İnsanlara hürriyət, millətlərə istiqlal!

Birgə investisiya fondları türk dövlətlərinin iqtisadi inteqrasiya yoluna çevrilir

Gözləntilər Türk İnvestisiya Fondunun fəaliyyətinə digər türk dövlətlərinin də qoşulacağı istiqamətindədir

İyulun 10-daq İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, tədbirdə Özbəkistanla iqtisadi sahədə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın, ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək. Tədbirdə strateji investisiyaların artımı və ikitərəfli əlaqələrin gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, Özbəkistanla yanaşı, Azərbaycanın Qırğızıstan və Qazaxıstanla da birgə investisiya fondları yaradılıb. Qazaxıstanla yaradılan fondun ilkin kapitalının 300 milyon dollar təşkil edəcəyi gözlənilir.

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı isə 25 milyon ABŞ dolları təşkil edir. İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına yardım məqsədilə yaradılan Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatıracaq. Fond hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərəcək və nəticədə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə təkan verəcək. Fondun mənzil-qərargahı Bişkek şəhərində yerləşəcək.

Bu fondlardan əlavə, türk dövlətlərinin birgə fondu - Türk İnvestisiya Fondu da yaradılıb. Fondun təsisçiləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. May ayında İstanbulda Fondun təsis yığıncağı keçirilib, Fondla Türkiyə Respublikası arasında “Ev Sahibi Ölkə Müqaviləsi” imzalanıb. Həmçinin Azərbaycandan namizədliyi təqdim edilmiş Ramil Babayev Fondun Baş direktoru seçilib.

Daha sonra Prezident İlham Əliyev Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycanın təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycandan Rəhbər iqtisadiyyat naziri (Mikayıl Cabbarov), alternativ Rəhbər isə maliyyə naziri (Samir Şərifov) təyin edilib.

Türk Dövlətləri Təşkilatı investisiya Fondu yaradır » Reyting.az

Türk İnvestisiya Fondunun türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fondun Nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Bu kapital 5 ölkənin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın töhfələri (hər bir ölkə 100 milyon dollar) hesabına formalaşacaq.

Təşkilatın mənzil qərargahı İstanbulda yerləşəcək. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min ədəd səhmə bölünəcək. Nizamnamə kapitalı 350 milyon dollar vməbləğində ödənilmiş və 150 milyon dollar vməbləğində cəlb olunan səhmlərə bölünür.

Hər bir ölkə ödənilmiş səhmlərə görə 4 ödəniş həyata keçirəcək: ilkin ödəniş 5 milyon dollar, qalan ödənişlər müvafiq olaraq 18 milyon, 23 milyon və 24 milyon dollar (hər bir ölkə üçün cəmi 70 milyon dollar) təşkil edəcək. Cəlb olunan səhmlər çərçivəsində hər bir ölkənin payı 30 milyon dollar təşkil edəcək.

Sazişə əsasən Fond TDT-yə üzv ölkələrin iqtisadi potensialının inkişafına, eləcə də onlar arasında iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək. Fond prezident, İdarə Heyəti, Direktorlar Şurası və baş direktordan ibarət olacaq.

Fondun qarşıya qoyulan məqsədə nail olmaq üçün investisiya fəaliyyəti ilə aşağıdakı funksiya və səlahiyyətləri həyata keçirməsi nəzərdə tutulur:

-regiondaxili ticarətin inkişafına yardım;

-layihələrin, xüsusilə mikro, kiçik və orta sahibkarlıq layihələrinin maliyyələşdirilməsi;

-beynəlxalq və milli maliyyə və inkişaf institutları, habelə ticarət palataları və özəl təşkilatlarla birgə əməkdaşlıq və maliyyələşdirmə;

-nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsinin dəstəklənməsi;

-dövlət-özəl tərəfdaşlıq da daxil olmaqla fiziki və rəqəmsal infrastrukturun yaradılması və modernləşdirilməsinin dəstəklənməsi;

-sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və turizm də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrinin dəstəklənməsi;

-enerji səmərəliliyinə, bərpa olunan enerji mənbələrinə və ətraf mühitin mühafizəsinə sərmayə qoymaqla “yaşıl iqtisadiyyat”ın inkişafına töhfə verən layihələrin maliyyələşdirilməsi;

Türk İnvestisiya Fondu qardaş ölkələrin daha da güclənməsinə təkan verəcək

-zəruri hallarda investisiya layihələrinin hazırlanmasına köməklik və maliyyə dəstəyinin göstərilməsi və nəhayət, Fondun məqsədinə nail olmağa kömək edə biləcək digər fəaliyyətlərin həyata keçirilməsi və digər xidmətlərin göstərilməsi.

Fondun Direktorlar Şurası hər təsisçidən 1 nümayəndə olmaqla 5 nəfərdən ibarət formalaşdırılır. Şura üzvünün yaşı təyinat gününə 35-dən aşağı, 60-dan yuxarı olmamalıdır.

Fond və onun aktivləri iştirakçı dövlətlərin ərazisində bütün müsadirə tədbirlərindən, habelə icra və ya qanunvericilik hakimiyyətinin qərarı ilə sekvestrdən, moratoriumdan və ya hər hansı formada müsadirədən immunitetə malikdir.

Fond və onun aktivləri, əmlakı, gəlirləri və bununla bağlı əməliyyatlar, o cümlədən rəsmi istifadə üçün idxal olunan mallar və nəqliyyat vasitələri saxlama və bu kimi xidmətlərə görə ödənişlər istisna olmaqla, bütün birbaşa və dolayı vergilərdən, gömrük rüsumlarından, rüsum və xərclərdən azaddır. Bu cür gömrük rüsumlarından azadolmalar Üzvlərin yuxarıda qeyd olunan istisnalardan hər hansı azadlığa mane olmayan və ya nəticələnməyən beynəlxalq öhdəliklərinə uyğun olaraq veriləcək.

Üzv Dövlətlər valyutanın konvertasiyasına və Fond və ya onun hər hansı digər benefisiarları tərəfindən Üzv Dövlətlərin heç birində pulun qəbulu, saxlanması, istifadəsi və ya köçürülməsi ilə bağlı əməliyyatlara heç bir məhdudiyyət qoymur. Belə əməliyyatlar haqqında sənədlərin və məlumatların təqdim edilməsinə dair müntəzəm tələblər məhdudiyyət hesab edilmir.

Azərbaycan ötən il Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond) və Azərbaycan-Qırğız İnkişaf Fondunun qurulmasına büdcədən 212,5 milyon manat ayırıb. Bu barədə məlumat Azərbaycanın 2023-cü il dövlət büdcəsinin icrasına dair hesabatda əksini tapıb.

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov

İqtisadçı-ekspert Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan Prezidenti Türk İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutan sazişi ötən ilin mayında imzalayıb: “Fond Azərbaycan, Türkiyə və Türkmənistan istisna olmaqla, Mərkəzi Asiyanın türk dövlətlərinin birgə təsisatıdır. Burada əsas məqsəd regiondaxili ticarət əlaqələrini genişləndirmək və iqtisadi fəaliyyəti dəstəkləmək vasitəsilə iştirakçı dövlətlərin iqtisadi inkişafına töhfə verməkdir. Fond mikro, kiçik və orta sahibkarların layihələrinə üstünlük verəcək. Beynəlxalq və maliyyə institutları, o cümlədən ticarət palataları və özəl müəssisələrlə əməkdaşlıq, dövlət-özəl tərəfdaşlığı daxil olmaqla rəqəmsal infrastrukturun yaradılması, kənd təsərrüfatı, sənaye, nəqliyyat və digər sektorlar dəstəklənəcək”.

Türk İnvestisiya Fondu, həmçinin digər türk dövlətləri ilə Azərbaycanın birgə formalaşdırdığı fondlar bilavasitə ölkələr arasında iqtisadi əlaqələrin dərinləşməsi, birgə layihələrin reallaşdırılması yolu ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi məqsədi daşıyır. Belə fondlar vasitəsilə maliyyələşdirilən birgə proqramlar türk dövlətlərinin ortaq regional və beynəlxalq əhəmiyyətli layihələrinin icrası baxımından da əhəmiyyət kəsb edir. Gözləntilər Türk İnvestisiya Fondunun fəaliyyətinə digər türk dövlətlərinin də qoşulacağı istiqamətindədir. Nəzərə alsaq ki, Fond məhz Türk Dövlətləri Təşkilatının qərarı ilə yaradılıb, bu perspektivin elə də uzaq olmadığından xəbər verir.

Qeyd edək ki, 2024-cü ilin 1-ci rübündə türk dövlətlərinin ÜDM-i 518,4 milyard ABŞ dolları, ticarət dövriyyəsi 285,7 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin ilk rübündə iqtisadi artım Türkiyədə 5,7 faiz, Azərbaycanda 4 faiz, Özbəkistanda 6,2 faiz, Qırğızıstanda 8,8 faiz, Qazaxıstanda 3,7 faiz,  Macarıstanda 1,1 faiz, Şimali Kipr Türk Respublikasında 3,5 faiz və Türkmənistanda 6,3 faiz olub ki, bununla da Türk dövlətlərinin iqtisadi artımı orta hesabla 4,9 faiz qeydə alınıb(İİTKM, Türk İqtisadi İcmalı).

Azərbaycanda iqtisadi artım neft və qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı və istehsalatda qeydə alınıb. Qazaxıstan iqtisadiyyatında mədənçıxarma və tikinti sahələrində nəzərəçarpan artım və inflyasiyanın sabitliyi müşahidə edilib. Qırğızıstanda mədənçıxarma və xidmət sektorlarında birbaşa xarici investisiyaların (BXİ) axınının artması müşahidə olunur. Türkiyə iqtisadiyyatı 2024-cü ilin 1-ci rübündə daxili tələbatın yüksəlməsi və ixracın canlanması nəticəsində 5.7 faiz artıb, işsizlik səviyyəsi 9,8 faizə enib ki, bu da əmək bazarı şəraitinin yaxşılaşdığını göstərir. Türkmənistan iqtisadiyyatı infrastruktura investisiyalar və qaz ixracı ilə dəstəklənən artım sayəsində fiskal sabitliyi təmin edib ki, təbii qaz ixracından artan gəlirlər hesabına fiskal profisitə malik olub. Özbəkistanda infrastruktura və istehsala yönələn investisiyalar hesabına güclü iqtisadi artım qeydə alınıb və iqtisadiyyatın dayanıqlığını gücləndirən xarici ehtiyatların payının çoxalmasını təmin edib.  Macarıstan iqtisadiyyatı sənaye istehsalı və ixracı ilə dəstəklənən artım nümayiş etdirib, dövlət borcunun azalması, fiskal dayanıqlığın yaxşılaşması baş verib. Şimali Kipr isə turizm və tikinti fəaliyyətləri hesabına artım əldə etməklə iqtisadi fəallığını yüksəldib.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR