İnsanlara hürriyət, millətlərə istiqlal!

Bitməyən aliment problemi - çıxış yolu...

Novella Cəfəroğlu: “Aliment Fondu yaradılarsa, bu işin öhdəsindən gəlmiş olarıq”

Məlum olduğu kimi, ölkədə boşanma və alimentlə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edilib. Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev  Plenum qərarında əks etdirilən dəyişiklikləri açıqlayıb: “Artıq uşaqla ünsiyyət hüququ məsələsi nikahın pozulması ilə bərabər öz həllini tapa biləcək. Uşaqla ünsiyyətə dair mübahisələr yarandıqda uşaqdan ayrı yaşayan valideyn bu barədə tələblə ayrıca iddia qaldırmaq məcburiyyətində qalmayacaq, nikahın pozulmasına dair işlərə baxılarkən iddia irəli sürmək imkanı olacaq. Bu məsələnin boşanma ilə eyni anda həllini tapması, uşaqların hüquqlarının qorunmasına, valideynləri ilə vaxtında ünsiyyət qurmalarına xidmət edəcək.

Həmçinin məhkəmələr mübahisə predmeti olaraq valideynin uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, müddəti, yeri və digər üsul və qaydasının dəyişdirilməsi üçün valideynlər artıq yeni iddia qaldırmaq məcburiyyətində qalmayacaq, bu barədə ərizə təqdim edəcək və həmin ərizəyə MPM-in 231-ci maddəsinə əsasən 10 iş günü müddətində baxılacaq. Əvvəlki təcrübədən fərqli olaraq icra məmurları uşaqla ünsiyyətə dair qanuni qüvvəyə minmiş qətnamələrin icrasından azad olacaqlar və valideynlər özləri qətnaməni qarşılıqlı surətdə könüllü icra etməli olacaqlar. Belə ki, qəbul edilmiş qətnamə ilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməsi valideynin öhdəliyi kimi müəyyən ediləcək.  Həmçinin, yeni qaydalar uşaqdan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsinə imkan yaradacaq.

Bundan başqa, sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, əmək haqqının müəyyən misli həddində göstəriləcək. Bu qayda alimentin məbləğinin minimum əməkhaqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək və vətəndaşlar artıq yaşayış minimumu xərclərinin yüksəlməsi əsası ilə davamlı olaraq alimentin artırılmasına dair iddia qaldırmaq məcburiyyətindən azad olacaqlar. Belə ki, tutulmuş aliment artırılmış minimum əməkhaqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq. 

Uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə də müstəqil iddianın qaldırılması yolu ilə deyil, daha sadə və qısa prosedur olan, qətnamənin icra qaydasında ərizənin verilməsi yolu ilə öz həllini tapa biləcək.

Qeyd edək ki, 2024-cü ildən Azərbaycanda alimentin minimum məbləği qaldırılıb. Belə ki, Azərbaycanda alimentin minimum məbləği və ya miqdarı 220 manatdan 235 manata qaldırılıb. 2025-ci ilin yanvarın 1-dən etibarən bu məbləğin 246 manata çatdırılacağı deyilsə də, hələlik heç bir dəyişiklik edilməyib.

Alimentin ödənilməsi problemi isə ölkədə kifayət qədər ciddidir. Ədliyyə Nazirliyinin məlumatına görə ötən ilin təkcə ilk 6 ayı ərzində aliment tələbinə dair 11 319 məhkəmə qərarı daxil olub.

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

İcraatda olan aliment işləri üzrə 4 259 nəfər axtarışa verilib. İnzibati qaydada həbs olunan şəxslərin sayı 1 051 nəfər, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı isə 98 nəfərdir.

Alimentin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu şəxslər İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə məsuliyyətinə cəlb oluna bilərlər. Bundan da nəticə çıxarmayan borcluya sonuncu dəfə xəbərdarlıq edilir, barəsində materiallar toplanılaraq Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin açılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilir. Həmin maddə ilə borclu cərimə, ictimai işlər, islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Göründüyü kimi qanunda borclunun qətnaməni icra etməsi üçün kifayət qədər məcburiyyət tədbirləri, etmədiyi təqdirdə isə cəza növləri mövcud olmasına baxmayaraq, ölkədə aliment ödəməkdən yayınanların sayı artmaqdadır.

Bir çoxları da aylıq gəlirini az göstərib, əlavə gəlir yerlərini gizlədib, minimum maaş təqdim edir, daha az aliment kəsilməsinə nail olur.

Aliment ödənilmədikdə, uşaqlarım təhsili, sağlamlığı və yaşayış şəraiti ciddi şəkildə zərər görür. Bu da uşaqların gələcək inkişafına mənfi təsir göstərir.

Bəs bu və digər aliment problemlərinin həll üçün daha hansı tədbirlərə ehtiyac var?

Mövzu ilə bağlı hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a danışıb:

“Ölkəmizdə aliment problemi çox ciddi məsələdir. Təşkilatımız bu mövzu ilə daima məşğuldur və ən çox aldığımız müraciətlər məhz aliment problemi ilə bağlıdır.

Bir neçə il əvvəl dövlətə təklif etmişdik ki, Aliment Fondu yaradılsın. Bir çox ölkələrdə artıq bu cür fondlar mövcuddur. Məlum olduğu kimi, Aliment Fondunun əsas mahiyyəti ondan ibarətdir ki, aliment fond tərəfindən ödənilir, cavabdehlər isə vəsaiti həmin fonda köçürür. Bu, dövlətin təmin etdiyi bir mexanizm olaraq həyata keçirilir. Valideyn müəyyən səbəblərdən alimenti ödəyə bilmədikdə, dövlət həmin öhdəliyi öz üzərinə götürür. Lakin borclu tərəf dövlətə borclu qalır və həmin borclar sonradan ödənilməlidir. Dövlət, eyni zamanda, borclunu işlə təmin etməklə bu məsələyə nəzarət edə bilər.

Doğrudur, ölkəmizdə alimentin ödənilməsi ilə bağlı qaydalar sərtləşdirilib, müxtəlif cəzalar tətbiq edilir, hətta son qaydalara əsasən bu proses bir qədər də asanlaşdırılıb. Amma buna baxmayaraq, məsələ tam şəkildə həll olunmamış qalır. Hesab edirəm ki, ölkəmizdə də Aliment Fondu yaradılarsa, böyük bir problemin öhdəsindən gələ bilərik. Üstəlik, bunu həyata keçirmək üçün dövlətimizin kifayət qədər imkanı və maliyyə resursları mövcuddur".

Hazırladı: Xalidə GƏRAY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Yanvar 2025

11 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR