İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-dəki dəhliz müzakirəsində Britaniyanın sual doğuran mövqeyi

Yaxşı olardı ki, “Britaniya təmsilçisi niyə belə etdi” sualına Azərbaycan dilində çox yaxşı danışan Londonun Bakıdakı baş diplomatı aydınlıq gətirsin

Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan Azərbaycana beynəlxalq təzyiqləri mümkün qədər artırmaq üçün hər şeyi etməyi zəruri hesab edir. Məlumata görə, Rubinyan jurnalistlərlə keçirdiyi brifinqdə sevincək bildirib ki, mümkün qədər Azərbaycana beynəlxalq təzyiqləri artırmağa çalışmalıyıq. “Düşünürəm ki, BMT-dəki müzakirədən məlum oldu ki, bu təzyiq həqiqətən də artıb və artır, çünki Dağlıq Qarabağ problemi yenidən dövlətlərarası problemə çevrilir və bu, Azərbaycanın qanunsuz addımlarının nəticəsidir. Gördünüz ki, bütün ölkələrin nümayəndələri Azərbaycanın iddialarının əksinə olaraq Dağlıq Qarabağ adından istifadə ediblər. 9 noyabr tarixli üçtərəfli bəyanatın əhəmiyyətini hər kəs qeyd etdi. Hamısı Laçın dəhlizi və onun statusu ilə bağlı idi. Biz təzyiqi artırmağa davam etməliyik”, - Rubinyan bildirib.

Ermənistan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Arman Eqoyan vurğulayır ki, Laçın yolu məsələsi BMT Təhlükəsizlik Şurasındakı müzakirələr nəticəsində beynəlmiləlləşib, “artıq bütün dünya bu problemdən xəbərdardır”. Eqonyan özünə təskinlik verib və deyib ki, BMT Təhlükəsizlik Şurasının iclasında Laçın dəhlizi ilə bağlı çağırışlar önəmlidir, çünki bu ölkələr bu çağırışa uyğun siyasət yürüdürlər. “Dağlıq Qarabağ məsələsinin yenidən ali qurumun müzakirəsinə çıxarılması çox vacib idi. Biz 200 saatdan artıqdır ki, mühasirədəyik və BMT Təhlükəsizlik Şurasının iclasında hamının reaksiyası kəskindir: baş verənlər qəbuledilməzdir, yol ilkin şərt olmadan açılmalıdır”, - deyə Ruben Vardanyan bildirib.

Açıqlamalardan göründüyü kimi, ermənilər BMT-dəki müzakirədən məmnundurlar. Qarabağın gündəmə gəlməsinə sevinirlər, Azərbaycana qarşı təzyiqlərin artacağını gözləyirlər. Ermənistanın şikayəti əsasında BMT Təhlükəsizlik Şurası (TŞ) Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə edib. TŞ-də ilk söz alan Fransanın BMT-dəki nümayəndəsi Azərbaycanın Laçın dəhlizini “bağlamasına” etirazını bildirib və ölkəmizi “humanitar fəlakət yaratmamağa” çağırıb. BƏƏ və Albaniya razılığın sülh yolu ilə əldə edilməsinə tərəf olublar. Çin təmsilçisi Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı missiyasını dəstəkləyib. ÇXR-in BMT-nin iclasındakı nümayəndəsi qeyd edib ki, Rusiya sülhməramlıları öz tapşırıqlarını mükəmməl şəkildə yerinə yetiriblər. ÇXR eyni zamanda mülki şəxslərin hüququna hörmət etməyə və humanitar problemlər yaratmamağa çağırıb. ABŞ Ermənistan və Qarabağ arasında nəqliyyat əlaqələrinin bağlanmasını qəbuledilməz adlandırıb və Laçın dəhlizi ilə humanitar yüklərin daşınması da daxil olmaqla, daşımaların dərhal bərpasına çağırıb. Böyük Britaniya Azərbaycandan Laçın dəhlizini dərhal “açmağı” tələb edib. Rusiya Laçın dəhlizi ilə hərəkətin mümkün qədər tez bərpa olunmasının vacibliyini bəyan edib. Göründüyü kimi, Qərb ölkələri, erməni havadarları yenə ikili standart nümayiş etdiriblər. 30 il işğal altında qalan və darmadağın olan Qarabağdakı şəhər və kəndlərimiz, 1 milyon qaçqın əhalimiz barədə illərlə susanlar indi toy toğlusu kimi, ortalığa düşüblər. Blokadadan danışanlar Naxçıvanın hələ də blokada altında qaldığını və 400 min əhalinin nə zülmlər çəkdiyini görməzdən gəlirlər. Heç nəyə və heç kimə baxmayaraq, Azərbaycan haqq bildiyi yolu getməkdə davam edəcək. Bölgədə sülhə və sabitliyə ən böyük təhdid olan Ermənistan, eləcə də Qarabağdakı separatçı ermənilər növbəti dərslərini almaqdadırlar. Bu konteksdə ən diqqətçəkən ölkə Böyük Britaniyadır ki, onun nümayəndəsi Azərbaycandan Laçın dəhlizini dərhal “açmağı” tələb edib. Ermənilərin sevinci üçün əsas varmı? BMT TŞ-nin 5 daimi üzvündən biri olan Britaniyanın Bakıya qarşı mövqeyi nə ilə izah edilə bilər? Hər halda, bu sualların cavabları ortada yoxdur. Biz Britaniyanı Azərbaycana dost və mühüm tərəfdaş hesab edirik. Böyük Britaniyanın Azərbaycanla enerji sahəsində əməkdaşlığının da tarixi on illərə dayanır. Eyni zamanda Londonun Azərbaycanın Tovuz rayonuna təcavüz faktının qarşılığında Ermənistana sərt münasibəti, eyni zamanda 44 günlük müharibənin ilk günlərində BMT TŞ-nin toplantısını çağırıb, Azərbaycana qarşı sərt qərar qəbul etmək istəyən Fransa və digərlərinin qarşısını alması faktlarını da unutmamışıq. Digər nümunələr də var. Məsələn, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi işğaldan azad olunan ərazilərdə mina təhlükəsi barədə videoçarx hazırlayıb. Videoçarxda Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old, Laçın rayonundan məcburi köçkün Zeynəb Əliyeva, UNİCEF-in Azərbaycandakı nümayəndəsinin müavini Uilliam Abi Abdallahianın fikirləri əksini tapıb. Qeyd olunub ki, yüz minlərlə insan 30 ildir öz yurd-yuvasından didərgin düşüb. Səfir Ferqus Old söyləyib ki, öz evlərinə qayıdan köçkünlər mina və partlayıcı maddələrin təhlükəsini başa düşməlidirlər. Göründüyü kimi, bizlər ən kiçik yaxşılıqları belə unutmuruq. Britaniyanın mövqeyindəki dəyişikliklərin səbəbləri isə çox maraqlıdır. Bu da bəllidir ki, Laçın yolunu Azərbaycan bağlamayıb, buradakı Rusiya hərbçilərinin və Xankəndidəki separatçı rejimin qurduğu oyundur. Azərbaycan isə öz ərazisində sərbəst monitorinqə imkan yaradılmasını tələb edir, bu tələbin reallaşmasının qarşısını alan isə məhz erməni və rus tərəfdir. Digər tərəfdən, Ağdərədəki qiymətli filizlərin işlənməsi ilə bağlı Britaniya ilə əməkdaşlıq razılaşması da var. Yəni faktiki olaraq bu gün Britaniya şirkətinin yolunu kəsən Rusiya hərbi kontingenti və erməni separatçılarıdır. Belə olan təqdirdə Britaniya niyə Fransanın yanında yer alıb?

Sahib Alıyev (siyasətçi) — Vikipediya

 Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, BMT-də bir sıra dövlətlərin təmsilçilərinin Laçın yolu haqdakı reallığı əks etdirməyən yanaşmaları nə Qarabağdakı haylara, nə də Ermənistana dəstək xarakteri daşıyırdı: “Onlar bununla öz əhəmiyyətlərini qabartmağa çalışırdılar, vəssalam. Həmin dövlətləri doğrudan da regiondakı real vəziyyət maraqlandırmırdı, onda Rusiya təmsilçisinin çıxışına diqqət yetirirdilər. Sual olunur, əgər Azərbaycan Laçın yolunu başlayıbsa, onda nədən hərbi kontingenti həmin yolda təhlükəsiz gediş-gəlişi təmin edən ölkə bunu təsdiqləmir? Deməli, yol bağlı deyil və bağlıdırsa belə, bunda Azərbaycanın əli yoxdur. Bunu bilməmək eyib deyil, amma bilmədikləri halda, hər şeydən xəbərdarmış kimi fikir bildirmək heç bir dövlətə başucalığı gətirmir”.

Beşikdən məzara qədər... - Elçin Mirzəbəyli yazır

 Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirdi ki, BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılan, lakin hər hansı bir qərarla, qətnamə ilə yekunlaşmayan məsələlər hüquqi təsir qüvvəsinə malik olmadığı üçün BMT TŞ-yə daim üzv olan ölkələrin fərqli mövqe nümayiş etdirmələri, yaxud gözlənildiyindən fərqli münasibət sərgiləmələri mümkündür və bu, nəticəyə təsir göstərmədiyi üçün fundamental əhəmiyyət kəsb etmir: “Bəzən BMT TŞ-nin daimi üzvləri konkret bir qərarın, yaxud daha sərt reaksiyanın göstərilməsində maraqlı olan digər daimi üzvlərin əlindən təşəbbüsü almaq, bəzən isə situasiyadan öz maraqları üçün faydalanmaq üçün gözlənilməz mövqe nümayiş etdirə bilərlər. Digər tərəfdən, hazırda Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası ilə bağlı məsələ əsasən humanitar aspektdən dəyərləndirildiyi üçün, məsələn, ərazi bütövlüyü, suveren hüquqlar kimi fundamental məsələlərə toxunmadığına görə bəzi dövlətlərin manevr xarakterli addımlar atması da gözləniləndir. Düşünürəm ki, belə hallarda səbəblərin təftiş edilməsi və ona uyğun da davranılması daha vacib şərtdir və şübhə etmirəm ki, rəsmi Bakı da bu qəbildən olan davranışlarla bağlı bütün məqamları nəzərdən keçirib”. E.Mirzəbəyli qeyd etdi ki, Böyük Britaniyanın Azərbaycanla münasibətləri hansısa subyektiv siyasi baxışın təsiri altında, yaxud yeni hökumətin baxışlarına uyğun olaraq dəyişə biləcək münasibətlər deyil: “London "dumanlı" olsa da, bir qayda olaraq, bu, özünü britaniyalıların düşüncəsində deyil, ölkənin xarici siyasətində büruzə verir. Bu baxımdan, Britaniya təmsilçisinin BMT TŞ-dəki çıxışını da dinləyib, sevinənlər üçün dumanlandırıcı funksiya daşıdığı qənaətindəyəm. Təhlükəsizlik Şurasında səslənən mülahizələr, çox güman ki, Ermənistanda hökuməti fəaliyyətsizlikdə ittiham edənlərin bir qisminin beynini dumanlandıracaq, bir qismini sevindirəcək. Rəsmi İrəvana da istifadə etmək üçün müəyyən tezislər verəcək. “Qonaqlıq” adlı məşhur uşaq mahnısında deyildiyi kimi, “Çox sevinə-sevinə, hərə getdi evinə...”"

Bakupost.az - "Azərbaycan düyməyə basıb, geriyə yol yoxdur" - Elxan  Şahinoğlu

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, BMT Təhlükəsizlik Şurasında Qarabağı Ermənistana birləşdirən yolla bağlı müzakirələr bizdə ikrah hissi doğurur: “Yenə də haqlı olduğumuz halda, bəzi Qərb ölkələri bizi haqsız duruma sürükləmək istəyirlər. Fransanın, ABŞ-ın mövqeyi bəllidir. Bəli, Böyük Britaniya Azərbaycanın strateji tərəfdaşıdır. Çox təəssüf ki, Böyük Britaniyanın da BMT-dəki nümayəndəsi Azərbaycanla bağlı haqlı çağırışlara qoşulub. Demək, Londonla təmas saxlayıb, bu məsələlərə aydınlıq gətirməliyik. Böyük Britaniyanın Azərbaycanda böyük iqtisadi maraqları var”. E.Şahinoğlu xatırlatdı ki, sentyabr ayında Fransa təmas xəttindəki toqquşma ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına çıxartmaq istəyirdi: “O zaman Böyük Britaniya müəyyən qədər bu təşəbbüsə mane oldu. Amma bu dəfə çıxışlarda balansa pozulub, əlbəttə, məsələ Azərbaycanda ciddi sual doğurmalıdır. Əslində bizim diplomatiyamız da çox fəal deyil, bunu da vurğulamaq lazımdır. Biz haqlı olduğumuz halda, haqsız duruma sürükləniriksə, diaspor fəaliyyətində qüsurlarımız var, deyə düşünürəm. Bu istiqamətdə fəallığımızı artırmalıyıq”. Ekspert qeyd etdi ki, paralel olaraq Londonla da təmas qurub, məsələyə aydınlıq gətirilməsini istəməliyik: “Digər çıxışçılar isə Azərbaycanı çox da günahlandırmadılar. Ümumi fikirlər səsləndirdilər, sülh, sabitliklə bağlı. Elə Azərbaycanın özü də elə bunu istəyir. Bu baxımdan dövlətlərlə təmasları artırmalıyıq. Bizim xarici ölkələrdəki səfirlər otaqlarından nəhayət ki, çıxmalıdırlar, brifinqlər keçirməlidilər, müsahibələr verməlidilər. Mən bu yaxınlarda hansısa Azərbaycan səfirinin, diplomatının hansısa bir ölkə mediasında tutarlı bir müsahibəsini oxumamışam. Halbuki belə olmamalıdır. Ordumuz qələbə qazanıb, üzərinə düşəni edib, dipllomatiyamız da üzərinə düşəni etməlidir”.

Çox yaxşı olardı ki, “Britaniya təmsilçisi niyə belə etdi” - sualına Azərbaycan dilində çox yaxşı danışan Londonun Bakıdakı baş diplomatı aydınlıq gətirsin...

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR