Onlayn ictimai-siyasi qəzet
Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında baş tutmuş üçlü görüşün gizlinləri yavaş-yavaş üzə çıxır. Bir daha bəlli olur ki, media üçün verilən quru, kasad bəyanatlara rəğmən, əsas hədəf heç də kapitulyant ölkənin “iqtisadi immuniteti”ni artırmaqla bağlı olmayıb. Qat-qat təhlükəlisi İrəvana vəd edilən hərbi dəstək məsələdir.
Gerçəkdən də Ermənistana bir neçə yüz milyon dollarlıq iqtisadi yardıma görə dünyanın ən qüdrətli dövlətinin ali rəsmisinin – Blinkenin özünün sıx iş qrafikinə rəğmən, belə “xırda şeyə” görə Vaşinqtondan basa-basa Brüsselə gəlməsi ağlabatan deyil. Demək, “torbada” nəsə olub...
Artıq görüşün şok pərdarxası açılmağa başlayıb. Bu barədə Caliber.az-a etibarlı mənbələrdən daxil olan bilgilərə görə, ABŞ və Avropa İttifaqının təkziblərinə baxmayaraq, Vaşinqton və Brüsselin Ermənistana hərbi-siyasi dəstəyi hansı istiqamətlərdə və konkret hansı proqramlar əsasında verəcəyi müəyyənləşib.
Sayt bu xüsusda daha ətraflı məlumatları az sonra geniş ictimaiyyətlə paylaşacağını bildirib. Amma onu da qeyd edib ki, Qərbin Ermənistana dəstəyinin dərəcəsi bütün gözləntilərimizi üstələyib. “Əminik ki, Gürcüstan və Moldova çox təəccüblənəcək - axı ermənilər gürcülərin və moldovalıların ancaq arzulaya bildiyi bir köməyi əldə edirlər. Və təəssüf, hər şey göstərir ki, bu dəstək ilk növbədə Azərbaycana qarşı yönəlib”, - məlumatda qeyd olunub...
Belə çıxır, Ermənistan hazırda bölgədə kollektiv Qərb üçün Gürcüstandan da “matah” ölkə olub?
İlk baxışda bəli. Amma yalnız ilk baxışda. Çünki Qərbin, daha dəqiqi, onun aparıcı dövləti ABŞ-ın postsovet məkanı ilə bağlı siyasətin diqqətlə izləyənlər bilir ki, söhbət heç də “Sem dayı”nın “Qafqaz qaraçıları”na, yaxud Ermənistana və ya Gürcüstana hüsn-rəğbətindən getmir.
Səbəb bəsitdir: Vaşinqton regionda Rusiyaya qarşı rıçaqlarını, Ermənistan timsalında “peşka”ların sayını artırmağa ümid edir. Gürcüstan onsuz da onun ovcunun içindədir, heç yerə “qaça bilməz”. Bütövlükdə isə ABŞ-ı (Qərbi) nə Ermənistan düşündürür, nə də Gürcüstan və ya “demokratik dəyərlər”. Daha çox bölgə və oradan keçən beynəlxalq marşrutlara nəzarəti ələ almaq, bu mümkün olmadıqda isə həmin yolları mümkünsüz etmək, “sabitsizlik zolağı” yaratmaqdır.
Lazım gələrsə, Qərb bunun üçün aranı qarışdırmağa, hətta yeni hərbi toqquşmalar yaratmağa da hazır görünür. Necə ki, Ukrayna 3 ildir od-alovun içindədir. Bundan ötrü ilkin zəmin də var: Ermənistan tərəfdə, Azərbaycanla şərti sərhəddə Avropa İttifaqının uzunmüddətli, yarım-hərbi (əslində kəşfiyyatçılardan ibarət) casus missiyası...
Bir daha bu fikrin altını cızmaq zorundayıq ki, Birləşmiş Ştatlar başda olmaqla, Qərbin bölgədə daimi və ədalətli sülhdə maraqlı olduğuna o vaxt inanırıq ki, Vaşinqton və Brüssel Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə ərazi iddiaları ilə bağlı İrəvanı ağla gətirsin, ona təsir etsin, Zəngəzur dəhlizinin açılmasını əngəlləməsin.
Bunu isə görmürük. Əksinə, Brüssel “sxodka”sından sonra ABŞ-ın Ermənistana hərbi məsləhətçi və hərbi texnika göndərməyə hazırlaşdığı bəlli olub. Bu mövzuda ötən həftə “Azadlıq” radiosunun erməni xidmətinə danışan səfir Kristina Quinn tərəflər arasında hərbi sahə üzrə aktiv müzakirələr aparıldığını etiraf eləmişdi.
“Biz İrəvana hərbi müşavir də göndərəcəyik. O, Ermənistan Müdafiə Nazirliyində əyləşəcək və hərbi potensialın artırılmasına kömək edəcək”, - diplomat vurğulamış və kapitulyant ölkəyə hərbi texnikanın çatdırılmasının müzakirə predmeti olduğunu söyləmidi: “Ermənistanın hərbi sahədə nəyə ehtiyacı ola biləcəyi ilə bağlı davamlı müzakirələr aparırıq. Artıq bir neçə məsələdə razılığa gəlmişik”.
Diplomat həmçinin Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasına ABŞ-ın qoşula biləcəyini də istisna etməmiışdi. Yeri gəlmişkən, bu gün ona Qərbin daha bir ölkəsi - Kanada da qoşulub – öz təmsilçisi ilə.
Satılmağa hazır olan bədbəxt erməniyə də elə gəlir ki, tələdə get-gedə böyüyən pendir yemək üçündür...
Siyasət şöbəsi,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ