İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya baş kəşfiyyatçısının sirli İrəvan səfəri

Riçard Mur Bakıya niyə gəlmədi; deputat: “Zəngəzur dəhlizi onun təmsil etdiyi dövlətin marağında olan Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm marşrutlardan biridir”

Ötən həftəsonu qeydə alınan maraqlı siyasi olaylardan biri də Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin (Mİ-6) rəhbəri Riçard Murun İrəvan səfəri oldu. Xəbər verildiyi kimi, Ermənistan paytaxtında onu baş nazi Nikol Paşinyan qəbul edib. Rəsmi məlumatlara görə, görüşdə Cənubi Qafqaz regionunda baş verən proseslər müzakirə edilib. Söhbət zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunulub.

Qeyd edək ki, ingilis kəşfiyyat zabiti, 1963-cü il (Liviya) doğumlu Riçard Mur Böyük Britaniyanın Türkiyədəki səfiri, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Siyasi Məsələlər üzrə baş direktoru olub. 

Dünyanın ən güclü məxfi servislərindən sayılan Mİ 6 şefinin İrəvan səfəri region və ətrafında olduqca həssas durumun hökm sürdüyü, o sırada Azərbaycan və Ermənistan arasında danışıqların İrəvanın günahından dalana girdiyi, həmçinin Ukraynaya görə Rusiya-Qərb münasibətlərinin təzədən “soyuq savaş”a daxil olduğu dönəmə təsadüf edir. Hazırda Moskvanın məxsusən London və Vaşinqtonla münasibətləri kritik xarakter daşıyır. Ermənistan isə Rusiyanın “arxa bağçası” yox, forpostu sayılır. Sadalanan səbəblərdən rəsmi Moskvanın R.Murun səfərinə olduqca həssas yanaşacağı şübhəsizdir.

Xatırladaq ki, bu il iyulun 15-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Vilyam Börns da İrəvanda olmuş, Ermənistan rəhbərliyi ilə danışıqlar aparmışdı. Ondan cəmi 3 gün sonra isə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Ermənistan paytaxtında peyda olmuşdu. Bu dəfə də Narışkinin tezliklə İrəvana baş çəkəcəyi ehtimalı böyükdür.

Ričard Mur: Moguće rešenje za Kosovo ove godine - Politika - Dnevni list  Danas

Bəs Mİ-6 rəhbərinin İrəvan səfərində əsas məqsəd nə olub? Riçard Mur nədən Bakıya da baş çəkmədi, əgər İrəvanda regionumuzda baş verən prosesləri də müzakirə edibsə? O, Paşinyanın qulağına nə pıçıldayıb getdi? Səfərin “səsi” nə vaxt çıxacaq?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Riçard Murun İrəvan səfəri regional xarakter daşıyır və belə səfərlərdə məxfilik qorunur: “Bu ilin yayında ABŞ-ın kəşfiyyat rəhbəri Uilyam Börns İrəvana səfər etdi. Uilyam Börns Bakı və Tiflisdə də olmuşdu. Lakin səfərlə bağlı təkcə Ermənistan hakimiyyəti açıqlama verdi. Ermənistan hakimiyyəti Rusiya ilə ABŞ arasında vurnuxur və belə səfərlərlə bağlı məlumatları ictimailəşdirməklə Rusiya qarşısında öz qiymətini qaldırmağa çalışır. O zaman Uilyam Börnsün səfərindən 2-3 gün keçməmiş Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də İrəvana getdi. Bu baxımdan, Riçard Murun regional səfərinin Ermənistan tərəfindən ictimailəşdirilməsini təsadüfi saymaq olmaz”.

Arzu Nağıyev: Ermənistanda seçki öncəsi siyasi böhran daha da dərinləşəcək  - AZƏRTAC

Arzu Nağıyev

Deputat Britaniya kəşfiyyatının rəhbərinin Türkiyə ilə bağlı maraqlı səhifələrinə də toxunub: “Türkiyə Riçard Mur bioqrafiyasının ən maraqlı səhifələrindən biridir. Mİ-6-nın rəhbəri vəzifəsinə təyin olunmazdan əvvəl o, 2014-2017-ci illərdə Böyük Britaniyanın Türkiyədəki səfiri olub. 2016-cı ilin iyulunda Türkiyədə baş verən məşhur çevriliş cəhdindən sonra Türkiyə Prezidentinə dəstək ifadə edən bəlkə də yeganə Qərb diplomatıdır. Riçard Mur Türkiyədə səfir missiyasını başa vurduqdan sonra 2 il Britaniya Xarici İşlər Nazirliyində çalışıb, 2020-ci ildə, Qarabağda baş verən müharibə ərəfəsində Britaniya kəşfiyyatının rəhbəri vəzifəsinə təyin edilib. 2020-ci il noyabrın 13-də Mİ-6-nın rəhbəri Riçard Murun Ankaraya səfəri baş tutub. O, burada Türkiyə Prezidentinin müşaviri İbrahim Kalınla görüşüb və Qarabağı müzakirə edib. Riçard Mur regondakı proseslərə yaxşı bələd olan kəşfiyyat rəhbəridir”.

Deputat deyib ki, azərbaycanlı ekoaktivistlərin, QHT nümayəndələrinin Xankəndi yolundakı aksiyası da regional siyasətə təsir edən amillərdəndir: “Riçard Murun səfərinin məqsədləri sırasında önə çıxan amil Zəngəzur dəhlizinin açılması məsələsidir. Bu gün Laçın yolunda baş verənlər Bakının "Zəngəzur və Laçın dəhlizi eyni rejimdə işləməlidir" hədəfinə uyğundur. Bu istiqamətdə atılan ilk addımdır. Zəngəzur dəhlizi Riçard Murun təmsil etdiyi dövlətin marağında olan Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm marşrutlardan biridir. Dəhlizin iqtisadi əhəmiyyəti qədər siyasi əhəmiyyəti də var.

Riçard Murun səfərində Zəngəzur dəhlizinin Rusiya tərəfi olmadan həyata keçirilməsi müzakirələrinin aparılması ehtimalı da böyükdür".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR