İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Qayıdışın güclənən “addım səsləri”

Torpaqların həqiqi sahiblərinin geri dönüşü sürətlənir; Rəhim Əhmədzadə: “Dünya görür ki, ermənilər yandırmaqda, Azərbaycan isə yaratmaqdadır...”

Hər kəsə bəllidir ki, ermənilərə Laçın şəhərindən, eləcə də Zabux və Sus kəndlərindən çıxmaları üçün avqustun 25-nə qədər vaxt verilib. Müddət tamam olandan və təcavüzkarlar oranı tərk etdikdən sonra həmin yerlərin həqiqi sakinləri, yəni məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə bunun anonslarını verdi.

Bütün bunlar da Qarabağa Böyük Qayıdış planının icrası yolunda atılan növbəti uğurlu addımlardan biri sayılacaq.

“Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətlərin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır”.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Zabux kənd sakini Əliyev Allahverdi Əşrəf oğlu doğma yurdlarının işğaldan azad olunmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. Qeyd edib ki, Zabuxa qayıtdıqdan sonra qurub-yaradacaq, əvvəlkindən də yaxşı yaşayacaqlar.

Dövlət Komitəsinin hazırladığı videoçarxlarda onlar bununla bağlı fikir və duyğularını bölüşür, tarixən Azərbaycana məxsus olan həmin torpaqlarda əvvəllər ermənilərin yaşamadıqlarını bildirirlər.

Laçından olan deputat Mahir Abbaszadə Böyük Qayıdış barədə "Report"a danışıb. O, laçınlıların öz ata-baba yurdlarına əbədi qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirib: “Prezident İlham Əliyevin ”Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət "Qaçqınkom"a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq" sözləri laçınlılar üçün böyük sevincdir. Biz xoşbəxtik ki, dövlət başçımız belə bir gözəl, əhəmiyyətli xəbəri verdi. Azərbaycanın bugünkü günləri ölkəmizin gələcək inkişafından xəbər verir. Əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində keçmiş məcburi köçkünlər yaxın vaxtlarda öz ata-baba yurdlarına əbədi qayıdacaqlar və orada yaşayıb-yaradacaqlar".

Rəhim Əhmədzadə

Cəbrayıl köçkünü, AĞ Partiya başqanının müavini Rəhim Əhmədzadə tezliklə məcburi köçkün həyatına son qoyacaqları günə az qaldığına inanır: “Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda da əks etdirildiyi kimi, ermənilər Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməli idilər. Xatırlayırsınızsa, Laçını da 2020-ci il dekabrın 1-dək tamamən tərk etməli idilər. Bildiyiniz kimi, bu müddətə tərk etməmiş ermənilərə 25 avqusta kimi vaxt verilib. 2021-ci ilin iyulunda tikintisinə başlanılan Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisi başa çatdığına görə artıq ermənilərin oranı tərk etməmək kimi ikinci bir şansları qalmayıb.

Ermənilərə Laçını tərk etmək çox ciddi psixoloji zərbə olub. Hətta Ermənistan mətbuatını izləyəndə görürsən ki, hər nə qədər də ermənilərin Laçını tamamən tərk edəcəyi iki il əvvəl məlum olsa da, bu müddət ərzində həmin ərazilərə investisiya qoymağa davam ediblər. Hətta müharibədən sonra orada məktəb, uşaq bağçası və s. tikiblər. Görünür, onların bundan sonrakı dirənişləri heç bir işə yaramayacaq. Artıq ermənilərin boşaltdıqları ərazilərin həqiqi sahibləri, yəni azərbaycanlılar geri dönməyə başlayıb. Bu proses daha da sürətlənməlidir. O ərazilərdə tikinti işləri sürətli şəkildə həyata keçirilməli və paralel olaraq da əhalinin o bölgələrə göndərilməsi sürətlənməlidir.

Bir məqamı da qeyd edim ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınmasının əsaslandırılması işləri ilə bağlı tenderə yekun vurduğu barədə məlumata rast gəldim. Həmin  məlumata görə, Füzulinin Dədəli və Pirəhmədli, Kəlbəcərin Zallar və Yanşaq, Xocavəndin Tuğ və Hadrut, Cəbrayılın Xudafərin, Kəlbəcərin Zar və Laçının Şəlvə kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınması nəzərdə tutulub. Bu xəbər bizim müharibədəki qələbəmizin ayaqlarını yerə daha sağlam basmasından xəbər verir. Dünya görür ki, ermənilər yandırmaqla, Azərbaycan tərəfi isə qurub tikməklə məşğuldur. Sonda bir məqamı da qeyd edim ki, hökumət eyni zamanda azərbaycanlıların o torpaqlara köç etdikdən sonra daimi yaşaması üçün paralel stimullaşdırıcı addımlar da atmalıdır. Əlbəttə ki, bu addımlarda əhalinin yaşayış səviyyəsinin yüksəlməsi üçün xüsusi imtiyazları nəzərdə tuturam".

Cavanşir ABBASLI

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR