Onlayn ictimai-siyasi qəzet
Dünən Türkiyədə “3+3” formatında Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN rəhbərlərinin (Gürcüstan xaric) ikinci sammiti baş tutdu. Gözlənildiyi kimi, İstanbulda reallaşan zirvə görüşündə əsas müzakirə mövzularından biri Bakı və İrəvan arasında sülh müqaviləsini tezləşdirıməklə bağlı oldu.
Bu məram Azərbaycan və Ermənistan baş diplomatları – Ceyhun Bayramov və Ararat Mirzəyan arasında ikitərəfli təmas zamanı da “qırmızı xətt” kimi keçdi. Bakı və İrəvan böyük sülh sazişini yaxınlaşdırmaq üçün səyləri artırmaq barədə razılığa gəldi. Təəssüf ki, Ermənistan yenə sözü ilə əməli uyğun gəlməyən tərəf kimi yadda qaldı...
Təkcə bu faktı qeyd etmək kifayətdir ki, nazir Ararat Mirzəyan İstanbulda boğazdan yuxarı sülh bəyanatları səsləndirdiyi gün Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Edvard Asryan ABŞ-da, Pentaqonda amerikalı həmkarı, general Çarlz Braunla görüş keçirirdi.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə ikitərəfli məsələlər müzakirə olunub. “Hər iki tərəf müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığının inkişaf etdiyini bildirib. ABŞ-ın Baş Qərargah rəisi söyləyib ki, ölkəsi Ermənistan Silahlı Qüvvələrinin transformasiyası və islahatlarına dəstəyi davam etdirəcək. Birgə tədbirlərin davamlılığı da müzakirə edilib, regional təhlükəsizliklə bağlı bir sıra məsələlərə toxunulub”, - xəbərdə bildirilir.
İndi bunu necə başa düşək, yaxud oxuyaq? Sülhdən dəm vurub altdan-altdan silahlanan, faktiki revanşa hazırlaşan İrəvanın sülh sənədi ilə bağlı səmimiliyinə necə inanaq? Mümkünmü?
Bu xüsusda Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “Berliner Zeitung” qəzetinə son müsahibəsində “Ermənistanın sülh prosesindəki mövqeyinə şübhə ilə yanaşırıq” deməkdə tam haqlıdır. Xüsusi nümayəndə Ermənistanın Almaniyadakı səfirinin “Azərbaycanla sülh sazişi lap elə indi imzalana bilər” ifadəsini haqlı olaraq, qeyri-real və aldatma xarakterli açıqlama kimi dəyərləndirib. Bildirib ki, hazırkı sülh sazişi layihəsində hələ də ciddi və tam həllini tapmamış problemlər mövcuddur.
O, Ermənistanın bu prosesdə beynəlxalq ictimaiyyəti yanıldaraq, konstruktiv addımlar atdığı görüntüsünü yaratmağa çalışdığını vurğulayıb, “Əslində isə Ermənistan prosesin irəliləməsini gecikdirir və sülh danışıqlarını dalana dirəyir. Ən böyük problem Ermənistanın hələ də öz konstitusiyasında Azərbaycan torpaqlarına qarşı ərazi iddialarını saxlamasıdır. Bu əsas problemi görməzlikdən gəlmək otaqdakı fili görməmək kimi bir şeydir”, - deyə qeyd edib.
Elçin Əmirbəyov ərazi iddiasının sülh prosesinə əsas maneə olduğuna bir daha diqqət yönəldərək bildirib ki, Ermənistanın müttəfiqləri tərəfindən aldığı hərbi və diplomatik dəstək nəticəsində İrəvanın sülhə meylliliyi daha da azalıb. Azərbaycanın yalnız indiki hökumətlə deyil, gələcəkdə də sülhün davamlı olmasını təmin edən bir saziş istədiyini söyləyib: “Ermənistanın Əsas Qanunu indiki formada qalarsa, o zaman sülh müqaviləsi qısamüddətli olacaq, çünki Azərbaycanla sülhə qarşı çıxan Ermənistanın hər hansı yeni rəhbərliyi müqavilənin konstitusiyaya uyğunsuzluğunu əsas gətirərək onu, sadəcə, denonsasiya edəcək. Yəni Azərbaycan Nikol Paşinyanla yox, Ermənistanla sülh imzalamaq istəyir”...
Əfsus ki, rəsmi İrəvan aradakı bu ciddi fərqi anlamaq istəmir. Heyrətamiz dirəniş göstərir. İmzalanacaq sülh sənədinə barmaqarası baxır. İki qonşu xalq arasında on illər ərzində faciə və müsibətlərə səbəb olmuş konfliktin yeganə, əsas səbəbini aradan qaldırmağa tələsmir. ATƏT-in üzdəniraq Minsk Qrupunu diriltmək istəyi də məhz bununla bağlıdır.
Demək, kapitulyant ölkə köhnə “xəstəliyi”ndən əl çəkməyib. Xaricdəki havadarlarına arxalanaraq, münaqişəni nə vaxtsa təzədən kprükləməyə, alovlandırmağa ümid edir. O zaman ağır bədəlinə də gərək hazır olsun. Havadarları ilə birgə...
Siyasət şöbəsi,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ