Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya və bir sıra Avropa İttifaqı ölkələri Rusiyadan neft daşıyan tankerlərə nəzarəti gücləndirməyi planlaşdırır ki, bu da yeni sanksiyalara səbəb ola bilər.
Musavat.com xəbər verir ki, bu barədə mənbələrə və sənəd layihəsinə istinadən Bloomberg məlumat yayıb.
Agentliyin yazdığına görə, müvafiq fəaliyyət planı iyulun 18-də Londonda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində müzakirə olunacaq. Agentlik bu müzakirədə Böyük Britaniyadan başqa hansı ölkələrin iştirak edəcəyini dəqiqləşdirməyib.
Sənəd layihəsində deyilir ki, onu tərtib edənlər “gəmilər və vasitəçilər tərəfindən yaranan risklərə cavab tədbirlərini əlaqələndirmək, təhdidləri aradan qaldırmaq məqsədilə özəl sektor və digərləri ilə işləmək” üçün Rusiya neftini daşıyan tankerlər haqqında məlumat paylaşmaq istəyirlər.
Həmçinin sənəddə qeyd edilir ki, bir sıra ölkələrin rəsmiləri və ekspertləri "təcili" konkret tədbirlər görmək üçün yeni iş formatı quracaqlar: "Bir çox qaranlıq donanma gəmiləri sığortasızdır və pis saxlanılır, bir çoxları əsas təhlükəsizlik və ətraf mühit standartlarını və qaydaları pozan fəaliyyətlərlə məşğul olur".
Sənəd layihəsini hazırlayanlar gəmi sahiblərini, operatorları və sığorta şirkətlərini öz öhdəliklərini yerinə yetirməyə və “kölgə donanmasının” fəaliyyətinin qarşısını almağa, müəyyən etməyə və hesabat verməyə kömək etməyə çağırır.
Mənbələrdən biri agentliyə bildiriblər ki, Rusiya tankerlərinə nəzarət üçün əlavə tədbirlərin görülməsi onlara münasibətdə yeni sanksiyalarla nəticələnə bilər.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ