İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT və BQXK 4000 azərbaycanlının taleyi ilə nə zaman maraqlanacaq? - tələb

“Təəssüf ki, biz həmişə fərqli yanaşma görürük; birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də belə idi”

Azərbaycan son 30 ildə beynəlxalq təşkilatların, güc mərkəzlərinin heç də hər zaman ədalət prinsipi ilə çalışmadığını, beynəlxalq hüququn işləmədiyini, subyektiv, qərəzli, ikili yanaşmaları öz təcrübəsində əyani görüb. Hətta onun da şahidi olmuşuq ki, separatçılara dəstək verilib, bir terrorçu konkret cinayət əməlinə görə Azərbaycan tərəfindən cəzalandırılanda beynəlxalq qurumlar hay-küy qaldırıblar, qarayaxma, böhtan kampaniyalarına başlayıblar.

Azərbaycan isə bu qurumlar qarşısında haqlı tələblər qoyanda, onlar mənasız bəyanatlar verməklə, faktiki susqunluq nümayiş etdiriblər.

Bunun əyani sübutlarından biri də birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş, taleyi bugünədək məlum olmayan 4  min nəfərə yaxın azərbaycanlıya göstərilən münasibətdir.

Qeyd edək ki, “Qarabağ itkin ailələri” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib.

Müraciətdə deyilir: “Biz - Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş 3890 nəfər azərbaycanlının ailə üzvlərini birləşdirən ictimai təşkilat kimi itkin ailələri adından BMT-nin Baş katibi cənab Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti cənab Çaba Köröşiyə, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti cənab Vatslav Balekə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı cənab Volker Türkə müraciət edirik.

Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır və bu, insan kimi bizim hüququmuzdur.

Lakin biz 30 ildən çoxdur ki, bu hüquqdan məhrumuq, Ermənistan itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən imtina edir, bizi bitməyən əzaba, iztirablara məhkum edib. Analar və atalar itkin övladlarının həsrətilə, onların fotoşəkillərini sinələrinə sıxaraq bu dünyadan nisgillə ayrılırlar. Uşaqlar itkin valideynlərini yalnız onlar barədə deyilənlərdən təxəyyül edirlər. Bu, minlərlə ailədə hər gün üzləşdiyimiz faciə, dəhşət deməkdir"...

Müraciət müəlliflərinin xahişi, tələbi budur: “Ermənistana çağırış edəsiniz ki, itkin düşmüş şəxslərin taleyi barədə məlumatları açıqlasın, kütləvi məzarlıqların yerlərini Azərbaycan tərəfinə təqdim etsin.

İtkin düşmüş şəxslər problemi qlobal mahiyyətlidir, təkcə Azərbaycan üçün aktual deyildir. Bu məsələ ilə səmərəli məşğul olmaq üçün BMT sisteminin də səylərini artırması vacibdir. Buna görə də Sizləri çağırırıq ki, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına öz töhfənizi əsirgəməyəsiniz".

Nəzərə çatdıraq ki, taleyindən bu günədək məlumat olmayan şəxslərin bəziləri ilə birinci Qarabağ müharibəsi zamanı BQXK nümayəndələrinin görüşləri, təmasları da olub. BMT, BQXK 4 min azərbaycanlının taleyi ilə maraqlanacaqmı? Bununla bağlı hansı hüquqi prosesdurlar başladılmalıdır?

Erməni diversantların məhkəməsi- onları hansı ağır cəza gözləyir?

Natiq Ələsgərov 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, beynəlxalq təşkilatların qərəzli münasibətini, xüsusən də xristian təəssübkeşliyi zəminində tərəfkeşliyini açıq şəkildə dilə gətirməliyik: “Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyəti haqlı olaraq bəzi suallar doğurur. Məsələn, Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın axtarışları ilə bağlı ortaya ciddi bir iş qoyduqları görünmür. 44 günlük Vətən müharibəsində Beynəlxalq Qızıl Xaç Komitəsi 200 erməni hərbçinin mühasirədən çıxarmışdı. Başqa bir məqam da var. Komitənin Xankəndidə, yəni Azərbaycan ərazisində yerləşən ofisi Ermənistandakı mərkəzə tabedir. Bu məsələ anlaşılan deyil. BQXK humanitar missiya yerinə yetirən qurum olaraq həm azərbaycanlılara, həm də ermənilərə eyni standartlardan yanaşmalıdır. Təəssüf ki, biz həmişə fərqli yanaşma görürük. Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də belə idi. İndi də vəziyyət dəyişməyib. Bunun səbəbini BQXK-nı təsis edən dövlətlər siyahısına baxanda açıq-aydın görmək olur. Fransa həmin dövlətlərin başında gəlir. Xatırlayırsınızsa, BQXK-nın fəaliyyəti Ukraynada da ən yüksək səviyyədə kəskin şəkildə tənqid olundu. Ukrayna prezidenti Vladimir Zelenskı BQXK-nı fəaliyyətsizlikdə, həmin qurumun mərkəzi qərargahında təmsil olunan ayrı-ayrı şəxslərin əmrlərinə uyğun, amma nizamnaməyə zidd hərəkətlərdə ittiham etmişdi”.

Hüquqşünas deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi 1992-ci ildən etibarən, yəni Ermənistanın Azərbaycan torpaqlarını aktiv işğal etməyə başladığı dövrdən bu günə kimi regionda fəaliyyət göstərir: “Ermənistanın işğalı zamanı minlərlə soydaşımız itkin düşüb, onların taleyindən bu günə qədər heç bir məlumat yoxdur. Məlumdur ki, erməni işğalçıları çox sayda azərbaycanlıları əsir götürüblər. Komitə erməni itkin düşmüşlər və əsirlərlə daha intensiv, yaxından maraqlanır. Təbii ki, bu, özü də ayrı-seçkiliyin göstəricisidir. Nəzərə almaq lazımdır ki, BQXK öz mandatına uyğun olaraq neytral mövqe sərgıləməlıdir, amma zaman-zaman biz bunun əksini müşahidə edirik.  Halbuki, bu gün işğalçı Ermənistan əvəzinə eyni situasiya Azərbaycanla bağlı olsaydı, qurum bu cür canfəşanlıq etməyəcəkdi. Burada da xristian təəssübkeşliyi aşkar müşahidə olunur. Bunun başlıca səbəbi odur ki, əksər beynəlxalq təşkilatlar kimi BQXK da erməni lobbi təşkilatları ilə sıx ünsiyyətdə olaraq fəaliyyət göstərirlər. 30 il ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti, terrorlar törədildiyi zaman regionda BQXK-nın daha fəal təşəbbüslərlə çıxış etməsi zərurəti mövcud idi. Biz bunu görmədik”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR