Onlayn ictimai-siyasi qəzet
"Gün gələr, dərdimiz sona yetər, hər kəs öz yurduna dönər, şəhidlərin ruhu sevinər" deyirdik, nəhayət...
Qarabağa “Böyük Qayıdış” planı Azərbaycan hökumətinin xüsusi diqqət yetirdiyi proseslərdən biridir. Bu istiqamətdə görülən işlərin ümumi miqyası durmadan genişlənməkdədir. İşğaldan azad edilən o müqəddəs yerlərə məcburi köçkünlərdən ibarət yola salınan köç karvanlarının sayı da hər keçən gün artır.
İkinci Qarabağ müharibəsindən sonra 9306 nəfər olmaqla 2400 ailə işğaldan azad olmuş ərazilərə köçürülüb. Bunu ölkənin baş naziri Əli Əsədov dekabrın 16-da Milli Məclisdə çıxışı zamanı deyib.
O bildirib ki, son 4 ildə Qarabağın yenidənqurulmasına və bərpasına 22 milyard manata yaxın vəsait xərclənib. Növbəti il üçün proseslərin davamına 4 milyard manat ayrılması proqnozlaşdırılır.
Ötən həftə Xocalı rayonunun erməni işğalından azad edilmiş Ballıca kəndinə Böyük Qayıdış proqramı çərçivəsində ilk köç gerçəkləşdi.
Respublikamızın müxtəlif şəhər və rayonlarında, müvəqqəti məskunlaşma yerlərində yaşayan 27 ailə ümumilikdə 152 nəfər Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində öz vətənlərinə köçürülüblər. Xocalı sakinlərini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb. O, mənzillərin açarlarını ailələrə təqdim edərək, onlara doğma yurdlarında xoşbəxt və firavan həyat arzulayıb.
Qeyd edək ki, Xocalı rayonunun Ballıca kəndi şəhər mərkəzindən 10.6 km metr məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan alıb. Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Kənd 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi düşmən tapdağından azad olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bu köçlə bağlı təsirli bir paylaşım edib. O yazır: “Allah ayağınızı, nəfəsinizi bu torpaqdan əskik etməsin. Xocalı sakinləri, keçmiş məcburi köçkünlər nəhayət ki, 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayırlar. Burada həyat yenidən canlanır. Gün gələr, dərdimiz sona yetər. Hər kəs öz yurduna dönər. Şəhidlərin ruhu sevinər" deyirdik. Nəhayət, o böyük gün gəldi. Bu gün Şəhidərimizin də ruhu sevinir. Bu gün Xocalımız da sevinir. Xocalımıza - Ballıcayadır yolumuz bu gün. Xocalımıza qayıdırıq, bu gün. Möhtəşəm bir tarix yazılır, bu gün. Xocalı öz sakinlərinə qucaq açır, bu gün! Salam XOCALI! Gözün aydın XOCALI! Biz gəldik. Çox həsrətini çəkdik. Çox darıxdıq sənsiz. Həsrətə son qoyuldu, bu gün. Sən də bizsiz darıxırdın, bilirik. Yenidən torpağına ayaq basdıq. Havanı içimizə çəkdik. Biz Qayıtdıq, Xocalımız!"
Onu da qeyd edək ki, dekabrın 17-də “Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başlayıb. Bu barədə A.Telmanqızı məlumat verib. O bildirib ki, Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib: "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi bağçada yaradılmış şəraitlə tanış olublar. 34 ildən sonra fəaliyyəti bərpa edilən uşaq bağçası 80 yerlikdir. Burada 4 yataq otağı, 4 yemək və oyun otağı, 5 mətbəx, 1 tibbi otaq, 4 inzibati otaq, 1 anbar, 1 iclas zalı, 1 musiqi otağı və 7 sanitar qovşaq mövcuddur.
Bağça 4 qrupdan ibarətdir.
1 yaşdan 3 yaşadək kiçik qrup, 3 yaşdan 4 yaşadək orta qrup, 4 yaşdan 5 yaşadək böyük qrup və 3 yaşdan 6 yaşadək böyük qarışıq qrup var .
Kiçik qrup üzrə 10 uşaq, orta qrup üzrə 12, böyük qrup üzrə 16, böyük qarışıq qrup üzrə 5 uşaq olmaqla, 43 uşaq hazırda bağçada təlim-tərbiyə alır. Burada 15 nəfər işlə təmin olunub.
Xocalı şəhərində isə 32 ildən sonra ilk körpələr evi - uşaq bağçasının açılışı olub. Açılış mərasimində rəsmi qonaqlarla yanaşı, valideyinlər və bağça kollektivi də iştirak edib. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli yeni fəaliyyətə başlayan uşaq bağçasının kollektivinə uğurlar arzulayaraq, dövlətin təhsilə olan diqqət və qayğısından bəhs edib. İşğaldan azad olunmuş torpaqlarımızda yenidən yaradılan təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsindən, yeni istifadəyə verilən bağçalarda uşaqlara yaradılan şəraitdən danışıb. Bağça 40 uşaq yerlikdir və 2 qrupdan ibarətdir. 24 uşağın təlim-tərbiyəsi ilə 14 işçi məşğul olur. Müasirliyi ilə seçilən bu uşaq bağçasında 2 yataq otağı, 2 yemək və oyun otağı, 2 mətbəx, 2 inzibati otaq, 1 anbar, 1 tibb otağı və 2 sanitar qovşaq mövcuddur".
Yazını hazırladı: Cavanşir ABBASLI
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ