Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Katibi Entoni Blinken xarici agentlər qanunu ilə əlaqədar ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, ABŞ artıq Gürcüstan üçün viza məhdudiyyəti siyasəti də elan edib.
“Dövlət Departamenti Gürcüstan üçün yeni viza məhdudiyyəti siyasətini tətbiq edir. Bu siyasət Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə, eləcə də onların ailə üzvlərinə şamil ediləcək”, - Blinken bildirib.
Xatırladaq ki, Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanun qəbul edib.
"Xarici təsirin şəffaflığı haqqında” bu qanunda 20 faizdən çox xaricdən maliyyələşən bütün qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin siyahıya alındığı reyestrin yaranması nəzərdə tutulur. Bu qanunın müzakirəsi və qəbulu prosesi Gürcüstanda təlatümlərlə müşayiət olundu və hələ də davam edir. Gürcüstan prezidenti Zurabaşvili səlahiyyətindən istifadə edərək, qanuna veto qoyub.
Qanun vasitəsilə xaricdən qrant alan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarət edilir. Qərb paytaxtları, o cümlədən də ABŞ bunu "insan hüquqlarının məhdudlaşdırdığı üçün" tənqid edirlər.
Yeri gəlmişkən, “xarici agent” haqqında qanun 1938-ci ildə ABŞ-də qəbul edilib. “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) adlanan qanuna əsasən, ştatlarda xarici güclərin maraqlarını - “siyasi və ya kvazi-siyasi” səviyyədə təmsil edən belə şəxslər xarici hökumətlə əlaqəli fəaliyyətləri, münasibəti və maliyyə barədə məlumatları açıqlamalıdır. Qanunun məqsədi hakimiyyətin və Amerika xalqının belə şəxslərin bəyanatlarına, hərəkətlərinə qiymət verməsini asanlaşdırmaqdır. O, ABŞ Ədliyyə Departamentinin, Milli Təhlükəsizlik Departamentinin Əks-kəşfiyyat və İxracın Mühafizəsi Bölməsi tərəfindən idarə olunur.
Özünün qəbul etdiyi qanunu Gürcüstan qəbul edən zaman isə ortaya ABŞ təhdidləri çıxır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ