İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel danışıqlarının iflası?!

Minsk Qrupunu xortlatmaq cəhdləri, Aİ rəsmisinin Qarabağ ermənilərini “nəzərə almaq” fikri və... Əliyevdən növbəti cavab; Tofiq Zülfüqarov: “Biz görüntü xatirinə prosesi uzatmaq fikrində deyilik...”

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilməsi gözlənilən Brüssel görüşü baş tutmayıb. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn keçirdiyi mətbuat konfransında bildirib.

Bununla bağlı Azpolitika.info diplomatik mənbəyə istinadən yazır ki, Bakının imtinasının real səbəbləri var. “ATƏT-in Minsk Qrupunun həmsədrlik mexanizmindən danışmağa davam edirsə, Azərbaycana qarşı ərazi iddiaları irəli sürürsə, o zaman görüşlərin keçirilməsinin nə mənası var? Və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bəyanatları yoxlanılmalıdır”, - deyə danışıqlar prosesi ilə tanış olan mənbə öz şərhində qeyd edir.

Xatırladaq ki, iyunun 6-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar reallıq hissini tamamilə itirdiyindən, yoxsa ermənilərə xoş gəlmək üçün erməni mətbuatına müsahibəsində həddini aşan mövqe ifadə edib. “Qarabağ ermənilərinin fikri nəzərə alınmadan hərtərəfli nizamlanmaya nail olmaq mümkün deyil”, - deyə irəli gedib. Klaar daha sonra iddia edib ki, Qarabağda yaşayan insanlar hərtərəfli nizamlanmaya nail olmaqda əsaslı şəkildə maraqlıdırlar: “Mən şəxsən görmürəm ki, bu adamların fikirləri və baxışları nəzərə alınmadan belə bir nizamlanmaya necə nail olmaq olar. Prezident Mişel açıqlamasında çox şey qeyd etməyib. Bu bəyanat həll edilməli olan bütün məsələləri əhatə etmədi. Amma fakt budur ki, biz həmişə münaqişənin hərtərəfli həllinə ehtiyac olduğunu vurğulamışıq. Biz bu istiqamətdə işləyirik”.

Beləliklə, maraqlı mənzərə yaranır: ABŞ Dövlət Departamenti Minsk Qrupunu “diriltməyə” cəhd edir, Avropa İttifaqının rəsmisi isə ermənipərəst mövqe sərgiləyərək, Şarl Mişelin pozitiv bəyanatlarına “düzəliş” etmək, Qarabağdakı erməni azlığının da “mövqeyinin nəzərə alınması” arzusunu ifadə edir. Beləliklə, bu faktlar onu göstərir ki, ABŞ-ın Brüsseldə başlamış prosesi dəstəkləməsi və eləcə də Avropa Birliyinin son təşəbbüsləri demə, əslində ermənilərin mənafeyini güdməyə xidmət edir, səmimi və obyektiv deyilmiş. Bu da Brüssel danışıqlarının iflası təəssüratı yaradır. Bununla belə, iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında bir daha qeyd etdi ki, Minsk Qrupuna ehtiyac yoxdur, biz Minsk Qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq: “Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk Qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”a qeyd etdi ki, prinsipcə Brüssel platforması Soçidən fərqlənmir, yalnız coğrafi fərq var. Analitik hesab edir ki, ermənilər sülh sazişinin prinsiplərini müzakirə etmək niyyətində görünürlər: “Amma əslində Ermənistan görüntü yaratmaq istəyir. Onlar hazır deyil ki, müharibənin yaratdığı reallıqları nəzərə alsınlar. Halbuki Ermənistanın köhnə mövqeyi keçmişdə qalmalıdır. Ona görə biz görüntü xatirinə prosesi uzatmaq fikrində deyilik. Çünki Ermənistan konkret addımlardan boyun qaçırır. Rəsmi İrəvan hesab edir ki, bu şəkildə işi uzatsın, onların qənaətinə görə, Azərbaycan da daha güc tətbiq etməz, o səbəbdən müharibədən əvvəlki taktika davam edir”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

T.Zülfüqarovun fikrincə, sülh müqaviləsi ilə bağlı vəziyyət dalana dirənib: “Kommunikasiyalara gəlincə, bilməliyik ki, Laçın koridoru 5 illik verilir, Zəngəzur dəhlizi isə müddətsiz bizə verilirdi. Amma Ermənistan bu məntiqdən də qaçmaq istəyir. İrəvan deyir ki, dəhliz yox, kommunikasiya olacaq. Ona görə sülh prosesi dalandadır. O zaman hansı variant qalır? Təbii ki, təcrübəmizdə sülhə məcburetmə var. Biz 44 günlük savaşla göstərdik ki, prosesi uzadıb bu yerə çatdıranda sülhə məcburetmə imkanından istifadə edirik”.

Sabiq XİN başçısının fikrincə, Ermənistan 10 noyabr sənədində götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır: “Hələ də Qarabağda silahlı birləşmələrini saxlayır. Bu fakt kifayət edir ki, bizim güc tətbiq etmək üçün əlavə səbəb axtarmağa ehtiyac yoxdur. Avqustun 30-da Ermənistan ordusunun sonuncu əsgəri bölgədən gedəcək, amma nə olsun? Sonra müqaviləli xidmət göstərəcəklər. Deməli, muzdlu olacaqlar. Bu, müharibənin davamı deyilmi? Açıq şəkildə təcavüzün davamıdır və biz də aydın siyasət yürütməliyik. Bu gün onlara zərbə vurmağımız üçün əsasımız var. Faktiki, təmas xətti yaradırlar və hərbi təcavüzü davam edirlər. O zaman sülhməramlılar nə iş görür? O baxımdan məntiqli suallar çoxdur və hər birinə aydınlıq gətirilməlidir”.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Paşinyanın müsahibəsində Minsk Qrupunu diriltməyə çalışacağını vurğulaması, sərhəd məsələsini həll etməyə və sülh sazişini imzalamağa həvəsinin olmadığını, Zəngəzur dəhlizinə müqavimətini davam etdirəcəyini söyləməsinə diqqət yetirmək lazımdır: “Paşinyan bir tərəfdən cəmiyyətini yeni müharibə ilə qorxutmağa çalışır, digər tərəfdən İkinci Qarabağ müharibəsinin ölkəsi və milləti üçün ağır nəticələrini unutmağa çalışır. Əks halda, razılaşdırılan məsələlərin həllini uzatmazdı. Fikrimcə, problemin kökü bundadır”.

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Dövlət Departamentinin son məlumatında qeyd olunur ki, “amerikalı həmsədr həmkarları ilə ”Dağlıq Qarabağ münaqişəsini" müzakirə edib, lakin rusiyalı həmsədr bundan imtina edib". Onun fikrincə, bu, “Vaşinqton Minsk Qrupunu dirildirmi”, yaxud “niyə indi bu haqda danışır” suallarını ön plana çıxarır: “Halbuki Ukraynada müharibənin başlanmasından sonra tərəflər ard-arda həmsədrliyi xüsusi nümayəndəyə çevirməklə qrupu birlikdə ”dəfn" etdilər. ABŞ-ın bu taktiki dəyişikliyinin iki mümkün hədəfi var: birincisi, Ermənistan üzərində Rusiya ilə mübarizədir, Moskva Minsk Qrupunu Vaşinqtonun ləğv etdiyini və Qərbin Ermənistanın maraqlarını nəzərə almadığını bildirir, bununla İrəvana “onlara bel bağlama” mesajını ötürür, ikincisi, Vaşinqton indi buna qarşı əks-həmləyə cəhd edir, bir qədər də irəli gedərək, praktiki addım atdığını nümayiş etdirir. Hər iki tərəf bölgədəki proseslərdə iştirakçılıq payını artırmaq, yaxud digərinin önünü kəsmək üçün Ermənistandan kart olaraq istifadə etməyə çalışır. Hər iki masadakı gündəlik Bakının bu və ya digər formada maraqlarına uyğun olduğu üçün Azərbaycan mübarizədə kimin önə çıxacağını seyr edən və buna uyğun addım atan tərəfə çevrilib".

Manukyan Paşinyanı Elçibəylə müqayisə etdi, Bakıdan sərt cavab gəldi

Oqtay Qasımov

Siyasi ekspert Oqtay Qasımovun fikrincə, Paşinyan sosial şəbəkə üzərindən canlı yayım zamanı bir sıra məqamlara toxunub və işlətdiyi fikirlər əvvəllər səsləndirdiyi ziddiyyətli fikirlərin davamı kimi görünür: “Paşinyan, sadəcə olaraq, çox yaxşı bilir ki, Ermənistan 10 noyabr razılaşmasından sonra həm 11 yanvar, həm də 26 noyabr tarixlərində keçirilmiş üçtərəfli görüşlərdə əldə edilən öhdəlikləri yerinə yetirmir. Bununla paralel olaraq Brüssel görüşləri keçirilib, son iki görüşdə konkret məsələlər müzakirə edilib və qərarlar alınıb. Amma Ermənistan bu öhdəlikləri də yerinə yetirmir, prosesi uzatmaq və əngəlləməklə məşğuldur. Bu səbəblərdən özünün hərəkətlərinə hansısa formada əsas yaratmaq istəyir. Guya Azərbaycan 30 ildən artıqdır ki, Ermənistanı izolyasiyada saxlayır və bundan sonra da saxlamaqda maraqlıdır. Məsələn, elə bu fikrin özü ziddiyyətlidir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR