Onlayn ictimai-siyasi qəzet
Braziliya rəhbərliyi dövlət çevrilişinə cəhddə ittiham olunan keçmiş respublika prezidenti (2019-2022) Jair Bolsonaronun məhkəməsi başlayandan sonra ABŞ tərəfindən yeni sanksiyaların tətbiqinə hazırlaşır.
Musavat.com xəbər verir ki, məlumatı yerli G1 portalı mənbələrə istinadən yayıb.
Ölkənin keçmiş liderinin məhkəməsi sentyabrın 2-də başlayır. Braziliyanın hazırkı prezidenti Luiz İnasio Lula da Silvanın administrasiyası Bolsonaro işini Ağ Evin respublikaya qarşı tarif siyasətində əsas amillərdən biri hesab etdiyi üçün ABŞ-ın sanksiya təzyiqinin artacağını gözləyir.
Eyni zamanda, portalın yazdığına görə, Brasiliya ABŞ-dan artıq avqustun əvvəlində tətbiq edilən və bir sıra mallar üzrə 50 faizə çatan tariflərə cavab tədbirləri hazırlamağa başlayıb. Bununla yanaşı, ölkə hakimiyyəti hesab edir ki, ABŞ-ın hərəkətlərinə güzgü cavabı yalnız milli iqtisadiyyat üçün mümkün nəticələrin hərtərəfli təhlilindən sonra mümkün olacaq.
Bolsonaro, Lula da Silvanın 2023-cü ilin yanvarında hakimiyyətə gəlməsinin qarşısını almaq üçün sui-qəsdin təşkilində ittiham olunur. Eks-prezidentə hökm oktyabr ayına kimi çıxarıla bilər.
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ