Onlayn ictimai-siyasi qəzet
The Telegraph qəzetindəki məqaləsində Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles 2025-ci ildə Rusiyaya qarşı təzyiqlərin artırılmasını və onun beynəlxalq arenada tamamilə təcrid edilməsini tələb edib.
Musavat.com xəbər verir ki, o, Rusiyanı “bandit dövlət” adlandıraraq, onu həbsdə görmək istədiyini bildirib.
“Bu bandit dövlətlə nə etməli? Məncə, digər banditlər kimi Rusiya da həbsxanada olmalıdır – özü üçün yaratdığı həbsxanada,” – deyə Ben Uolles vurğulayıb.
Keçmiş nazir qeyd edib ki, Rusiyaya tətbiq olunan sanksiyalara baxmayaraq, bu ölkə özünü elə aparır ki, guya heç nə baş verməyib.
Uolles yazır: “Bizim Qərb paytaxtlarımız və elit məktəblərimiz hələ də Putinin zəngin tərəfdarları ilə doludur. Rusiya özünün “kölgə donanması” ilə neft ixrac edir, kabelləri kəsir və malları qaçaqmalçılıq yolu ilə daşıyır. Məşhur Britaniya brendləri hələ də Moskvada satılır – biz həmin brendlərə qarşı addımlar atmağı düşünməliyik. Buna görə də 2025-ci ildə biz qərar verməliyik ki, Qərb Rusiyanın ətrafında hündür həbs divarları ucaltmalıdır. Biz bütün boşluqları bağlamalı və qapıları kilidləməliyik.”
O, həmçinin Kipr, Birləşmiş Ərəb Əmirlikləri və İsveçrəyə kollektiv diplomatiya vasitəsilə müraciət edərək, ruslar üçün maliyyə və fəaliyyət platformalarını bağlamağa çağırıb. Uollesin fikrincə, Rusiyanı cinayətkar kimi tamamilə təcrid etmək lazımdır.
“Putinin həqiqi dostları olmadığını görən zaman, o, zəif görünəcək və hər bir təşkil olunmuş cinayətkar ailədə olduğu kimi, onun günləri də sayılacaq. Bəziləri deyə bilər ki, Putin heç yerə getməyəcək. Amma bu cür ekspertlər Əsədin zəiflədiyini, Cənubi Koreyada çevriliş cəhdini və “Taliban”ın qələbəsini gözdən qaçırıblar. Son illər bizə öyrətdi ki, cəmiyyətlərimiz düşündüyümüzdən daha kövrəkdir və diktatorlar məğlub ola bilərlər”.
Uolles məqaləsində Uinston Çörçilin məşhur sözlərini sitat gətirib: “Diktatorlar pələnglərin belində ora-bura gedirlər və bu pələnglərdən düşməyə cəsarət etmirlər. Amma pələnglər ac qalır”.
Uolles əlavə edib: “Tezliklə rusiyalı dul qadınlar və analar da ac qalmağa başlayacaq”.
Uollesin bu sərt bəyanatı beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı daha sərt tədbirlər görməyə çağırır. Keçmiş nazirin fikrincə, yalnız təcrid və təzyiq Putin rejiminin zəifləməsinə və Rusiyanın beynəlxalq siyasətdəki təsirinin azalmasına səbəb ola bilər.
Musavat.com
16 Yanvar 2025
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ