İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Qayıdışın Xocalı və Şuşa müjdəsi - bu yurdlara dönüş nə vaxt başlayacaq?

Xocalını 9 yaşında tərk edən sakin: “Bu gün qərar verilərsə, hamıdan əvvəl gedəcəyəm”

Dekabrın 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı rayonundan olan, hər iki valideynini itirmiş məcburi köçkünlər və Şuşa rayonunun Malıbəyli kəndinin sakinləri ilə görüşüb.

Görüşdə tezliklə Xocalı və Şuşa sakinlərinin də, beynəlxalq hüququn prinsiplərinə əsasən, könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdışının başlanacağı qeyd olunub.

Sakinlərlə bu yöndə söhbət aparılıb. Diqqətə çatdırılıb ki, bu günədək 4500-dən çox məcburi köçkün doğma yurda qayıdıb. Tezliklə Böyük Qayıdış prosesi Xocalı və Şuşanı da əhatə edəcək.

Xocalı və Şuşa sakinləri sözsüz ki, yenidən tarixi yurd yerlərində yaşamağa hazır olduqlarını deyiblər.

Xocalı dedikdə, əlbəttə, göz önünə o dəhşətli soyqırımı gəlir. Bu baxımdan, həmin ərazilərə xocalılıların dönüşü olduqca həssas məsələdir. O faciəni birbaşa görmüş, yaşamış şəxslər yenidən o torpaqlara qayıtmağa hazırdırmı?

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub. Dağətəyi ərazidə yerləşən bu kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənib. Həmçinin Prezident dekabrın 22-də Xocalı rayonunun Pircamal kəndində olub. Pircamal kəndi dağətəyi ərazidə yerləşir. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal piri ilə bağlıdır. Tarixi mənbələrə görə, bu yaşayış məntəqəsini qədim Beyləqandan köçüb gəlmiş ailələr salıblar.

Deputat: “Bu qayıdış gec olmayacaq, çünki...” 

Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Pircamal kəndi separatçılardan təmizlənib.

İlham Əliyev dekabrın 22-də həmçinin Xocalı rayonunun Xanabad kəndində də olub. Dağətəyi ərazidə yerləşən Xanabad kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib. Xanabad kəndi qədim yaşayış məskənlərindən biri kimi tanınır. 1990-cı ildə kənddə kooperativ zavodun tikintisi zamanı inşaatçılar tərəfindən qədim qəbir aşkar edilib. Həmin qəbirə baxış keçirilərkən insan cəsədindən əlavə, qədim döyüş və məişət əşyaları aşkarlanıb. Müvafiq təhlillərdən sonra bu əşyaların eramızdan əvvəl XII-XI əsrlərə aid olduğu müəyyən edilib. Prezident dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində də olub. Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu yaşayış məntəqəsi kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malikdir.

30 il əvvəl Xocalıda əsir olan qadın başına gələnləri danışdı - VİDEO

9 yaşında Xocalı faciəsinə şahidlik edən Ləfxanım (Nərgiz) Mahmudova “Yeni Müsavat”a dedi ki, Xocalıya qayıtmağı səbirsizliklə qayıdacağı günü gözləyir: “Düzdür, xocalılıların o toplantısında olmamışam. Amma xocalılıların geri qayıdacağı qərarı verilərsə, hamıdan qabaq mən gedəcəyəm. O torpağa ilk qədəm qoyanda isə torpağımdan öpəcəm. Yəqin evimiz qalmayıb, çünki sonuncu dəfə oradan çıxanda atam arxaya baxıb dedi evimiz yanıb”.

L.Mahmudova o zaman yaşının az olmasına baxmayaraq o dəhşətli günləri hələ də xatırlayır: “Ermənilərin bizi hansı vəhşiliklə oradan çıxardığını heç vaxt unutmaram. Hamımız ayaqyalın, başıaçıq meşəyə üz tutduq. Oradan qardaşım, bacım məni kürəyində keçirirdilər. Meşədə ağappaq qarın üstü qan idi. Orada 9 gün ac-susuz gəzdik. Ağlayırdım ki, mənə çörək verin. Atam deyirdi ki, ağlama, Ağdama çatanda sənə çoxlu çörək alacam yeyəcəksən. Çünki uşaqlar ağlayanda səsə onlar gəlirdilər. Əsirlikdən gəldiyimiz vaxt Ağdamda vaqonlarda xəstəxanalar yaratmışdılar. Bəlkə də biz əsirlikdən gəldiyimizdən iki-üç saat keçirdi. Çingiz Mustafayev bizdən müsahibə götürdü. Ümumiyyətlə, uşaqlığımı yaşamamışam. Amma nə qədər ağır olsa, Vətənimdir. Bizim orada oğullarımızın qanı tökülüb. Bu gün də hazır vəziyyətdə ora qayıdacağım günü gözləyirəm”.

MƏMMƏDOV Elman Camal oğlu

Elman Məmmədov

Xocalıdan olan millət vəkili Elman Məmmədov da bildirir ki, işğaldan azad edilən ərazilərin dirçəlişi, bərpası və yenidən qurulması, Böyük Qayıdış proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsi, indi isə Xocalının da bərpası və azərbaycanlı əhalinin ora geri dönüş imkanının yaranması böyük ruh yüksəkliyi yaradır: “Xocalı sakinləri Xocalıda yenidənqurma işlərinin yekunlaşmasını səbirsizliklə gözləyir. Azad olunan ərazilər yenidən qurulduğu kimi, Xocavənddə, Xocalıda, Xankəndidə və Ağdərədə bu proseslər həyata keçiriləcək. Şərait yarandıqda isə dövlət başçısının rəhbərliyi ilə öz doğma yurd-yuvamıza qayıdacağıq. Düşünürəm ki, bu qayıdış gec olmayacaq. Çünki Xocalı və Xankəndidə yaşayış üçün kifayət qədər evlər var. Digər tərəfdən, Azərbaycan Ordusu və polisi də Xocalı, Xankəndi, Xocavənd və Ağdərədədir. Yəni qayıdış üçün şərait yaradılmağa başlayıb”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR