İnsanlara hürriyət, millətlərə istiqlal!

BP 4 gənc ədəbiyyatçının kitabının təqdimatını keçirdi – Fotolar

Oktyabrın 20-də BP şirkəti müasir Azərbaycan ədəbiyyatının 4 istedadlı gənc nümayəndəsinin əsərlərinin təqdimatını keçirib.

Musavat.com xəbər verir ki, təqdimatda müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri, tədqiqatçılar, alimlər, ədəbiyyatsevərlər iştirak edib.

Qeyd edək ki, layihə ikisi şair, ikisi isə yazıçı olmaqla dörd müəllifin hər birinin bir kitabının nəfis tərtibatda nəşrindən ibarətdir.

Bununla da BP şirkəti dünya ədəbiyyatı xəzinəsini ən qiymətli incilərlə zənginləşdirmiş Azərbaycan ədəbiyyatının gələcəyinə töhfə verib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tədbirdə çıxış edərək bildirib ki, tarixən böyük inkişaf yolu keçmiş Azərbaycan ədəbiyyatı bu gün də ənənələrinə sadiq qalaraq inkişaf edir, yeni-yeni ədəbi qüvvələr, istedadlı gənclər söz sənətimizə dəyərli töhfələr verirlər:

"Çağdaş Azərbaycan ədəbiyyatında sevilən, seçilən gənc ədiblər yeni əsərləri ilə oxucuları sevindirirlər. Müsbət haldır ki, BP şirkəti tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza aid çoxsaylı dəyərli layihələrə dəstək verib və bu işləri cəmiyyət böyük rəğbətlə qarşılayıb. BP-nin müasir ədəbiyyatımızda dəsti-xətti ilə seçilən gənc şairlər Şəhriyar del Gerani və Fərid Hüseynin, gənc yazıçılar Ömər Xəyyam və mərhum İkinci Mahmudun kitablarına nəşrinə yardım göstərməsi olduqca əhəmiyyətli addımdır".

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə qeyd edib ki, şirkət böyük məmnuniyyətlə Azərbaycanın ədəbi irsinin təbliğinə dəstəyini davam etdirir:

"Bundan öncə biz Nizami Gəncəvi və İmadəddin Nəsimi kimi dünya poeziyası nəhənglərinin ədəbi irslərinin tədqiqini və təbliği səylərini dəstəkləyən iri layihələr həyata keçirmişik. Ədəbi gəncliyin yaradıcılığının təbliğinə yönəlmiş bu layihə ilə biz Azərbaycan ədəbiyyatının misilsiz dəyərlərinin gələcəyə ötürülməsi və zəngin ənənələrinin davamlı olması səylərini dəstəkləyirik. Ümid edirik ki, Azərbaycan ədəbiyyatının böyük gələcəyinə BP-nin dərin inamının ifadəsi olan bu layihə Azərbaycanın yaradıcı gəncliyini ədəbiyyatımızın gözəl ənənələrini fəxrlə davam etdirməyə ruhlandıracaq".

Qeyd edək ki, layihəyə daxil edilmiş kitablar aşağıdakılardır:

- "Bəyaz ləkə" şeirlər toplusu. Müəllif - Fərid Hüseyn;

- "Özümdən məşhur şeirlər". Müəllif - Şəhriyar del Gerani;

- "Bizim atalarımız, bizim analarımız" hekayələr toplusu. Müəllif - Ömər Xəyyam;

- "Yersiz ölüm" hekayələr və roman. Müəllif - II Mahmud.

Xatırladaq ki, layihəyə daxil edilmiş dörd kitabın ümumi həcmi təxminən 800 səhifədir. Layihənin ümumi dəyəri kitabların nəşri ilə birlikdə 43 000 manatdan artıqdır.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR