İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkenin adamı Bakıya "Laçın yolu" üçün GƏLİB: Amerikalı emissarın kritik Azərbaycan səfəri

ABŞ Ermənistana görə balanslı vasitəçi imicini qorumaq  çətinliyi ilə üzləşib; təhlilçilərdən maraqlı gözləntilər

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Azərbaycan və Ermənistana səfəri başlayıb. Öncə o, İrəvanda olub.

“L.Bono ABŞ-nin sülh prosesinə yardımını və regionda dayanıqlı sülhə nail olmağın ən yaxşı yolunu müzakirə edəcək", - Ermənistan mediasının yaydığı məlumatda qeyd olunur.

“Ən yaxşı yol” deyərkən, görəsən, nələr nəzərdə tutulur?

Yada salaq ki, L.Bono sonuncu dəfə regionda may ayında olub. O, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair görüşlər keçirib.

Bəs budəfəki səfərdə sərhəddəki “humanitar şou” mövzusu da diqqətdə ola bilərmi? Bono regiona Blinkenin konkret hansı tapşırığı ilə gəlib?

Yol tikintiləri uzun müddət xalqın rifahına xidmət edir - Azər Badamov

Azər Badamov 

Deputat Azər Badamov sülh müqaviləsinin yaxın aylarda imzalana biləcəyi ehtimallarından danışdı: “Lui Bono Vaşinqtonun sülh prosesinə dəstəyini, davamlı sülhə nail olmağın yollarını müzakirə etmək üçün gəlib. Həm də  görüşlərdə Qarabağ əhalisi üçün humanitar şərait, hüquq və təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi qeyd olunur. Qarabağın erməni əsilli əhalisini Azərbaycan öz vətəndaşları hesab etdiyindən onların bütün humanitar və təhlükəsizlik məsələri də qanunlarımıza uyğun təmin ediləcək. Bono bu məsələnin Ermənistan rəhbərliyinə bir daha başa salınacağını və avtomobil karvanı şoularının göstərilməsinin mənasız olduğunu bildirəcəyini hesab edirəm. Regionda sülhə nail olmağın ən yaxşı yolu etimad mühitinin yaradılması və inteqrasiya proseslərinin sürətləndirilməsindən keçir. Azərbaycan bu məsələlərin təşəbbüskarıdır və Ermənistan Azərbaycanın daxili işlərinə qarışmağını dayandırarsa, sülh müqaviləsi imzalamaq mümkündür.

ABŞ nümayəndəsini Cənubi Qafqaz regionuna göndərməklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bir daha nümayiş etdirir. Əslində sülh sənədinin imzalanması üçün gündəlikdə razılaşdırılmamış çoxlu məsələ qalmayıb. Burda əsas olan Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını sənəd üzərində imza ilə təsdiq etməsi ilə bağlıdır. Paşinyan sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ifadə etsə də, təəssüf ki, yenə də Qarabağdakı ermənilərin humanitar problemləri adı altında suveren ərazilərimizə müdaxilə etməyə çalışır. Ermənistan birmənalı başa düşməlidir ki, onların təxribata bütün cəhdləri mənasızdır. Azərbaycanın Ermənistanın ərazilərinə heç bir iddiası yoxdur. Həm də Azərbaycan Ermənistandan ərazilərimizə iddialardan əl çəkməsini tələb edir. ABŞ nümayəndəsinin regiona səfəri Paşinyana sülh gündəliyini bir daha başa salmaq məqsədi daşıdığını hesab edirəm. Sülh müqaviləsinin imzalanmasının isə yaxın aylarda reallaşdırmaq ehtimalı böyükdür".

Cənubi Qafqazda sülhün təminatı bu prosesdən keçir - Niyaməddin Orduxanlı -  VİDEO

Niyaməddin Orduxanlı 

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Amerikanın Ermənistana görə narahatçılıq hissi keçirdiyini qeyd etdi: “Prezident İlham Əliyevin ”Euronews" televiziyasına verdiyi müsahibə bir daha açıq göstərdi ki, Laçın dəhlizi məsələsində çox qətiyyətlidir. Blinkenin zəngindən sonra Departamentin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana və Ermənistana səfərə gələcək (Artıq Ermənistandadır -red.). ABŞ açıq şəkildə Ermənistana görə narahatdır. Ermənilər Laçın dəhlizində şou yaradıblar. Məqsədli şəkildə məntəqənin bir necə yüz metrliyində maşınları saxlayıblar. Niyə Ermənistan Azərbaycanın təklif etdiyi Ağdam yolunu qəbul etmir? Azərbaycanın məqsədi Xankəndinə maşınları buraxmamaqdırsa, niyə Ağdam-Xankəndi yolunu təklif edirik? Göründüyü kimi, Azərbaycanı hədəfə almaq üçün məqsədli şəkildə bu cür oyunlar qurublar.

Heç təsadüfi deyil ki, iki gün qabaq Fransanın 60 senatı bu səbəbə görə Azərbaycana sanksiya tətbiq etməyə çağırış edib. ABŞ nümayəndəsinin səfərinin əsas müzakirəsi “Laçın dəhlizi” olacaq. Ancaq nədənsə Azərbaycanın ərazisi olan Naxçıvan MR-in Ermənistan tərəfindən 30 ildir tam blokada da saxlanılması haqqında danışmırlar. Niyə? Naxçıvanın quru əlaqəsi yoxdur. “İkili standart” budur. Bu, xristian həmrəyliyidir. Bizi görməzlikdən gəlirlər. Ermənilərin buraxılış məntəqəmizdən yoxlanılaraq keçməsinə ABŞ, Fransa dözə bilmir. Kim gəlir, gəlsin, kim zəng edir, etsin, cənab Prezident İlham Əliyev dövlət və milli maraqlarımızdan çıxış edərək heç kimə güzəşt etmir. Çünki biz haqlıyıq. Biz öz ərazimizdə dövlət suverenliyinin bərpasını, 10 noyabr üçtərəfli sazişin Ermənistan tərəfindən icrasını, Zəngəzur dəhlizinin açılmasını istəyirik. Ermənistana təzyiqlər 2025-ci ilə qədər artırılmalı, rus sülhməramlılarının Qarabağda olma müddəti bitən kimi Azərbaycan Silahlı Qüvvələri Xankəndinə daxil olub Qarabağda dövlət suverenliyimizi bərpa etməlidir. Bu, baş verməyənə qədər heç bir Ermənistan rəhbəri bizimlə sülh sazişi imzalamayacaq. Başqa formada təzyiqlərin səmərəli olacağını düşünmürəm. Çünki xəstə erməni cəmiyyəti revanş hissləri ilə yaşayır. Bunu ABŞ yaxşı bilməlidir".

Zaxarovanın Ermənistana çağırışı göstərir ki... - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov istənilən halda ABŞ-nin regiondakı reallıqları anladığını bildirdi: “ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu yaxınlarda deyib ki, Bakı və İrəvan sülh sazişi üçün çətin kompromislərə getməlidir. Maraqlıdır, Miller ”çətin kompromislər" deyəndə nəyi nəzərdə tutub? O, bunu bilərəkdən açıqlamayıb. Amma, şübhəsiz ki, ABŞ-nin hər iki tərəfdən konkret tələbləri var. Bu tələblər isə daha çox qarşı tərəfləri razı salmaq üçün ABŞ-yə lazımdır. Belə ki, Vaşinqton başa düşür ki, qarşılıqlı kompromislər tərəflərin mövqelərinin yaxınlaşmasına kömək edəcək. ABŞ-nin Ermənistanın əsassız iddiasına uyğun olaraq Laçın yolundakı durumla bağlı Azərbaycandan nə isə tələb etməsi mümkündür. Bu, konkret olaraq Vaşinqtonun İrəvanın “blokada” iddiasına inanması kimi qiymətləndirilməməlidir. Sadəcə olaraq, başa düşmək lazımdır ki, bu, siyasətdir. ABŞ tərəflər arasında vasitəçi olmaqda iddialıdırsa, balanslı davranmalı, hər iki tərəfi qane etməyə çalışmalıdır. Bu isə o deməkdir ki, hər iki tərəfə bərabər münasibət sərgilənməlidir. Sözsüz ki, Ermənistanla bağlı ABŞ-nin tələbləri daha çoxdur. Bu, belə də olmalıdır.

Birincisi, ona görə ki, regionda sülh quruculuğu prosesinə mane olan məhz İrəvandır. İkincisi isə, bölgənin əsas siyasi aktoru Bakıdır. Vaşinqton bu reallığı anlayır və maraqlarımızla hesablaşır. Düşünürəm ki, ABŞ-nin Ermənistana təzyiqləri daha çox Qarabağdakı terrorçuların ərazidən çıxarılması və delimitasiya prosesi ilə bağlıdır. Çünki bu iki məqam birbaşa olaraq sülh quruculuğu prosesinə töhfə verəcək. Eyni zamanda Vaşinqton İrəvanı Zəngəzur dəhlizinin açılmasına da razı salmalıdır. Ən azından buna çalışmalıdır. Bütün bunları nəzərə alsaq, Bononun Bakı və İrəvana səfərində Laçın yolundakı durumun müzakirə olunacağı şübhəsizdir. Xüsusi nümayəndənin fransız əsilli olmasının həlledici amil olduğunu düşünmürəm. Çünki hazırda ABŞ-ı təmsil edir. Deməli, bu ölkənin maraqlarına uyğun davranmalıdır. Laçın yolundakı durumla bağlı kimlərinsə, o cümlədən ABŞ-nin Azərbaycandan güzəştlər istəməsi gözlənilir. Amma Ermənistan qarşısında daha sərt tələblər qoyulmalıdır. Sülh yalnız bu halda mümkündür. Məlum olduğu kimi, Ermənistan nə 1994-cü ildə əldə olunan atəşkəs razılaşmasına, nə də 2020 və 2021-ci illərdə Rusiyanın iştirakı ilə əldə olunan üçtərəfli razılaşmalara əməl edib. Deməli, perspektivdəki sülh müqaviləsi də təhdid oluna bilər. ABŞ bunu bilməmiş deyil. Davamlı sülh üçün əvvəlcə müəyyən nəticələr əldə olunmalı, o cümlədən Qarabağdakı terrorçular ərazidən çıxarılmalıdır. ABŞ bunu edərsə, həm də daimi sülhlə bağlı səmimiliyini göstərmiş olacaq".

P.S. Yazı qəzet üçün hazırlanarkən amerikalı diplomat hələ Bakıya gəlməmişdi.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR