İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT 30 il yerində saydı, 40 müstəntiq isə Ukraynaya göndərildi - Növbə Ermənistanda...

"Bu gün Ermənistanın Gəncəyə 4-cü raket hücumunun ikinci ildönümüdür. Bu, müharibə cinayətləridir. Hərbi zərurət olmadan böyük dağıntıların törədilməsi, mülki əhalinin olduğu ərazilərə hücum və eyni zamanda hərbsizləşdirilmiş ərazilərə hücumların edilməsi, insan tələfatı müharibə cinayətləridir. Ermənistan tərəfindən müharibə cinayətləri törədilsə də, çox təəssüf ki, 2 il vaxtın keçməsinə baxmayaraq, biz bununla bağlı beynəlxalq təşkilatların, dövlətlərin yanaşmasını görməmişik".

Bu sözləri Musavat.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

f67a679efa9895bb397b41007423ff14.jpg (199 KB)

O bildirib ki, təkcə Gəncəyə deyil, Tərtər, Goranboy, Bərdə və s. rayonlarımıza edilən hücumların hamısı müharibə cinayətlərinin tərkib hissəsidir:

"Müharibə cinayəti isə sülh və bəşəriyyət əleyhinə törədilən cinayətdir və silahlı münaqişələr zamanı humanitar hüququn normalarının pozulması, müharibələrin aparılmasının adət və qanunlarının pozulması ilə ehtiva olunur. Yəni Ermənistan bu addımı ilə bütün humanitar hüquq normalarının tələblərini pozmuş olur. Bu, Cenevrə Konvensiyasıdır, bu, Haaqa Konvensiyasıdır və bu konvensiyalara görə, belə addımların atılması müharibə cinayətləridir və qarşısı alınmalıdır. Amma raket atışları silsilə formada davam etdi.

bdd80934-0c39-3d45-86d0-0826a77e767e_850.jpg (132 KB)

Oktyabrın sonlarında isə Bərdə şəhəri raket atəşlərinə məruz qaldı.

63255aba-529c-36e6-aaea-8c8cc64e1acf_850.jpg (136 KB)

Sual yaranır - bu ikili yanaşma niyə məhz Azərbaycana qarşı işlədilir? Amma biz bu gün Rusiya-Ukrayna müharibəsinə nəzər salsaq, İrpen və Buçada insanların kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı artıq Beynəlxalq Cinayətlər Məhkəməsi 40-a yaxın müstəntiqi Ukraynaya göndərdi və hesabatlar hazırlanır. Bu gün də artıq BMT-də Rusiyaya qarşı hər hansı qanunun tətbiqi ilə bağlı müzakirələr başlayıb. Ola bilər ki, Rusiya BMT Təhlükəsizlik Şurasından çıxarılsın, digər qurumlardan da çıxarıla bilər. Amma çox təəssüf ki, bunlar Ermənistana tətbiq olunmur. İlk növbədə, azərbaycanlılara və türklərə qarşı olduğuna görə Avropa - xristian dünyası buna susqun yanaşır. Amma bu, qəbuledilməzdir. Çünki sadaladığım konvensiyaları qəbul edən dövlətlər millətlərin irqi, dini və digər mənsubiyyətlərini əsas götürməyiblər. Çox təəssüf ki, qanunların tətbiqində xristian dünyası, Qərb həmişə belə məsələlərə loyal münasibət bəsləyib. Bu da ikili yanaşmadır. Bu cür yanaşmalar dünyanı təhlükəli məqamlarla üz-üzə qoyur. Bu gün beynəlxalq təşkilatlar demək olar ki, söz sahibi deyillər. BMT 4 qətnaməsini 30 il icra edə bilmirsə, bu nə təşkilatdır? Əgər qəbul olunmuş konvensiyalar icra olunmursa, onlara nəzarət yoxdursa və bu qanunları pozanlara qarşı hansısa cəzaların tətbiqində ayrıseçkiliyə yol verilirsə, deməli, onlar işləmir. Ümumilikdə, beynəlxalq hüquq güclü dövlətlərin əlində digər ölkələrə qarşı  istifadə etmək üçün siyasi alətə çevrilir. Bu da yolverilməzdir. Ona görə də dünya təlatümlü günlərini yaşayır.

Azərbaycana gəlincə, Prezident İlham Əliyevin apardığı siyasət və beynəlxalq hüquqa söykənən diplomatiyamız, addımlarımız susmuş vicdanları yavaş-yavaş oyadır. Ümid edirəm ki, zaman gələcək məhz bu müharibə cinayətlərini törədənlərə qarşı da bizim iddialarımız beynəlxalq tribunalarda müzakirə predmeti olacaq, həm də ölkəmizə dəymiş maddi və mənəvi zərərlərin ödənilməsi ilə bağlı ədalətli qərarların qəbul olunmasına nail ola biləcəyik".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR