Onlayn ictimai-siyasi qəzet
BRİKS-in avqustun sonunda Yohannesburqda keçiriləcək 15-ci sammitinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov gedəcək. Bunu Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosanın ofisi açıqlayıb.
Əslində bu sammitdə RF prezidenti Vladimir Putin iştirak etməlidir. Çünki bu, Braziliya, Rusiya, Hindistan, Çin və CAR dövlət başçılarının sammitidir (BRİKS – bu dövlətlərin ingiliscədəki adlarının baş hərflərinin abbreviaturasıdır).
Amma o, bilindiyi kimi, bir müddətdir “ölkə dustağı”na dönüb, başqa ölkələrə gedə bilmir, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qətnaməsi ilə Cənubi Afrikada həbs oluna biləcəyindən qorxur. Ona görə də, Putin "tərəflərin qarşılıqlı razılığı ilə" sammitə şəxsən gedə bilməyəcək, sammitin işində keçənilki kimi videokonfrans vasitəsilə iştirak edəcək.
Düzdür, CAR tərəfi, konkret olaraq prezident Ramafosan qonaq çağırdığı şəxsi tutub beynəlxalq məhkəməyə verməz, amma yenə də ehtiyat igidin yaraşığıdır, Ramafosanın vətənində quramafason işlər ola, ortalıq qarışa bilər.
Problem ondan ibarətdir ki, bu il martın 17-də BCM-nin ibtidai palatası baş prokuror Kərim Xanın tələbi ilə Vladimir Putinin və uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə dair order verib.
BCM-nin press-relizində deyilir ki, onlar “əhalinin (uşaqların) qanunsuz deportasiyası və Ukraynanın işğal olunmuş rayonlarından Rusiya Federasiyasına qanunsuz köçürülməsi şəklində hərbi cinayət törətməkdə” şübhəli bilinirlər. BCM-nin qərarının tam məzmunu açıqlanmayıb.
Rusiya BCM-ni yaradan Roma statutunu imzalayıb, lakin 2016-cı ildə müqavilələr hüququ üzrə Vyana konvensiyasına uyğun hərəkət edərək, BMT baş katibinə onun iştirakçısı olmaq niyyətində olmadığını bildirib. CAR isə 2000-ci ildə həmin qanunu ratifikasiya edərək, "məhkəmə yurisdiksiyasına daxil olan cinayətlərin təhqiqatında və təqibində məhkəmə ilə tam əməkdaşlıq etməyi" öhdəsinə götürüb.
Bu cür əməkdaşlığın formalarına axtarışda olan şəxsin statutun iştirakçısı olan tərəfin ərazisində olması halında tutulması və məhkəməyə verilməsi barədə vəsatətin icrası daxildir.
Başqa sözlə, Putin CAR-a səfər etsə, bu ölkə onu tutub saxlamamağa məcburdur. Ümumiyyətlə, bu cür öhdəliyi olan ölkələr çoxdur və onlardan biri də Ermənistandır. Rəsmi İrəvan bir-iki dəfə belə bir bəyanat verib ki, Putin Ermənistana gəlsə öz öhdəliyini yerinə yetirməyə məcbur olacaq. Buna görə Rusiya və Ermənistan arasında gərginlik yaşanmışdı, amma, deyəsən, ruslar və ermənilər bu xüsusda dil tapa biliblər.
CAR-ın təcrübəsində bu ilk hadisə deyil. Bu ölkə Sudanın prezidenti Ömər əl-Bəşirlə bağlı da bənzər duruma düşüb. Məsələ ondadır ki, Beynəlxalq Cinayət Məhkəməsi Sudanın diktatoru Ömər əl-Bəşirin 2003-cü ildə Darfur bölgəsində hərbi suç işləmək və bəşəriyyətə qarşı cinayət (kütləvi qırğın, işgəncə, etnik təmizləmə) törətmək göstərişi verməkdə ittiham edərək barəsində həbs qərarı verib.
Bu səbəbdən Ömər əl-Bəşir 2013-cü ildə Nelson Mandelanın dəfn mərasimində iştirak etməyib, 2014-cü ildə o, yenidən seçilmiş prezident Ceykob Zumanın andiçmə mərasimində də iştirak edə biməyib, çünki o, Cənubi Afrika hökumətindən toxunulmazlıq zəmanəti ala bilməyib. Bununla belə, 2015-ci ildə əl-Bəşir orada çoxtərəfli sammit konfransının iştirakçısı kimi iştirak edib və onun statusu daxili qanunlarla deyil, Avrika İttifaqının imtiyazlar və immunitetlər haqqında ümumi konvensiyası ilə müəyyən edilib. CAR-ın Afrika İttifaqı ilə sazişi olduğundan əl-Bəşir bu ölkədə olarkən Yohannesburq Ali Məhkəməsinin Hutenh şöbəsi onun BCM-ə təhvil verilməsi üçün həbs edilməsi məsələsi həll olunana qədər ölkədən çıxmasına icazə verilməyəcəyinə dair qərar çıxarıb. Ancaq hökumət bu qərara əməl etməyib və əl-Bəşirin ölkəni tərk etməsinə icazə verib. Ali Məhkəmə bu hərəkəti qanunsuz hesab edib. Sərəncamın yerinə yetirilməməsindən Ali Apellyasiya Məhkəməsinə şikayət verilib və o, birinci instansiyanın rəyini qüvvədə saxlayıb.
Əl-Bəşirlə bağlı insident Cənubi Afrikada ciddi konstitusiya böhranına səbəb olub və ölkənin demək olar ki, BMC-dən çıxması ilə başa çatıb. Məhkəmə ilə onun ən böyük və ən nüfuzlu afrikalı iştirakçısı arasında münaqişə hələ də tüstülənir.
BRİKS Afrika İttifaqından fərqli olaraq, beynəlxalq təşkilat deyil və hələ də imtiyazlar və immunitetlər haqqında konvensiya da daxil olmaqla müqavilələr sistemi əldə etməyib. Buna görə də sonuncular ümumi beynəlxalq hüququn mənbələri və qəbul edən ölkənin öhdəlikləri ilə tənzimlənir, siyasi bəyanatda və ya hüquqi aktda ifadə edilir.
BCM əl-Bəşirin həbsi üçün orderlər verərkən Sudanın Darfur əyalətində törədilən cinayətlərlə bağlı sənədləri məhkəməyə göndərən BMT Təhlükəsizlik Şurasının səlahiyyəti arxasında gizlənib. BMT TŞ isə heç də prezidentin həbsini tələb etməmişdi. Bu, BCM-in qərarı olub.
Rusiya vətəndaşlarının həbsinə dair orderlər Kərim Xanın təşəbbüsüdür. Rusiya tərəfi hesab edir ki, burada müxtəlif motivlər var, hətta şəxsi motivləri də istisna etmək olmaz. Putin haqqında order çoxsaylı “dəstək qrupları” tərəfindən dəstəklənib.
Ancaq şübhəli olan odur ki, gerçəkdən də Rusiyanın pəncəsinin çata biləcəyi məsafədə yerləşən hansısa ölkə (məsələn, Ermənistan) Putini həbs etməyə cürət edərmi?
Hərçənd o, həbs ediləndən və əmr vermək imkanı olmayandan sonra prezident səlahiyyətlərinin qanuni icraçısı olan şəxs “fürsət bu fürsətdir” deyə hakimiyyəti götürə, beynəlxalq birliklə anlaşa və bu, dünya tarixinin ən rahat başa gələn saray çevrilişi ola bilər. Ötən illərdə olmasa da, bu il maksimalistliyi, inadkarlığı ilə çox adamı bezdirmiş, ölkəni dərin girdaba salmış, dünya ilə üz-üzə qoymuş Putinin kreslosu çox laxlayıb. Ondan narazı olan yüksək ranqlı məmurlar və oliqarxlar fürsət axtarırlar.
Ona görə də Putin heç bir ölkəyə getmir və sona qədər də getməyəcək.
Araz Altaylı, Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ