Onlayn ictimai-siyasi qəzet
Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır. Komissiyanın ilk iclasının bu gün keçiriləcəyi gözlənilir. Əfv Komissiyası bu ildən yeni tərkiblə fəaliyyət göstərəcək.
Komissiyanın tərkibi müvafiq sərəncamla dəyişib. Belə ki, keçmiş deputat Sədaqət Vəliyeva komissiya üzvlüyündən çıxarılıb, onu Milli Məclisin VII çağırışının deputatı Mehriban Vəliyeva əvəz edib. Bundan başqa, Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Aygün Mikayılova da Əfv Komissiyasının üzvləri sırasına daxil edilib.
Bəs hüquq müdafiəçilərinin gözləntiləri nədir? Onlar Əfv Komissiyasının yeni tərkibini necə dəyərləndirirlər?
Rəşad Məcid
Məsələ ilə bağlı Mətbuat Şurasının sədri Rəşad Məcid “Yeni Müsavat”a danışıb: “Əfv məsələləri Cənab Prezidentin müstəsna səlahiyyətidir və əfv də fərdi şəkildə müraciətlər əsasında həyata keçirilir. Bu müraciətlər toplanır, araşdırılır və qaydalara uyğun olaraq müzakirəyə çıxarılır.
Şübhəsiz ki, Əfv Komissiyasının üzvlərinə də müraciətlər daxil olur. Mənə də bu müddət ərzində ayrı-ayrı müraciətlər daxil olanda, onları ünvanına uyğun şəkildə yönləndirirəm. Əfv Məsələləri Komissiyasının ilk iclasında son bir il ərzində təxminən neçə müraciət daxil olduğunu və onlardan neçəsinin qaydalara uyğun olaraq komissiyanın müzakirəsinə təqdim ediləcəyini biləcəyik. Hər halda, iclaslar başladıqdan sonra bu barədə daha ətraflı məlumat vermək mümkün olacaq. Əfv Komissiyasının iclaslarında hər bir müraciətə həssaslıqla yanaşılır. Həm Əfv Komissiyası üzvlərinin, həm də hüquq-mühafizə orqanlarının rəyləri araşdırılır və yekun rəyə gəlinərək sənədlər hazırlanıb cənab Prezidentə təqdim olunur. Hazırda Əfv Komissiyasının işindən asılı olaraq konkret tarix demək mümkün deyil, amma bəlkə mart və ya may aylarında komissiya işini tam yekunlaşdırdıqdan sonra sənədlər cənab Prezidentə təqdim olunacaq".
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə qeyd edib ki, Əfv Komissiyasının üzvlərinə böyük hörməti var və onlara uğurlar diləyir: “Eyni zamanda Əfv Komissiyasından gözləntilərimiz həmişə olduğu kimi böyükdür. Bəzən biz siyahıda görürük ki, 300, 400, 500, hətta 700 nəfər əfv olunur. Əslində isə bu, yalnız həmin şəxslərlə məhdudlaşmır. Bir adamın ətrafında 10, 100 nəfər sevinirsə, bu, minlərlə insanın sevincinə səbəb olan bir addım olur. Bu baxımdan belə hesab edirəm ki, budəfəki əfv fərmanının Novruz bayramı ərəfəsində olması ehtimalı böyükdür. Həm kəmiyyətinə, həm də keyfiyyətinə görə fərqli olmasını istəyirik. Daha çox insanın əfv siyahısında adının olmasını arzu edirik. O ki qaldı bizim Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun adından həmişə etdiyimiz müraciətlərə, cənab Prezident və komissiya üzvləri həmişə böyük hörmətlə yanaşıblar. Daha doğrusu, bizim qaldırdığımız məsələlərdə humanistlik nümayiş etdiriblər və ümid edirəm ki, bu dəfə də belə olacaq. Amma konkret olaraq kimləri siyahıda görmək istədiyimiz sualına cavab verə bilməyəcəm. Çünki biz həmişə çalışmışıq ki, bu siyahılar komissiyaya təqdim edildikdən sonra ictimailəşməsin. Bəzən görürsən ki, insanlar narazı qalır, zəng vururlar ki, niyə bizi yazmamısınız? Hətta elələri olub ki, əfv siyahısına adları təqdim olunduqdan sonra etiraz ediblər ki, biz əfv istəmirik. O baxımdan siyahıları məxfi saxlayırıq. Amma ictimaiyyət bilsin ki, hüquq müdafiəçiləri olaraq biz - Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı və mən - həmişə Əfv Komissiyası ilə işləməyə üstünlük vermişik. Bu dəfə də öz siyahılarımızı təqdim edəcəyik və artıq bəzilərini etmişik. Ümumilikdə belə hesab edirəm ki, inşallah, bizim də qaldırdığımız məsələlərə bir daha diqqətlə, hörmətlə yanaşılacaq və siyahıda olan şəxslərin adlarının əfv sərəncamında olmasının şahidi olacağıq. Allah bütün islah olunmuş, azadlığa çıxması üçün heç bir problemi olmayan, hüququn və qanunun imkan verdiyi şəxslərin qapısını açsın”.
Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirdi ki, amnistiya aktı təşəbbüsü adətən cənab Prezident İlham Əliyev və ya birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qaldırılır, əfv sərəncamı imzalamaq isə ölkə Prezidentinin müstəsna səlahiyyətinə aid olan məsələdir: “İstəyirəm ki, əfvdən əlavə amnistiya da olsun. Yəni, amnistiya əfv qərarı ilə birlikdə olsun ki, bu məsələni tam şəkildə həll edək. Çox adam artıq cəzasının üçdə ikisini çəkib, vaxtları çoxdan çatıb və bizim siyahıda olanların çoxu artıq islah olunub. Onların hamısının azadlığa buraxılmasını istəyirik.
Yeni tərkibli Əfv Komissiyasının üzvlərinin daha məsuliyyətli olacağına, bu məsələlərə daha diqqətlə yanaşaraq, hər bir müraciəti ədalətli və şəffaf şəkildə qiymətləndirəcəyinə inanıram. Bu, həm cəmiyyətin, həm də müraciət edənlərin güvənini artırar və əfv fərmanlarının daha böyük təsir yaratmasına səbəb olar".
İndiyədək Azərbaycanda 70 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Sözügedən humanist addımların nəticəsində minlərlə şəxs azadlığa qovuşub.
Ən böyük əfv sərəncamı isə 2023-cü ildə olub. Belə ki, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan bu əfv sərəncamı müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır. Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Sonuncu əfv sərəncamı isə ötən ilin may ayında imzalanıb. Sərəcamla 154 nəfər əfv edilib, onlardan 63-ü cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
71-ci əfv sərəncamının neçə nəfəri əhatə edəcəyi hələlik məlum deyil.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ