymətində artım tendensiyası olan xüsusilə qara və yaşıl çayda, kofedə də artım gözlənilir. Alma, armud, üzüm, heyva, nar kimi mövsümi meyvələrdə cüzi də olsa ucuzlaşma baş verə bilər".

Vüsalə Əhmədova: “İldə bir neçə bank müflis elan olunaraq bağlanacaqsa...”

İqtisadçının sözlərinə görə Azərbaycanda qiymətlərin düşməsi üçün sadəcə məhsul bolluğu və ya mövsümi faktorlar kifayət deyil:

"Məsələn, dəniz mövsümü başlayıb, bu səbəbdən dünya bazarlarında əsasən balıq və balıq məhsullarının qiymətində azalma yaşanır. Ancaq ölkəmizdə bu tendensiyaya rast gəlmirik. Azərbaycanda qiymətlərin düşməsi üçün iqtisadi strukturda dəyişikliklər, rəqabətli bazar, sabit valyuta və istehsal xərclərinin azalması da tələb olunur. Bu şərtlər formalaşmayınca, bahalaşma davamlı, ucuzlaşma isə ancaq qısamüddətli və mövsümi olacaq. Bu vəziyyət, az rəqabətli, idxaldan asılı və qeyri-diversifikasiya olunmuş iqtisadi sistemlərin tipik simptomudur". 

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR