İnsanlara hürriyət, millətlərə istiqlal!

BQXK-nın imicini zədələyən davranışı - rəylər

Qurum qaçaqmalçılığın məsuliyyətini üzərinə götürmək istəmir; deputat: “Xankəndi ofisi Bakı ofisinə tabe etdirilməli, əks halda isə bağlanmalıdır”

Ermənistan Respublikası ilə dövlət sərhədində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin qarşısını alıblar. Nəhayət, onların bu əməlləri ifrat həddə çatıb və DSX bununla bağlı açıqlama yayıb.

Ötən müddət ərzində Ermənistandan Azərbaycana gələn BQXK-nın maşınlarında gizlədilmiş, bəyan edilməmiş, qaçaqmal keçirilən xeyli sayda əşya, yanacaq və s. aşkarlanıb.

“Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdır.

BQXK-ya məxsus olan və tibbi təxliyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır.

Yuxarıda qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılmışdır.

Bütün qaçaqmalçılıq faktları yerində əməliyyat çəkilişləri ilə sənədləşdirilmişdir" - deyə açıqlamada bildirilir.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın yolu ilə qanunsuz daşımaları etiraf edib. Maraqlıdır ki, buna dair açıqlamanı BQXK-nın Ermənistan yox, Bakı nümayəndəliyi verib. Nümayəndəlikdən bildirilib ki, təşkilat bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir.

Qeyd olunub ki, BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməyib: “Bütün humanitar yüklər Azərbaycanın gömrük orqanları tərəfindən yoxlanılır. Lakin təəssüf ki, icarəyə götürülən və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulan dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıb və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib”.

Bütün hallarda BQXK bu məsələdə məsuliyyət daşıyır. Sürücü xidməti müqavilə ilə işləsə də, qurumun emblemi olan maşını sürür və bu təşkilatı təmsil edir.

BQXK-nın bu cür davranışı beynəlxalq və diplomatik normaların pozulmasıdır.

Eyni zamanda ekspertlər bildirir ki, Ermənistandan Xankəndiyə ancaq Ağdamdan keçib getməli, oradakı ofis də məhz Bakıya tabe olmalıdır. Digər halda isə BQXK-nın fəaliyyəti Azərbaycanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilir.

Baş verən hadisə ciddi skandaldır. Bu, BQXK-nın ölkədən getməsi tələbini də aktuallaşdırırmı? Bu faktları qarşılığında hansı addımları atmalıyıq? BQXK ilə münasibətlərə yenidən baxıla bilərmi?

Çingiz Qənizadənin oğluna yeni VƏZİFƏ VERİLDİ

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkədən çıxarılmasına ehtiyac yoxdur. Çünki bu beynəlxalq humanitar təşkilatdır: “Azərbaycan daim Cenevrə Konvensiyasını əlində əsas tutur və tələb edir ki, BQXK məsələlərə aydınlıq gətirsin. Ona görə də Azərbaycanda BQXK-nın nümayəndələyinin qapadılmasına lüzum yoxdur. Azərbaycan, sadəcə olaraq, bu tələbində israr etməlidir ki, Xankəndinə BQXK-nın Ermənistan nümayəndəliyindən deyil, Azərbaycan nümayəndəliyindən gediş-gəliş həyata keçirilməlidir. Azərbaycanın bu tələbi tamamilə qanuni, beynəlxalq və yerli qanunlara əsaslanmış tələbdir. BQXK-nın mərkəzi ofisi qarşısında bu məsələ rəsmi şəkildə israrlı qoyulmalıdır. Həmçinin tələb qoyulmalıdır ki, qanunsuzluğa yol vermiş sürücülər və digər BQXK əməkdaşları ciddi şəkildə cəzalandırılmalı və BQXK-nın baş ofisi bu barədə Azərbaycana rəsmi məlumat verməlidir. Nə qədər ki, bu qanuni tələblərimiz yerinə yetirilməyib Laçın sərhəd nəzarət buraxılış məntəqəsi Ermənistandan gələn BQXK avtomobillərinin və təmsilçilərinin üzünə qapadılmalıdır. Azərbaycan nümayəndələyindən Xankəndinə gedib-gələcək avtomobillərin sürücülərinin azərbaycanlı olmasının problem yarada biləcəyini də bəhanə etməyə ehtiyac yoxdur. Sürücülər BQXK-nın başqa millətlərdən olan işçiləri də ola bilər. Sürücülərin erməni olmasına isə yol vermək olmaz. Çünki təcrübə göstərdi ki, erməni sürücülər qanunsuz daşımaçılıq həyata keçirirlər”. 

Hikmət Babaoğlu: Kimisə siyasi keçmişinə görə hədəfə almaq düz deyil

Hikmət Babaoğlu 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu isə bildirib Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti humanitar və təcili humanitar yardım fəaliyyətidir. Əksər hallarda isə bu fəaliyyət tamamilə tibbi təcili yardımla məhdudlaşdırılan fəaliyyətdir. Bundan kənar bütün fəaliyyət növləri qeyri-qanunidir və elə BQXK-nın öz prinsiplərinə də ziddir: “Belə olan halda Azərbaycan sərhədçiləri tərəfindən BQXK-ya məxsus nəqliyyat vasitəsində siqaret, telefon, dinləmə və müşahidə cihazları kimi vasitələr aşkar edilməsi bu beynəlxalq təşkilatın qaçaqmalçılıqla məşğul olmasının göstəricisidir. Bu, Azərbaycan qanunvericiliyinin pozulması və ölkəmizin etimadından sui-istifadə olmaqla yanaşı, BQKX-nın etibarlı tərəfdaş kimi beynəlxalq imicinə ciddi zərbə vurur. Azərbaycan belə qaçaqmalçılıq halları barədə dəfələrlə rəsmi kanallar vasitəsilə BQKX-ya xəbərdarlıq edib, bu halların dayandırılmasını tələb edib. Lakin təəssüf ki, BQXK tərəfindən ciddi tədbirlər görülməyib. Bu, qəbuledilməzdir. BQXK Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən yeganə beynəlxalq təşkilatdır və təəssüf ki, öz mandatından sui-istifadə edir. BQKX-nın Azərbaycan qanunvericiliyinə qarşı hörmətsizliyi qaçaqmalçılıq faktları ilə məhdudlaşmır. BQKX xəstələrin Xankəndidən Ermənistana tibbi təxliyəsi məsələsində də Azərbaycan tərəfinin insanlıq naminə xoş niyyətindən sui-istifadə edir. Məlumatlara görə, təxliyə edilənlərin heç də hamısı xəstələr deyil. Bəzi hallarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan ermənilər sağlam olsalar belə, müxtəlif yollarla BQKX əməkdaşlarına yol taparaq, Xankəndidən Ermənistana getməyə çalışırlar. Bundan əlavə, BQXK tibbi təxliyə prosesini İsveçrə nömrəli nəqliyyat vasitələri ilə həyata keçirir. Bunun özü də qəbuledilməzdir. Əgər BQXK-ya aid olan nəqliyyat vasitələrində qaçaqmalçılıq faktları aşkar olunursa, onda ermənilərin müxtəlif yollarla BQXK-ya yol taparaq xəstə adı ilə Ermənistana gedib gəlməsi barədə deyilənlər də doğrudur. Bütün bunlarla BQKX-nın öz imicinə ciddi zərbə vurur və Azərbaycanın bu təşkilata olan inamını sarsıdır”.

H.Babaoğlu hesab edir ki, bütün bunlara görə BQXK-nın bu vaxta qədərki fəaliyyəti araşdırılmalı, törətdiyi qanun pozuntularına qarşı məsuliyyət müəyyənləşdirilməlidir. Bundan sonra isə bu təşkilatın qeyri-qanuni fəaliyyəti hüquqi müstəvidə qiymətləndirilməli, beynəlxalq ictimai rəyə lazımi informasiyalar göndərilməlidir: “Azərbaycan sülh danışıqlarını nəzərə alaraq, sülhə keçid dövrü kimi xarakterizə etdiyi bu mərhələdə BQXK-nın İrəvandan Qarabağa gəlməsinə və humanitar missiya həyata keçirməsinə bir növ güzəştlə yanaşdı, xalqımıza xas olan humanitar dəyərlər mövqeyindən çıxış etdi. Ancaq BQXK bunu layiqincə qiymətləndirə bilməyərək bu humanitar yanaşmanı istismar etdi. Aydın oldu ki, nəyə görə bu vaxta qədər BQXK Qarabağa humanitar xidmətləri Bakıdakı ofisi vasitəsilə yox , İrəvandakı ofisi vasitəsilə edirmiş. BQKX-nın Xankəndi ofisi Bakı ofisinə tabe etdirilməli, əks halda isə bağlanmalıdır. Vətən müharibəsindən sonra Azərbaycan tərəfi dəfələrlə BQXK qarşısında Xankəndi ofisinin Bakı ofisinə tabe etdirilməsi məsələsini qaldırmasına baxmayaraq, BQXK Azərbaycanın haqlı tələbini yerinə yetirməkdən qaçır. Hazırda baş verən hadisələr BQKX-nın Xankəndi ofisinin Bakı ofisinə tabe etdirilməsi məsələsini yenidən gündəmə gətirir, bunun baş verməyəcəyi təqdirdə, Xankəndi ofisinin bağlanmasını labüd edir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR